Prezident İlham Əliyevin yeni Fərmanı ölkəmizdə uşaq qayğı sisteminin inkişafında yeni mərhələ açır – Nazirlik

Bu gün Prezident İlham Əliyevin imzaladığı “Uşaqların valideyn
himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının
müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında”
Fərman uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının
alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsinə imkan
yaratmaqla, uşaq qayğı sisteminin inkişafında yeni mərhələ
açır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Fərmanla
himayədar ailə sahəsində dövlət siyasətinin, tənzimləmənin və
dövlət nəzarətinin həyata keçirilməsi 2022-ci il noyabrın 1-dən
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilir.

O cümlədən, Nazirlik himayədar ailə (himayədar valideyn) olmaq
istəyən ailələrin (şəxslərin) və himayədar ailəyə verilmiş
uşaqların vahid uçotunun elektron qaydada aparılmasını, valideyn
himayəsindən məhrum uşaqların onlar üçün müəssisələrdə
yerləşdirilməsini, həmin müəssisələri tərk etməsi ilə bağlı
qərarların qəbulunu həyata keçirəcək.

Həmçinin sosial dəstək mexanizmlərinin tətbiqi vasitəsilə
uşaqların müəssisələrdən ailələrinə qaytarılması və ya himayədar
ailəyə verilməsi, eləcə də onların müəssisələrə düşməsinin
qarşısının alınması ilə bağlı tədbirlər görəcək. Həmin
müəssisələrdə olan uşaqlarla bağlı fərdi inkişaf planları
hazırlayacaq.

Himayədar ailə institutu uşaqlara qayğı sisteminin dünyada geniş
yayılmış nümunələrindən biri olmaqla, dövlət müəssisələrindəki
uşaqların himayədar ailələrə verilməsi ilə ailə mühitində
yaşamalarına və bununla onların inkişafına şərait yaradılmasını
nəzərdə tutur. Həmin modelin ölkəmizdə də tətbiqinə hazırlıq işləri
aparılır. Bu sahədə Nazirlik tərəfindən qabaqcıl dünya təcrübəsi
öyrənilir, xüsusilə Türkiyənin bu sahədə təcrübəsindən istifadəyə
xüsusi önəm verilir və qardaş ölkə ilə fəal təcrübə mübadilələri
aparılıb.

Dövlət başçısının yeni Fərmanı himayədar ailə institutunun
ölkəmizdə uğurla formalaşmasına şərait yaradlır. Fərmanla bu sahədə
normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər
Nazirlər Kabineti tərəfindən yeddi ay müddətində hazırlanıb dövlət
başçısına təqdim ediləcək.

Habelə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi himayədar
ailə sahəsində dövlət siyasətini, tənzimləməni və dövlət
nəzarətini, bu sahədə idarəetməni həyata keçirməsi ilə əlaqədar
2022-ci il noyabrın 1-dək Mərkəzləşdirilmiş elektron informasiya
sisteminin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və
övladlığagötürmə” altsisteminin təkmilləşdirilməsini təmin
edəcək.

Teqlər: