Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycan Prezidenti cənab İlham Əliyevin xalqa Novruz bayramı təbrikini Şuşadan ünvanlaması, möhtərəm Prezidentin Cıdır Düzündə tonqal qalaması bizlərin hər birini növbəti dəfə qürurlandırdı, eyni zamanda duyğulandırdı.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Elşən Musayev deyib.
Deputat bildirib ki, həqiqətən bu günləri çox gözləmişdik:
“Həm də lap çox gözləmişdik. Ona görə gözləmişdik ki, Şuşa, Ağdam, Kəlbəcər və digər əzəli torpaqlarımız işğal altında ikən bütövlüyümüzü, tamlığımızı tapa bilmirdik. Həmin müddətdə ürəkdən sevinə bilmirdik.
Bayram ovqatına köklənə bilmirdik. İndi isə artıq çətin günlər geridə qalıb. Əzəli torpaqlarımız müzəffər Ali Baş Komandan və rəşadətli ordumuzun sayəsində işğaldan azad olunub. İndi sevinirik. Məhz ürəkdən sevinirik. Bayram ovqatına köklənirik. İndi bütövlüyümüzü də, tamlığımızı da tapmışıq. İndi qalibik. İndi artıq bayram təbrikləri Şuşadan, Cıdır Düzündən gəlir. Bu, həqiqətən böyük xoşbəxtlikdir və bu xoşbəxtliyi bizlərə bəxş edən hər kəs var olsun!”.
E.Musayev bildirib ki, Azərbaycanın qələbəsi möhtərəm Prezidentin yürütdüyü məqsədyönlü siyasət nəticəsində mümkün olub: “Bizi qalib edən sərkərdə, cənab İlham Əliyev müharibədən öncəki bütün çıxışlarında, söylədiyi bütün nitqlərdə deyirdi ki, biz doğma Qarabağa qayıdacayıq. Cənab Prezident hər zaman olduğu kimi yenə sözünü tutdu və vədinə əməl etdi. Bizi Şuşalı, Qarabağlı günlərə qaytardı. Ərazi bütövlüyümüzü bərpa etdi və bu gün böyük xilaskarın özü Şuşadan bayram təbriki ünvanlayır, Şuşada tonqal qalayır, Azərbaycan xalqı ilə Şuşa sevincini bölüşür.
Şükür bu günə. Tanrı hər zaman Azərbaycan xalqını sevindirsin. Çünki bu xalq sevinməyə, qalib olmağa, hər zaman yüksəklərdə qərarlaşmağa layiq bir xalqdır”.