Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi Azərbaycan iqtisadiyyatının yüksəlməsinə və ölkədə həyat keyfiyyətinin yaxşılaşmasına öz töhfəsini verir – ABŞ ekspertləri

Aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin
birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. İclasda
dövlət başçısı qeyd edib ki, birinci rübdə Azərbaycanda ümumi
daxili məhsul 6,8 faiz artıb, üç ayda xarici ticarətin müsbət
saldosu 5 milyard dolları ötüb, və il ərzində xarici borcu 600
milyon dollardan çox azaltmağa nail olunub.

Bu faktı Trend-ə şərh edən amerikalı analitik İrina Tsukerman
bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ölkədə
iqtisadiyyatın yüksəlməsinə və həyat keyfiyyətinin yaxşılaşmasına
töhfə verir.

Azərbaycanın iqtisadi artımını şərtləndirən amillərdən danışan
ekspert vurğulayıb ki, ölkənin işğal olunmuş 20 faiz ərazilərinin
azad edilməsi ilə minalardan təmizləmə və yenidənqurma işləri
iqtisadi fəallığa təkan verib.

Bundan əlavə, ekspertin fikrincə, Avropada enerji böhranı
şəraitində Azərbaycan vacib enerji təchizatçısı kimi regionda mühüm
rol oynayaraq, neft və qazın qiymətlərinin qalxması fonunda
gəlirlərinin artırır.

“Üçüncüsü, bilavasitə Avropa İttifaqı ilə müsbət əlaqələri və
qonşuları ilə əlaqə yaratmaq səylərinin nəticəsi olaraq, Azərbaycan
regional və qlobal problemlərin həllində artan rol oynayır ki, bu
da həm insan potensialını stimullaşdırır, həm də investisiyaların
cəlb edilməsinə və ölkəni beynəlxalq maliyyə institutları
qarşısında müsbət tərəfdən təqdim etməyə kömək edir.

Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanın qeyri-enerji
sektoru inkişaf edir, bu isə o deməkdir ki, Azərbaycan öz
iqtisadiyyatını uğurla şaxələndirir. Digər tədqirəlayiq məsələ isə
Prezident İlham Əliyevin 2018-ci ildən başlayaraq vergi sistemində,
təhsildə, kənd təsərrüfatında, kəndlərin inkişafı, energetika
sahələrində həyata keçirdiyi iqtisadi islahatlardır”, – analitik
bildirib.

Onun sözlərinə görə, yeni hökumətin üzvlərinin təyinatından
sonra həm enerji, həm də qeyri-enerji sektorunda ümumilikdə
iqtisadi islahatlara diqqət yetirilib.

“2019-cu ildən təhsilə daha çox vəsait ayrılıb ki, bu da əmək
bazarına daha peşəkar mütəxəssislərin daxil olmasına gətirib
çıxarır. Həmçinin səhiyyə sektorunda da inkişaf müşahidə olunur,
burada insan kapitalının genişlənməsi var. Hökumət iqtisadiyyatın
inkişafına və həyat keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verən
aparıcı sahə və sektorları uğurla inkişaf etdirir. Bu baxımdan
Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi mühüm rol oynayır”, –
deyə İrina Tsukerman bildirib.

Öz növbəsində amerikalı ekspert Piter Teys Trend-ə bildirib ki,
vətənpərvərlik, iri infrastruktur layihələrinin həyata
keçirilməsində liderlik Azərbaycanın güclü tərəfləridir, və
Prezident İlham Əliyev isə Avrasiya ölkələrinin dövlət başçıları
arasında ən dinamik (enerjili, təşəbbüskar, aktiv)
Prezidentdir.

“Füzuli Beynəlxalq Hava Limanının, Ağdam Sənaye Parkının
tikintisi və açılışı, kənd təsərrüfatının gücləndirilməsi və
regional enerji layihələrinin təşviqi Azərbaycanın 2022-ci ilin
birinci rübündə müsbət iqtisadi göstəricilərinin əsas mənbəyidir”,
– P.Teys vurğulayıb.

O, qeyd edib ki, Avropa İttifaqı və Avropa Komissiyası
Azərbaycanda həyata keçirilən bu iqtisadi səylərdən xəbərdardır və
Prezident İlham Əliyevin müstəsna müdrikliyi Brüssel və Strasburqda
vurğulanıb.

Prezident İlham Əliyevin geniş dünyagörüşü, qətiyyəti, mətanəti
və müsbət enerjisi olan dövlət xadimi olduğunu qeyd edən ekspert
bildirib ki, bütün bunlar əhəçiyyətli iqtisadi nəticələr əldə
etməyə kömək edib.

“Azərbaycan hökumətinin yeksək səviyyətə həyata keçirilən
fəaliyyəti sayəsində Azərbaycan iqtisadiyyatı heyranedici nəticələr
əldə edib və ölkədə korrupsiyaya qarşı mübarizə çox uğurla
aparılır. Azərbaycan beynəlxalq bazarlarda öz iştirakını
genişləndirməkdə davam edəcək və milli iqtisadiyyatın daha da
inkişafı, şübhəsiz ki, Azərbaycan vətəndaşlarının rifahını
yaxşılaşdıracaq”, – Piter Teys qeyd edib.

Teqlər: