Azərbaycanla Rusiya arasında imzalanan Moskva bəyannaməsi tarixi
əhəmiyyət daşıyan sənədddir. Əvvəla ona görə ki, bəyannamənin hər
bir bəndi Azərbaycanın milli maraqlarına tam uyğundur. Digər
tərərfdən, istər Rusiya, istərsə də Azərbaycan bir-birilərinin
ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına, müstəqilliyinə,
dövlət suverenliyinə hörmət ifadə edirlər. Eyni zamanda, qarşılıqlı
olaraq bir-birinin daxili işlərinə qarışmamaqla bağlı öhdəlik
götürülür. Bütün bunlar çöx önəmli məqamlardır.
Trend xəbər verir ki, bunu açıqlamasında Trend BİA-nın Baş
direktor müavini Sahil Kərimli bildirib.
O, əlavə edib ki, bəyannamədə bölgədə təhlükəsizliyin təmin
edilməsi, terrorçuluğun, xüsusilə də separatçılığın qarşısının
alınması məsələləri açıq şəkildə təsbit olunub. Azərbaycan və
Rusiya bu istiqamətdə də səylərini birləşdirəcək və bu regionda
yaranmış yeni sülh və təhlükəsizlik reallıqlarını daha da
möhkəmləndirəcək:
“Bir neçə ay əvvəl qardaş Türkiyə ilə imzalanmış tarixi Şuşa
bəyannaməsindən sonra Rusiya ilə imzalanan Moskva bəyannməsi də
Azərbaycanın təhlükəsizliyinə, müstəqiliyinə, ümumilikdə bölgədə
sabitliyə zəmanət verir. Azərbaycan Vətən Müharibəsindəki Zəfərdən
sonra Cənubi Qafqazdakı liderliyini daha da möhkəmləndirib. Ölkəmiz
Türkiyə və Rusiya ilə birgə bölgənin əsas oyunçusuna çevrilib. Şuşa
və Moskva bəyannamələri heç şübhəsiz ki, bu güclü üçlüyün daha da
möhkəmlənməsinə öz töhvəsini verəcək”.
Sahil Kərimli qeyd edib ki, Azərbaycan heç bir hərbi və ya
siyasi bloka üzv olmamaqla özünəməxsus xarici siyasət kursu
yürüdür. Eyni zamanda biz bütün region ölkələri ilə, nüfuzlu güc
mərkəzləri ilə yüksək səviyyəli münasibətlər qururuq:
“Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasəti
praqmatikdir, düşünülmüşdür və ölkəmizin milli maraqlarına uyğun
həyata keçirilir. Ölkəmizin xarici əlaqələri heç vaxt üçüncü tərəfə
yönəlməyib. Azərbaycan hazırda Avropa İttifaqı ilə sazişin
imzalanmasına hazırlaşır”.
S.Kərimli bildirib ki, hazırda dünyada və regionda gedən
ziddiyyətli siyasi proseslər, ölkələr arasında yaranan münaqişələri
nəzərə alsaq, Azərbaycanın postsovet məkanında tutduğu mövqe,
yürütdüyü uğurlu siyasət olduqca təqdirəlayiqdir:
“Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü son dərəcə
uğurlu siyasət ölkəmizin müstəqil siyasətinə, təhlükəsizliyinə,
suverenliyinə zəmanət qazandırır. Bütün bunları qətiyyətli
mövqenin, güc və bacarığın, məharətli diplomatiyanın nəticəsi kimi
qiymətləndirmək lazımdır”.