Prezident İlham Əliyevin Türkiyəyə növbəti səfəri ikitərəfli əlaqələrin möhkəmlənməsinə xidmət edəcək – ŞƏRH

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə növbəti səfəri
planlaşdırılır. Bu səfər iki qardaş ölkə arasında əlaqələrin daha
da möhkəmlənməsinə xidmət edəcək.

Məsələ ilə bağlı AzerTimes-a açıqlama verən Milli məclisin deputatı
Cavid Osmanov bildirib ki, Azərbaycan və Türkiyə
dünyada nümunə göstəriləcək iki qardaş ölkədir.

“Eyni zamanda ötən ilin 15 iyun tarixində Şuşa Bəyannaməsi
imzalamaqla qardaş Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik
rəsmiləşdirildi. Azərbaycan və Türkiyə dövlət başçıları arasında
çox sıx münasibətlər mövcuddur və bunun iki ölkə arasında
münasibətlərin də ən yüksək səviyyəyə çatmasında mühüm rolu
var.

Son zamanlar iki qardaş ölkə arasında çoxlu sayda qarşılıqlı
səfərlər həyata keçirilir. Prezident İlham Əliyevin Türkiyəyə
planlaşdırılan səfəri isə növbəti bir tarixi hadisədir”, – deyə
deputat bildirib.

Politoloq Şəbnəm Həsənova isə AzerTimes-a açıqlamasında
bildirib ki, nəzərə alsaq ki, dost və qardaş dövlət olan Türkiyənin
Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Ukrayna böhranı ilə əlaqədar
olaraq digər dövlət rəhbərləri ilə müzakirələr, danışıqlar aparır,
o zaman hal-hazırda hökm sürən siyasi proseslər fonunda Azərbaycan
Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri mühüm əhəmiyyət kəsb
edir.

“Şuşa Bəyannaməsinin ratifikasiya Azərbaycan dövləti ilə Türkiyə
dövlətinin indiki və gələcək addımlarının sinxron şəkildə atılması
istiqamətində artıq hüquqi zəminin mövcudluğundan xəbər verir. Əsas
odur ki, dövlətlər qədər xalqlar, iki ölkənin cəmiyyəti tərəfindən
də bu Bəyannaməyə tam anlam ilə dəstək mövcuddur. Yəni, biz,
həqiqətən, təbii müttəfiqik.

Son zamanlar Ermənistandan sülh müqaviləsinin imzalanması ilə
bağlı səsləndirilən fikirlər fonunda, düşünürəm ki, Azərbaycan və
Türkiyə dövlət başçıları bu məsələni də daha detallı və konkret
şəkildə ələ alacaqlar. Çünki digər tərəfdən də Türkiyə-Ermənistan
münasibətlərinin normallaşdırılması prosesi üzərində iş gedir ki,
bu məsələ də birmənalı olaraq Azərbaycanla koordinasiyalı şəkildə
həyata keçirilir. İstər Türkiyə, istərsə də Azərbaycanın siyasi
proseslərə reaksiyası necə sinxron addımlarla müşahidə və müşaiyət
olunursa, qərarlar məsləhətləşmələr aparılaraq verilirsə, eynilə
hər iki dövlət də ilkin olaraq regionda sülhün və sabitliyin
bərqərar olmasının, dünyada gedən proseslərdə isə beynəlxalq
hüququn işlək mexanizmə sahib olmasının tərəfdarıdır”, – deyə
politoloq əlavə edib.

Teqlər: