Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri müttəfiqlik münasibətlərimizin inkişafında yeni mərhələnin başlanğıcıdır – Vüqar Rəhimzadə

“Dünyaya nümunə olan Azərbaycan-Türkiyə münasibətləri bu gün
müttəfiqlik səviyyəsinə yüksələrək uğurla inkişaf edir. İki dost,
qardaş ölkə hər zaman bir-birinə dəstək olmuş, beynəlxalq
təşkilatlarda bu və ya digər məsələlərlə bağlı vahid mövqedən çıxış
edərək ədalət və beynəlxalq hüquq məfhumlarının mövcudluğunu
dünyaya çatdırmış, ikili standartlara əsaslanan siyasətin hər zaman
problemlərə yol açdığını faktlar əsasında bəyan etmişlər. Hər bir
münaqişəli məsələnin həllində ədalətin, beynəlxalq hüququn yanında
olduğunu bəyan edən rəsmi Ankara artıq tarixə qovuşan Dağlıq
Qarabağ münaqişəsinin həllinə münasibətdə də dünyaya eyni
çağırışları etdi. Ermənistanın işğalçılıq siyasətinə «Dur!» demək
zamanı olduğu özünü sivil adlandıran dünyaya dəfələrlə çatdırılsa
da «nədənsə» bu həqiqəti qulaqlar eşitmək, gözlər görmək istəmədi.
Amma Azərbaycan dövlətinin qətiyyəti, ordumuzun gücü, qüdrəti,
xalqımızın yenilməzliyi, məğrurluğu, ədalətin, haqqın tərəfində
olan dövlətlərin, beynəlxalq təşkilatların, xüsusilə dost, qardaş
Türkiyənin mənəvi və siyasi dəstəyi əsasında bu əzəli
torpaqlarımıza qovuşacağımıza tam əmin idik. Bu baxımdan dövlət
başçısı İlham Əliyev 44 günlük Vətən müharibəsini həqiqət anı kimi
dəyərləndirdi. Bildirdi ki, kimin haqqın, kimin şərin yanında
olduğu bəlli oldu. İkinci Qarabağ müharibəsinin gedişində qardaş
Türkiyənin, Pakistanın dəstəyini yüksək dəyərləndirən dövlət
başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı həmin
dövlətlərə minnətdarlığını ifadə edir, bu dəstəyin Azərbaycan
xalqına, ordusuna, ümumilikdə ölkəmizə böyük güc verdiyini
açıqlayırdı. Nəhayət, 44 günlük Vətən müharibəsi tarixi Qələbəmizlə
başa çatdı. Müharibənin başlandığı ilk andan dünyaya “Azərbaycan
tək deyil” mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan istər Vətən müharibəsinin gedişi, istərsə də postmünaqişə
dövründə qardaş ölkənin Azərbaycanın yanında olduğunu əməli
fəaliyyəti ilə nümayiş etdirdi.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə
açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, tarixi Zəfərimizin dünyaya
təqdimatında əhəmiyyətli rol oynayan Zəfər paradında Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakından sonra dünyanın
növbəti dəfə diqqəti Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşaya
yönəldi: «Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
qeyd etdiyi kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
işğaldan azad edilmiş Şuşaya ilk səfəri Azərbaycanda səbirsizliklə
gözlənilirdi. Qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar
bütün dünyaya səs saldı, böyük əks-səda yaratdı. Bu səfərin tarixi
əhəmiyyəti bundan sonra da uzun illər ərzində dillərdə əzbər
olacaq.»

YAP Xətai rayon təşkilatının sədri onu da bildirib ki, Şuşa
Bəyannaməsinin imzalanmasından ötən 9 aya yaxın müddətdə iki qardaş
ölkənin əlaqələrinin daha da güclənməsini, dostluğumuzun
sarsılmazlığını təsdiqləyən xeyli faktlar sadalamaq olar: «Dünya bu
reallığa şahidlik etdi ki, işğaldan azad edilmiş ərazilərimizə ilk
səfər edən dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
oldu. Ötən ilin oktyabrında Qarabağın hava qapısı- Füzuli
Beynəlxalq Hava Limanı iki dost, qardaş ölkə prezidentlərinin
iştirakı ilə dünyaya açıldı. Bu tarixi hadisədən sonra Zəngilanda
«ağıllı kənd» layihəsi çərçivəsində ilk pilot layihə olaraq Ağalı
kəndlərində görülən işlərlə tanışlıqdan sonra iki qardaş ölkənin
birgə investisiya layihəsi olan «Dost Aqropark»ın təməli qoyuldu.
Artıq son aylar isə Şuşa Bəyannaməsinin hər iki ölkənin
parlamentində təsdiqi ilə yadda qalır. İşğaldan azad edilmiş
ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərində Türkiyə
şirkətlərinin fəal iştirakı diqqətdən kənarda qalmır. Dövlət
başçısı İlham Əliyev tarixi Zəfərimizdən sonra bərpa və quruculuq
işlərinə start verilən zaman bütün dost ölkələrə bu prosesdə
iştirak etmək üçün çağırış etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın Şuşadan səsləndirdiyi «Bizim gücümüz Azərbaycanın gücü,
Azərbaycanın gücü də bizim gücümüzdür» mesajı hər bir hədəfə doğru
birgə addımlamaqla möhtəşəm nəticələr əldə edəcəyimizə böyük
əminlik yaradır.»

Vüqar Rəhimzadə tarixi Zəfərimizdən sonra Azərbaycan-Türkiyə
əlaqələrinin inkişafına xidmət edən mühüm addımlar sırasında
Azərbaycan-Türkiyə Media Platformasının yaradılmasını xüsusi qeyd
edib: «Şuşa Bəyannaməsində əksini tapan müddəalarda bu platformanın
imkanlarından səmərəli istifadə öz əksini tapıb. Birgə Media
Platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və
əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə
strateji media ortaqlığının yaradılmasıdır. Hazırkı dövrdə
beynəlxalq arenada bəzi dairələr tərəfindən Azərbaycana və
Türkiyəyə qarşı əsassız təbliğatın aparıldığı bir zamanda belə bir
mühüm addımın atılması olduqca əhəmiyyətli idi. Azərbaycan və
Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyəti nəticəsində belə
təbliğatların qarşısı faktlar əsasında alınır. Amma ictimai fikrin
formalaşmasında, informasiya cəbhəsində uğur qazanılmasında
medianın rolunu nəzərə alsaq, belə bir platformanın yaradılması
mütləq idi.»

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki,
Azərbaycan və Türkiyənin birgə səyləri nəticəsində həyata keçirilən
enerji layihələri regiona sabitlik, iqtisadi tərəqqi gətirir: «Bu
layihələrdən yalnız iştirakçı deyil, digər dövlətlər də
bəhrələnirlər. Əvvəlcə regional çərçivədə qurulan münasibətlər
zaman keçdikcə coğrafiyasını daha da genişləndirdi. BTC və BTƏ
neft-qaz layihələrinin ardıcılları sırasında Cənub Qaz Dəhlizinin
seqmentlərini qeyd edə bilərik. Hər bir layihənin uğurlu sonluqla
başa çatması digər layihələrin gündəmə gətirilməsini şərtləndirir.
Bu gün Azərbaycanın təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi
tanınması və nüfuz qazanması gündəmə gətirdiyi hər bir layihəni
uğurlu sonluqla başa çatdırmasından irəli gəlir. Bir sözlə,
Azərbaycan-Türkiyə birliyi daim bölgədə sülhün, təhlükəsizliyin
qarantı kimi dəyərləndirilib.»

Vüqar Rəhimzadə bildirib ki, münasibətləri müttəfiqlik
səviyyəsinə yüksələn iki qardaş ölkənin ayrı-ayrı sahələrdə birgə
əməkdaşlığı əsasında qazanılan uğurlara qısa nəzər salmağımız
səbəbsiz deyil: «Martın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın dəvəti ilə qardaş ölkədə işgüzar səfərdə olan dövlət
başçısı İlham Əliyevin həmkarı ilə keçirilən və 4 saatdan artıq
davam edən görüşündə də iki ölkə arasında bütün sahələrdə
əlaqələrin hazırkı səviyyəsi geniş müzakirə olunaraq
Azərbaycan-Türkiyə müttəfiqlik əlaqələrinin inkişafından bir daha
məmnunluq ifadə olundu. Prezident İlham Əliyevin Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət etməsi
prezidentlərin şəxsi münasibətlərinin dövlətlərimiz arasında
əlaqələrin inkişafında əhəmiyyətli roluna bir daha işıq saldı.»

YAP Xətai rayon təşkilatının sədri dövlət başçısı İlham Əliyevin
Türkiyəyə işgüzar səfərini Azərbaycan-Türkiyə müttəfiqlik
münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcı kimi
dəyərləndirib: «Görüşdə qardaşlıq və dostluq münasibətlərinin
müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulandı.
Postmünaqişə dövründə Azərbaycan ilə Ermənistan arasında əlaqələrin
normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsi
aparıldı. Həmçinin Zəngəzur dəhlizinin açılmasının, onun region
üçün yaratdığı perspektivlərin, bu xüsusda Qars-Naxçıvan dəmir yolu
xəttinin çəkilməsinin əhəmiyyəti qeyd olundu. Azərbaycan-Türkiyə
əlaqələrinin gələcək inkişafı üçün yol xəritəsi kimi
dəyərləndirilən Şuşa Bəyannaməsində də Azərbaycan və Türkiyəni
birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda
nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat
dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər yer
alıb.»

«Qarşılıqlı səfərlər və bu səfərlər çərçivəsində imzalanan
sənədlər, keçirilən görüşlər və müzakirə olunan məsələlər
əlaqələrin inkişafında stimulverici amil rolunu oynayır» söyləyən
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bir daha Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ilin dekabrında ölkəmizə
səfəri zamanı mətbuata bəyanatında imzalanan sənədlərə söykənərək
«Atılacaq daha çox imzalar var» çağırışına istinad edərək bu fikri
vurğulayıb ki, iki müttəfiq ölkənin- Azərbaycan və Türkiyənin
əlaqələrinin gələcək inkişafı üçün bütün imkanlar mövcuddur. Tarixi
köklərə malik olan bu birlik, həmrəylik əbədidir, sarsılmazdır.

Teqlər: