Prezident İlham Əliyevin təşəbbüsləri dünyanın enerji təchizatı strategiyasının özülünə çevrilməkdədir – Sevil Mikayılova

Prezident İlham Əliyevin təşəbbüsləri dünyanın enerji təchizatı strategiyasının özülünə çevrilməkdədir.

Bunu AzerTimes-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, dünyanın ən iri enerji layihələrindən olan Cənub Qaz Dəhlizi sülh və etibarlı iqtisadi əməkdaşlıq müstəvisində müasir nümunə olmaqla durmadan beynəlxalq birliyin böyük dəstəyini qazanır. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası neçə illərdir ki, davamlı olaraq Azərbaycanda keçirilir və öz iştirakçı çevrəsinə görə nüfuzlu enerji platformasına çevrilib.

“Cənub Qaz Dəhlizi layihəsinə olan maraq bu gün göz önündədir. Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının çərçivəsində nazirlərin 8-ci toplantısında Avropa İttifaqının komissarlarının, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələrinin iştirakı, həmçinin dünyanın bir sıra aparıcı şirkətlərinin və maliyyə qurumlarının qatılması layihəyə durmadan artan marağı və onun genişlənməkdə olan miqyasını göstərir”, – deyə millət vəkili qeyd edib.

S.Mikayılova bildirib ki, Cənub Qaz Dəhlizi vasitəsilə 2020-ci il dekabrın 31-dən Azərbaycan qazı Avropaya nəql olunmağa başlayıb. İmzalanmış müqavilələrə əsasən, 25 il ərzində təbii qaz Avropa bazarına tədarük olunacaq.

“Qaza tələbatın daim artdığı Avropa məkanında Cənub Qaz Dəhlizi uzun müddət Avropanın enerji təhlükəsizliyini dəstəkləyəcək. Bu gün bəzi ölkələr qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artır.
Azərbaycan ixrac prosesinə başladığı vaxtdan bu günə kimi təchizatda heç bir ləngimə baş verməyib, müqavilə şərtləri pozulmayıb, Azərbaycan öz öhdəliklərinə sadiq qalaraq üzərinə düşəni ləyaqətlə yerinə yetirib”, – deyə S.Mikayılova əlavə edib.

Deputat vurğulayıb ki, Azərbaycanın isbat edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir, proqnozlar bu ehtiyatların hətta aratacağını da göstərir.

“Bu gün dünya bazarlarında Azərbaycanın elektrik enerjisinə də ehtiyac var. Biz dörd qonşu ölkəyə – Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edirik. Bu amilləri nəzərə alaraq Azərbaycan bərpaolunan enerji mənbələrinə xüsusi diqqət ayırır. Azərbaycanın “yaşıl enerji” strategiyası hazırda planlamanın yekun mərhələsindədir. Təkcə azad olunmuş ərazilərdə külək enerjisində potensial təxminən 7200 meqavat, günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur. Bu istiqamətdə də Azərbaycan intensiv işlər aparır”, – deyə S.Mikayılova qeyd edib.

S.Mikayılova sonda əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan post-müharibə və post-pandemiya mərhələsində qarşıya qoyulmuş hədəflərə doğru inamla irəliləyir.

“Azərbaycanın enerji siyasətində bir ildən artıqdır ki, tamamilə yeni bir mərhələ başlayıb. Cənub Qaz Dəhlizi layihəsi dünyanın müasir enerji strategiyasında mühüm səhifədir, onun perspektivləri olduqca yüksək dəyərləndirilir və hesab olunur ki, yaxın gələcəkdə Avropanın enerji təchizatında layihənin rolu daha da artacaq”, – deyə millət vəkili qeyd edib.

Teqlər: