Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və Birinci xanım Mehriban Əliyeva Füzuli və Şuşa şəhərində səfərdə
olublar. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva
Heydər Əliyev Fondu tərəfindən Şirin su hamamında, tarzən, bəstəkar
və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın evində,
Mehmandarovlar malikanə kompleksində aparılacaq bərpa işləri ilə
tanış olublar.
Dövlətimizin başçısı və birinci xanım “Shusha Boutique Hotel”də
və Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə
də tanış olublar. Sonra Prezident İlham Əliyev Şuşa şəhərində
“Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında
iştirak edib. Prezident İlham Əliyev növbəti dəfə Şuşadan xalqa
müraciət edib.
Milli Məclisin deputatı Cavid Osmanov AzerTimes-ın sualına cavab olaraq
bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və
Birinci xanım Mehriban Əliyevanın may ayının 10-da Qarabağa –
Füzuli və Şuşa şəhərlərinə səfər etməsi və səfər çərçivəsində bir
sıra tədbirlərdə iştirak etməsinin böyük rəmzi mənası var.
“May ayının 10-u ümummilli liderimiz, dahi şəxsiyyət Heydər
Əliyevin anadan olmasının 99-cu ildönümü tamam olurdu.
Heydər Əliyev həyatının böyük hissəsini Azərbaycan xalqına həsr
edib, xalqımızın inkişafı, tərəqqisi, müstəqilliyimizin
möhkəmləndirilməsi istiqamətində misli görünməmiş işlər həyata
keçirib. Bu baxımdan məhz belə bir gündə Müzəffər Ali Baş Komandan,
Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın
işğaldan azad edilmiş ərazilərə səfər etməsi ulu öndər Heydər
Əliyevin başlatdığı işlərin tamamlanması istiqamətində atılan mühüm
addımdır.
Heydər Əliyev hər zaman deyirdi ki, biz işğala məruz qalmış
torpaqlarımızı azad edəcəyik və bu torpaqların əsl sahibləri
qayıdacaq. Ulu öndər torpaqlarımızın işğaldan azad olunmasını
ölkəmiz qarşısında duran ən böyük hədəf kimi müəyyənləşdirmişdi və
bütün gücünü bu istiqamətdə səfərbər etmişdi.
Əlbəttə 2003-cü ildən bu günə qədər cənab Prezident İlham Əliyev
Heydər Əliyev siyasətini inkişaf etdirərək davam etdirməklə güclü
və qüdrətli Azərbaycan qurmağı bacardı, müstəqil iqtisadiyyatımız,
güclü ordumuz formalaşdı, Vətən sevgisi ilə yaşayan gənc nəsil
yetişdi, milli həmrəyliyimiz heç zaman olmadığı qədər möhkəmləndi.
44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham
Əliyevin düzgün strategiyası nəticəsində Azərbaycan öz tarixinin ən
parlaq qələbəsini qazandı və torpaqlarımız işğaldan azad olundu.
Bununla da cənab Prezident İlham Əliyev ümummilli liderimizin
vəsiyyətini, ata vəsiyyətini yerinə yetirdi”, – deyə C.Osmanov
bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev Şuşadan Azərbaycan
xalqına müraciət etdi. “Cənab Prezident ümummilli liderimiz Heydər
Əliyevin zəngin həyat və fəaliyyətindən söhbət açdı. Cənab
Prezident bir daha qeyd etdi ki, biz bu torpaqlara, doğma
torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq”, –
deyə C.Osmanov əlavə edib.
Milli Məclisin deputatı Elşən Musayev isə
AzerTimes-ın sualını
cavablandırarkən bildirib ki, Ulu Öndər Heydər Əliyevin ən böyük
arzusu Qarabağı azad görmək olub və bu arzu artıq gerçəkdir.
“Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev
Şuşa işğaldan azad edildikdən dərhal sonra Heydər Əliyevin məzarına
baş çəkmişdi və xalqa müraciətində də söyləmişdi ki, “Mən ata
vəsiyyətini yerinə yetirdim”.
Ulu Öndərin anadan olmasının 99-cu ildönümündə də cənab
Prezident ilk öncə Ümummilli Liderin məzarını ziyarət etdi və ondan
sonra Qarabağa, Şuşaya doğru istiqamətləndi.
Bəli, burada həm də bir simvolik məqam var. Şuşa azaddır. Heydər
Əliyevin ruhu şaddır. İlham Əliyev isə Şuşadadır. Məhz Ulu Öndərin
ad günündə”, – deyə deputat bildirib.
O qeyd edib ki, ölkə rəhbərinin Şuşada söylədiyi möhtəşəm və
məzmunlu nitqin hər cümləsində, hər kəlməsində qürur, sevinc,
xoşbəxtlik vardı. “Çünki Azərbaycan xalqı Şuşanı azad görməyi çox
arzulamışdı, çox gözləmişdi. İndi isə arzumuza çatmışıq. Müzəffər
Ali Baş Komandanımızın və qəhrəman ordumuzun sayəsində. Tanrı hər
zaman Azərbaycanımıza xoş günlər, sevincli anlar bəxş etsin”, –
deyə deputat əlavə edib.