Prezident İlham Əliyevin siyasi müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan məqsədinə nail oldu – Latviyanın keçmiş prezidenti

Xəbər - Humay Ağacanova – Trend:

Prezident İlham Əliyevin siyasi müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan məqsədinə nail oldu.

Bunu AzerTimes-a açıqlamasında Latviyanın keçmiş prezidenti Valdis Zatlers deyib.

Onun sözlərinə görə, BMT və ATƏT-in Minsk qrupu Qarabağ problemini 30 ilə yaxın bir müddətdə diplomatik yolla həll etməyə çalışdılar. Sonda isə böyük bir uğursuzluğa düçar oldular.

Keçmiş Prezident qeyd edib ki, torpaqları işğaldan azad etmək üçün verilən qərar heç də asan qəbul edilmir. Bunun üçün hər cəhətdən hazırlıqlı olmaq və doğru zamanı hesablamaq gərəkli idi.

“Prezident İlham Əliyevin siyasi müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan məqsədinə nail oldu. Bunun nəticəsidir ki, azərbaycanlılar 8 noyabrı Zəfər Günü kimi qeyd edirlər” – deyə Valdis Zatlers əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu.

Teqlər: