Xəbər - Elçin Mehdiyev – Trend:
Prezident İlham Əliyevin siyasətinin mərkəzində hər zaman vətəndaş rifahının təminatı dayanıb və bu baxımdan, 2021-ci il vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi baxımından uğurlu bir il oldu. Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı fərman və sərəncamlar bu sahədə də yeni başlanğıc hesab edilə bilər.
Milli Məclisin deputatı Sevinc Hüseynova AzerTimes-a açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan sosial islahatlar dövlət başçısının daim vətəndaşları düşündüyünü və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində daim addımlar atdığını bir daha təsdiqləyir.
“2018-2021-ci illərdə sosial təminat, o cümlədən pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə illik xərclərdə 60% artımın qeydə alınması Azərbaycan dövlətinin əhalinin sosial müdafiəsinə nə qədər ciddi önəm verdiyini göstərir.
Təkcə 2021-ci ilin dekabr ayında Prezident İlham Əliyevin imzaladığı yeni Fərman və Sərəncamlar sosial islahatların 2,1 milyon insanın rifahına dəstək olan və illik əlavə 1,5 milyard manat vəsait ayrılmasını nəzərdə tutan yeni mərhələsini açdı, minimum aylıq əməkhaqqı artırılaraq 250 manatdan 300 manata çatdırıldı.
Bu artım dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min nəfər olmaqla, 800 min işçini əhatə edir. Ümumilikdə son üç ildə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Bununla yanaşı 2021-ci ildə təqaüdlərin, pensiyaların, ünvanlı sosial yardımların və digər ödənişlərin artırılması istiqamətində vacib addımlar atıldı”, – deyə deputat bildirib.
S.Hüseynova vurğulayıb ki, təkcə son bir neçə ilə nəzər yetirsək, Azərbaycanda sosial təminatın yaxşılaşdırılması istiqamətində nə qədər böyük işlərin həyata keçirildiyini aydın görərik.
“Belə ki, 2018-ci ilin əvvəli ilə müqayisədə ölkəmizdə orta aylıq nominal əməkhaqqı məbləği 39%, əmək pensiyalarının orta məbləği 60%, sosial müavinətlərin orta məbləği 2 dəfə, Prezidentin təqaüdlərinin orta məbləği 2,2 dəfə artıb. Son üç ildə ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti 2018-ci ildəki 26,5%-dən 2020-ci ildə 38%-ə yüksəlib. 2021-ci ilin dekabr ayında Prezident İlham Əliyevin imzaladığı yeni Fərman və Sərəncamlar isə sosial islahatların 2,1 milyon insanın rifahına dəstək olan və illik əlavə 1,5 milyard manat vəsait ayrılmasını nəzərdə tutan yeni mərhələsini açdı. Minimum aylıq əməkhaqqı artırılaraq 250 manatdan 300 manata çatdırıldı. Bu artım dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min nəfər olmaqla, 800 min işçini əhatə edir. Ümumilikdə son üç ildə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb.
Görülən bu işlərin nəticəsidir ki, Azərbaycanda pensiya təminatı və digər sosial göstəricilər bir sıra sahələrdə MDB ölkələri arasında ilk pillələrdə qərarlaşıb”, – deyə deputat vurğulayıb”, – deyə deputat vurğulayıb.
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə AzerTimes-a açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas mərkəzində vətəndaş rifahının yaxşılaşdırılması dayanır və sosial sahədə ildən-ilə genişlənən islahatlar, rifah halının yaxşılaşdırılması üçün atılan mühüm addımlar bunu təsdiq edir.
“Qeyd etmək lazımdır ki, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində 2021-ci il də uğurlu islahatlar ili olub.
Şəhid ailələrinin, müharibə əlillərinin problemlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Qeyd edək ki, 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilib. Dövlətimizin başçısının 2021-ci il 25 yanvar tarixli Sərəncamı ilə bu kateqoriyalardan olanlara 2021-2025-ci illərdə 11 min mənzil və ya fərdi evin verilməsinin nəzərdə tutulması proqramın daha da genişlənməsinə imkan verdi. Bunun nəticəsi olaraq, 2021-ci ildə üç il əvvələ nisbətən 5 dəfə çox olmaqla 3 min mənzil şəhid ailələrinə və müharibə əlillərinə verilməsi proqramı icra olundu. Ümumilikdə ötən dövrdə 12300 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. Eyni zamanda, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri uğurla davam edir. 2021-ci ildə daha 164 nəfər müharibə əlili minik avtomobili ilə təmin edilib və bu günədək 7400 müharibə əlilinə avtomobil verilib”, – deyə deputat bildirib.
O vurğulayıb ki, son illərdə sosial sahədə inqilabi islahatlar sosial ödənişlərin ciddi şəkildə artırılmasına imkan yaradıb.
“2019-cu ildə əməkhaqları və digər sosial ödənişlər orta hesabla 100 faiz, bəzi sahələrdə daha çox artıb. 2019-cu ilin sosial ödəniş artımları üçün dövlət büdcəsindən illik əlavə vəsait olaraq 3 milyard manat ayrılıb, 2020-2021-ci illər də yeni sosial islahatlar mərhələsi olub.
2020-ci ilin əvvəlindən pensiyalar indeksləşdirilərək 16,6 faiz, 2021-ci ilin əvvəlindən 11,4 faiz artırıldı və bu artımlar 1 milyon 100 min pensiyaçını əhatə edib. 2018-2021-ci illərdə sosial təminat növləri, yəni pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə illik xərclər 2,4 milyard manat və ya 60 faiz artaraq 6,4 milyard manat olub.
2018-2021-ci illərdə orta aylıq əməkhaqqında 37 faiz, median əməkhaqqı 74 faiz, əmək müqavilələrinin sayı 30 faiz və ya 400 minə yaxın artıb. Əməkhaqqı fondunda həmin dövrdə 92 faiz, ötən il isə 6,4 faiz artım baş verib.
Pensiyalarda artım 2021-ci ildə də davam etdi: ilin əvvəlindən pensiyaların sığorta hissəsi 11,4 faiz indeksasiya edilərək artırılıb. 2021-ci ildə pensiyaların orta aylıq məbləği 9 faiz artaraq 331 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 8 faiz artaraq 358 manata çatıb.
Minimum aylıq əməkhaqqı 20 faiz artaraq 250 manatdan 300 manata çatıb, üç il əvvələ (130 manat) nisbətən minimum aylıq əməkhaqqı 2,3 dəfə artıb. Həmçinin müəllimlərin və digər bir çox təşkilatlarda işləyənlərin maaşları 20-40 faiz aralığında artırılıb.
Əlilliyi olan şəxslərin müavinətləri I dərəcə üzrə 150 manatdan 220 manata, II dərəcə üzrə 130 manatdan 180 manata, III dərəcə üzrə 110 manatdan 120 manata çatdırılıb. Əlilliyi olan şəxslərin müavinətləri üç il əvvələ nisbətən I dərəcə üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2,3 dəfə artıb.
I dərəcə əlilliyi olanlara qulluğa görə 2019-cu ildə təsis olunan təqaüd də 50 manatdan 80 manata çatdırılıb. Həmçinin yaşa görə müavinət üç il əvvələ (73 manat) nisbətən 2,5 dəfə artırılaraq 130 manatdan 180 manata çatdırılıb və hazırda pensiyaçılar üçün yaşayış minimumunu (176 manat) üstələyir. Ailə başçısını itirməyə görə müavinət 80 manatdan 100 manata çatdırılıb və 3 il əvvələ (68 manat) nisbətən 47 faiz artıb”, – deyə C.Məmmədov deyib.
Deputat əlavə edib ki, müddətli hərbi xidmətdə olanların hər uşağına görə müavinət 100 manatdan 120 manata çatdırılıb və üç il əvvələ (68 manat) nisbətən 76,5 faiz artıb.
“Uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 100 manatdan 120 manata çatdırılıb və üç il əvvələ (61 manat) nisbətən təqribən 2 dəfə artıb. Beşdən çox uşağı olan qadınlara (hər uşağa görə) müavinət 55 manatdan 70 manata çatdırılıb və üç il əvvələ (33 manat) nisbətən 2,1 dəfə artıb. Aztəminatlı (ünvanlı sosial yardım alan) ailələrdəki 1 yaşadək uşaqlara aylıq müavinət 55 manatdan 70 manata çatdırılıb, üç il əvvələ (45 manat) nisbətən bu müavinətdə 55,6 faiz artım baş verib.
Övladlığa götürülən uşağa müavinət 2021-ci ilin əvvəlindən təsis olunub və 2022-ci ilin əvvəlindən 25 faiz artırılaraq hər uşağa görə 160 manatdan 200 manata, övladlığa götürülən sağlamlıq imkanları məhdud uşağa görə isə 480 manatdan 600 manata çatdırılıb. Uşağın anadan olmasına görə birdəfəlik müavinət 200 manatdan 300 manata çatdırılıb ki bu da üç il əvvələ (109 manat) nisbətən 2,8 dəfə çoxdur. Dəfn üçün birdəfəlik müavinət 300-dən 350 manata çatdırılıb, üç il əvvələ (146 manat) nisbətən bu müavinətdə 2,4 dəfə artım olub.
İşləməyən pensiyaçı elmlər və fəlsəfə doktorları üçün təqaüd 2021-ci ilin əvvəlindən təsis olunub: Elmlər doktorları üçün 200 manatdan 300 manata (50 faiz artım), fəlsəfə doktorları üçün 120 manatdan 200 manata çatdırılıb (67 faiz artım). “Xalq” fəxri adı üçün 150 manatdan 180 manata (20 faiz artım), “Əməkdar” fəxri adı üçün 100 manatdan 120 manata (20 faiz artım) çatdırılıb.
Əməkhaqqı və sosial ödənişlərin artımı üçün 2019-cu ildəki islahatlar üzrə illik əlavə 4 milyard manat, 2020-ci ildəki islahatlar üzrə illik əlavə 600 milyon manat, 2022-ci ildə isə yeni islahatlar üzrə illik əlavə 1,5 milyard manat, ümumilikdə son üç ildə əməkhaqqı və digər sosial ödənişlərin artırılması üçün yalnız dövlət vəsaitləri hesabına əlavə olaraq illik 6 milyard manat ayrılıb.
Bütün bunlar onu söyləməyə əsas verir ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi sosial sahədə də işlər uğurla davam etdirilir. Vətəndaşların sosial rifahının yaxşılaşdırlması üçün bütün zəruri addımlar atılır”, – deyə deputat əlavə edib.