Prezident İlham Əliyevin Sərəncamı ilə pensiyalar və fərdi hesablardakı pensiya kapitalları artırıldı (FOTO)

Xəbər - Samir Əli – Trend:

Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 5 fevral 2021-ci il tarixli Sərəncamı ölkədə sosial müdafiə tədbirlərinin gücləndirilməsi, pensiyaçıların rifahının yaxşılaşdırılması istiqamətində növbəti addımdır.

Trend xəbər verir ki, sərəncamla bağlı görüləcək işlərə dair keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov bildirib ki, 2020-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun şəkildə pensiyalar indeksləşdirilərək 11,4% artırılır.

Fond sədri vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti vətəndaş rifahının təminatı istiqamətində ardıcıl addımların atılmasını təmin edir. 2020-ci ildə də pensiya, Prezidentin təqaüdü və müavinət, ünvanlı sosial yardım üzrə ödənişlərə əvvəlki ilə nisbətən 20% və ya 1 milyard manat çox olmaqla 5 milyard 743 milyon manat vəsait yönəldildi. Minimum və orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycan MDB məkanında liderliyini qoruyub saxladı.

Dövlət başçısının Fərmanları ilə sosial ödənişlərdə artım bu ilin əvvəlindən davam etdirildi. Prezidentin təqaüdlərinin məbləği şəhid ailələri üçün 66,7%, Azərbaycanın Milli Qəhrəmanı üçün 20%, İkinci Dünya müharibəsi iştirakçıları üçün 100%, müharibə və 20 Yanvar əlilləri, müharibə əlillərinə bərabər tutulanlar üçün 50%-dən çox artırıldı, Vətən Müharibəsi Qəhrəmanları üçün Prezidentin aylıq təqaüdü (2000 manat) təsis olundu.

H.Məmişov qeyd edib ki, pensiyaların növbəti artımı ümumilikdə 1 milyon 140 min pensiyaçını və ya pensiyaçıların 93%-ni əhatə edir. Digər pensiyaçılar isə xüsusi şərtlər əsasında pensiya təyin olunmuş şəxslərdir.

Artım 2021-ci ilin 1 yanvar tarixindən tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək. Pensiyaların indeksasiya edilərək artırılması üçün il ərzində əlavə olaraq 441 milyon manat yönəldiləcək.

Dövlət başçısının yeni Sərəncamı ilə fərdi hesabların sığorta hissəsindəki pensiya kapitalı da istehlak qiymətləri indeksinin 2020-ci il üzrə illik səviyyəsinə uyğun səviyyədə indeksləşdirilərək yanvarın 1-dən 2,8% artırılır. Bu da əmək müqaviləsi ilə çalışaraq sosial sığorta sistemində iştirak edən şəxslərin mənafeyinə xidmət edir və onların fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay əməkhaqlarından sosial sığorta ayırmaları nəticəsində deyil, həmçinin hər il dövlət tərəfindən indeksləşdirilərək artırıldığını da göstərir.

DSMF sədri pensiya sahəsində aparılan islahatlar, bu il ərzində görüləcək işlər barədə də məlumat verib, jurnalistlərin suallarını cavablandırıb.

Teqlər: