Azərbaycan Prezidenti İlham Əliyev sayəsində bu gün Cənubi Qafqaz regionu müharibə və ya münaqişə kontekstində deyil, gələcək, inkişaf və sülh baxımından müzakirə olunur.
Bunu Trend-ə müsahibəsində Moldovanın sabiq baş naziri Kirill Qaburiç deyib.
“Məhz Prezident İlham Əliyev Qarabağ münaqişəsi məsələsini həll etmək üçün əlindən gələn hər şeyi edib. Mən çox şadam ki, biz artıq müharibə haqqında danışmırıq, bu, çox vacibdir. Artıq insanlar ölmür və hər kəs regionu necə inşa etmək və insanlara daha yaxşı həyat təqdim etmək barədə danışır. Biz hamımız orada nələrin baş verdiyini bilirik, ona görə də indi gələcək barədə, Azərbaycanın və bizim hamımızın nəyə hazır olduğumuz barədə danışmaq çox vacibdir”, – deyə o bildirib.
Sabiq baş nazir əlavə edib ki, Cənubi Qafqazda kommunikasiyaların açılması regionda iqtisadi inteqrasiya üçün böyük təkan olacaq.
“İnfrastruktur və onunla bağlı olan hər şey iqtisadiyyatın inkişafı üçün çox vacibdir. Kommunikasiyaların və nəqliyyat arteriyalarının açılması əhalinin rifahının güclənməsində və insanların həyat keyfiyyətinin yüksəlməsinə ciddi təkan verəcək. Diqqəti mütləq regionun inkişafına yönəltmək lazımdır, çünki bu, gələcək inkişaf üçün imkan yaradacaq”, – sabiq nazir deyib.
Koronavirus pandemiyası ilə mübarizə məsələsinə toxunan K.Qaburiç qeyd edib ki, kütləvi peyvəndləmə olmadan gələcək inkişaf barədə danışmaq mümkün deyil.
“Təəssüf ki, Moldovada vaksinasiya səviyyəsi Azərbaycandakı kimi deyil. Prezident İlham Əliyevin pandemiya ilə mübarizə və əhalinin peyvəndlənməsi sahəsində apardığı siyasət ağıllı və çox düzgündür. Ölkədə əhali ilə düzgün kommunikasiyanın qurulmasını və əhalinin bütün bunların nə üçün lazım olduğunu başa düşməsini eşitmək məni müsbət mənada təəccübləndirib”, – deyə o fikrini yekunlaşdırıb.