Prezident İlham Əliyevin Rize-Artvin aeroportunun açılışında iştirakı Türkiyənin inkişafı üçün atılan addıma verdiyi dəstəkdir – Türkiyəli tədqiqatçı

Azərbaycan Prezidenti İlham Əliyevin Rize-Artvin hava limanının
açılışında iştirakı Türkiyənin inkişafı üçün atılan bu addıma
verdiyi dəstəkdir.

Bu barədə Trend-in suallarını cavablayarkən Şanxay
Universiteti Qlobal İdarəetmə Mərkəzinin tədqiqatçısı Selimhan
Yeniacun deyib.

Onun sözlərinə görə, Rize-Artvin Hava Limanının açılması
xüsusilə Şərqi Qaradəniz regionunun iqtisadi, ticari inkişafı üçün
çox önəmli bir addımdır.

“Bu addımın da Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə
gerçəkləşdirilməsi həm Şərqi Qaradəniz, həm də Cənubi Qafqaz
baxımından xüsusi bir siyasi mesajdır”, – deyə türkiyəli tədqiqatçı
bildirib.

S.Yeniacun qeyd edib ki, Şuşa bəyannaməsi ilə siyasi, iqtisadi,
mədəniyyət sahəsində Türkiyə-Azərbaycan münasibətləri daha da
möhkəmlənib:

“Rize-Artvin Hava Limanının açılışı siyasi cəhətdən
gücləndirilməyə çalışılan münasibətlərin faktiki göstəricisi oldu”,
– deyə o əlavə edib.

S.Yeniacun bildirib ki, Artvin, Rizə regionunun turizm
potensialı, iqtisadiyyat üçün əhəmiyyəti və beynəlxalq uçuşlara
açıq olması Türkiyə üçün vacibdir.

“Bütün bunlardan daha mühimi isə Azərbaycan Prezidenti İlham
Əliyevin Türkiyənin inkişafı üçün atılan bu addıma verdiyi
dəstəkdir. Bu addım daha sonralar da bir çox sahələrdə ortaq
əməkdaşlıq ediləcəyinin göstəricisidir”, – deyə türkiyəli siyasi
ekspert fikrini tamamlayıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də Türkiyəyə
işgüzar səfərə gəlib. Dövlət başçıları Rize-Artvin Hava Limanının
açılış mərasimində iştirak ediblər.

Təməli 2017-ci il aprelin 3-də qoyulan Rize-Artvin Hava Limanı
Türkiyədə Ordu-Giresun aeroportundan sonra dənizin doldurularaq
inşa edildiyi ikinci, dünyada isə beşinci hava limanıdır.

Teqlər: