Xəbər - Elçin Mehdiyev – Trend:
Son 17 ildə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə böyük inkişaf yolu keçib. Azərbaycanın bu uğurları beynəlxalq aləm tərəfindən də yüksək qiymətləndirilir. Bu gün Azərbaycanın nüfuzu dünyada durmadan artır, ölkəmizə qarşı böyük etimad və hörmət var. Bu nailiyyətlər həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində əldə olunub.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, cənab İlham Əliyevin Prezident seçilərkən qarşıya qoyduğu əsas hədəflərdən biri ölkəmizin ərazi bütövlüyünün bərpa olunması idi: “Azərbaycan artıq buna nail olub. Bu gün Azərbaycan xalqı öz tarixinin ən şanlı və şərəfli günlərindən birinin yaşayır. Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə yeddi rayonu, eyni zamanda, Şuşanı, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Hadrut və keçmiş Martuni rayonlarını, indiki Xocavənd rayonunun 50 faizdən çox hissəsini düşməndən azad etdi. Həmçinin, Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Mardakert, indiki Ağdərə rayonunun böyük hissəsi, o cümlədən Suqovuşan qəsəbəsi işğaldan azad olundu. Bu gün bu reallıq artıq dünya tərəfindən qəbul edilir. İndi Azərbaycan ordusunun gücü və qısa müddətdə döyüşlərdə əldə etdiyi uğur dünya ölkələri tərəfindən diqqətlə öyrənilir.
Bu hədəflər sırasına daxil olan digər bir mühüm məsələ ictimai-siyasi iqlimin sağlamlaşdırılması idi ki, artıq bu istiqamətdə də ciddi uğurlara nail olunub. Bu gün ölkəmizdə konstruktiv mövqe nümayiş etdirən siyasi partiyalar arasında sağlam münasibətlər formalaşıb, dialoq mühiti var. Ümummilli məsələlərdə bütün siyasi partiyalar vahid mövqe nümayiş etdirirlər. Vətən müharibəsi dövründə də biz bunu açıq müşahidə etdik. Bu nailiyyətə də son illər ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində nail olunub”.
C.Məmmədov qeyd edib ki, son bir neçə ildə ölkəmizdə iqtisadi islahatlar da uğurla davam etdirilib, güclü iqtisadi sistem formalaşdırılıb:
“Ölkə iqtisadiyyatı sürətlə inkişaf edir, ölkəmizdə yeni investisiya layihələri həyata keçirilir. Təkcə bu il Azərbaycanda təqribən 400-500 milyon dollarlıq ancaq xarici investisiya bərpaolunan enerji növlərinə cəlb olunub. Artıq bir müqavilə bağlanıb, yaxın vaxtlarda yeni müqavilələr bağlanacaq. Həmin şirkətlər 440 meqavat gücündə günəş və külək elektrik stansiyalarını öz vəsaiti hesabına inşa edəcək. Bu da Azərbaycannın enerji sisteminə öz ciddi töhfəsini verəcək.
Əhalinin sosial təminatının yaxşılaşdırılması istiqamətində də ölkəmizdə ciddi uğurlara nail olunub. Müharibədən 4 ay keçməsinə baxmayaraq, artıq 1500 şəhid ailəsi və müharibə əlili mənzillərlə təmin olunublar. Keçən il şəhid ailələrinə 1572 mənzil verilib. Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq. Həmçinin Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda növbədə dayanan, o cümlədən ilk növbədə Birinci Qarabağ müharibəsinin şəhid ailələrinin nümayəndələrinə tam şəkildə mənzillər, evlər veriləcək. Bütün bunlar ölkəmizdə bu kateqoriyadan olan insanlara yüksək diqqət və qayğı göstərildiyini bir daha təsdiq edir.
Son illər cəmiyyətimizdə xoşagəlməz hallarla mübarizə istiqamətində də böyük işlər görülüb. Son bir neçə ildə ölkəmizdə korrupsiya ilə mübarizə istiqamətində ciddi addımlar atılıb. İdarəetmədə ciddi islahatlar həyata keçirilib.
Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi və gərgin əməyi ilə Azərbaycanın son 17 ildə böyük inkişaf yolu keçdiyini, bütün sahələrdə uğur qazandığını söyləməyə əsas verir. Bu uğurların arxasında güclü iradə, xalq-iqtidar birliyi, düşünülmüş uzaqgörən siyasət durur”.