Prezident İlham Əliyev hələ Dövlət Neft Şirkətində birinci vitse-prezident, Milli Məclisin deputatı kimi Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, həmin Assambleyanın sədrinin müavini, Milli Olimpiya Komitəsinin Prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini kimi mühüm vəzifələrdə fəaliyyət göstərərkən daim bir amala – doğma Vətənin dirçəlişinə və tərəqqisinə, milli maraqlara xidmət etmişdir. Xalqın Prezident İlham Əliyevə yüksək etimadının təməlində məhz bu dəyişməz mövqe dayanır.
AzerTimes-ın məlumatına görə, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin dekabrın 24-də keçirilən plenar iclasında deyib.
O bildirib ki, ali kürsüdə fəaliyyətə başladığı ilk gündən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağını bəyan edən Prezident İlham Əliyev ölkəmizə bu yolla böyük zəfərlər qazandırıb. Prezident İlham Əliyev yeni Azərbaycan Partiyasının Sədri kimi də Ulu Öndərin ideya siyasi xəttini davam etdirərək Partiyanı ölkəmizin və regionun ən güclü siyasi təşkilatına çevirib.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan dünyada siyasi sabitliyin, tərəqqinin, qlobal təşəbbüslərin, tolerantlığın ünvanı kimi tanınır. Dövlətimizin başçısının milli maraqlara və qarşılıqlı etimada əsaslanan müstəqil siyasət kursu ölkəmizi dünyada etibarlı tərəfdaş kimi tanıdıb, ona böyük nüfuz qazandırıb”, – deyə Milli Məclisin sədri qeyd edib.