Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regionun ən aparıcı dövlətlərindən birinə çevrilib – Deputat

Ötən 30 il ərzində Azərbaycan regionun ən aparıcı dövlətlərindən birinə çevrilib. Bunun nəticəsidir ki, bu gün dünya liderləri də Azərbaycanın və Prezidentimizin mövqeyinə hörmət edirlər.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, xüsusilə 44 günlük Vətən Müharibəsində Azərbaycanın zəfər çalması bir daha ölkəmizi verdiyi sözə əməl edən ölkə kimi tanıtdı: “Azərbaycan MDB məkanında 30 illik müstəqilliyə malik dövlətdir. Biz müstəqilliyin ilk illərinə, təəsüflər olsun ki, digər dövlətlərdən fərqli olaraq, ərazilərimizi itirərək, iqtisadiyyatı çökən, çətin dövrlər yaşayan bir dövlət kimi daxil olmuşuq. Həmin dövrlərdə bizim fabrik-zavodlarımızı, ümumiyyətlə, mövcud iqtisadiyyatımızı məhv etdilər. Lakin Ulu öndər ikinci dəfə hakimiyyətə gəldikdən sonra bu proseslər fərqli məcrada inkişaf etməyə başladı. Ölkəmizin müstəqil iqtisadiyyatı quruldu, Azərbaycan öz neftini dünya bazarına çıxara bildi, özünə tərəfdaşlar tapdı, bəzi qonşularla münasibətdə problemlərimiz olmasına baxmayaraq, region dövlətləri ilə dostluq əlaqələri qurmağa başladı və s. Bir sözlə, Heydər Əliyevin əsasını qoyduğu bu siyasət daha sonra cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilirdi və şükürlər olsun ki, Ulu öndərin bizə vəsiyyəti olan bir sıra məsələlər İlham Əliyevin rəhbərliyi ilə öz həllini tapdı. Hazırda Azərbaycan Avropa enerji təhlükəsizliyində çox mühüm rol oynayan dövlətdir. Eyni zamanda, ölkəmiz təkcə neft ixrac edən dövlət deyil, həmçinin tranzit layihələrinə rəhbərliyi həyata keçirən, Şimal-Cənub, Qərb-Şərq dəhlizinə nəzarət edən bir ölkəyə çevrilib. Həmçinin bildiyimiz kimi, Azərbaycan Xəzər dənizində salacağı yeni liman nəticəsində Çindən daşınan yüklərin Avropaya çatdırılması üçün ən yaxın yola sahib olacağıq. Bütün bunlar deməyə əsas verir ki, ötən 30 il ərzində Azərbaycan regionun ən aparıcı dövlətlərindən birinə çevrilib. Bunun nəticəsidir ki, bu gün dünya liderləri də Azərbaycanın və Prezidentimizin mövqeyinə hörmət edirlər”.

Teqlər: