Prezident İlham Əliyevin Qarabağda müvafiq nəqliyyat infrastrukturunun yaradılması siyasəti Azərbaycanın tranzit qovşağı kimi mövqeyini gücləndirir

Mayın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım
Mehriban Əliyeva Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər
ediblər.

Dövlətimizin başçısı və birinci xanım Cəbrayılda Soltanlı
stansiyasının təməlqoyma mərasimində, “Cəbrayıl” enerji qovşağının
təməlqoyma mərasimində iştirak ediblər, Zəngilan Beynəlxalq Hava
Limanının və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun
tikintisi ilə tanış olublar.

Rusiya İqtisadiyyat Məktəbinin direktor müavini, Azərbaycan
İqtisad Universitetinin professoru Elşad Məmmədov AzerTimes-ə bildirib ki,
səmərəli enerji siyasətinin həyata keçirilməsi, Azərbaycanın
işğaldan azad edilmiş ərazilərində elektrik generasiyası üçün
müvafiq strukturun və infrastrukturun yaradılması çox düşünülmüş
qərardır.

“Başa düşmək lazımdır ki, daxili iqtisadiyyatın və sosial
sahənin elektrik enerjisinin istehsalına artan daxili tələbatı,
eləcə də ixrac potensialı deməyə imkan verir ki, enerji sahəsində
generasiya güclərinin yaradılmasına səmərəli sərmayə yatırmaq
lazımdır. Ölkədən elektrik enerjisinin ixracı üzrə daxili
iqtisadiyyatın miqyası üçün böyük göstəricilərin olacağına inanmaq
olar. Eyni zamanda, Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə
verilməsi ilə ölkəmizin hava nəqliyyatında imkanlarının artacağını
düşünürəm. Dövlətimizin başçısının Qarabağda müvafiq nəqliyyat
infrastrukturunun yaradılması ilə bağlı səmərəli siyasəti
Azərbaycanın tranzit qovşağı kimi mövqeyini möhkəmləndirir və
nəqliyyat-logistika imkanlarını, ilk növbədə, daha yüksək əlavə
dəyərə malik məhsulların daşınmasına və logistikasına yönəltməyə
imkan verir”, – deyə Elşad Məmmədov bildirib.

İqtisadiyyat üzrə fəlsəfə doktoru İlqar Vəlizadə, öz növbəsində,
AzerTimes-ə bildirib
ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində enerji
qovşaqlarının təməlinin qoyulması Qarabağın, xüsusən də onun cənub
hissəsinin – Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının dirçəliş
planlarının həyata keçirilməsinin təmin edilməsinə yönəlmiş
tədbirlərin mühüm tərkib hissəsidir.

“Coğrafi mövqeyinə görə bu ərazilər Zəngəzur nəqliyyat dəhlizi
boyunca yerləşir. Bu regionda həyata keçirilən bütün nəqliyyat
layihələri müəyyən mənada bu dəhliz konsepsiyasının həyata
keçirilməsi ilə bağlıdır. Zəngilan rayonunun dirçəliş konsepsiyası
digər bu kimi layihələr üçün də nümunə olacaq”, – deyə İ.Vəlizadə
bildirib.

Onun sözlərinə görə, bu konsepsiya çərçivəsində bağ şəhərinin
yaradılması nəzərdə tutulur

“Bu konsepsiyanın Zəngilanda uğurla həyata keçirilməsi eyni
konsepsiyanın digər ərazilərdə, o cümlədən işğal altında olmamış
ərazilərdə də həyata keçirilməsi üçün nümunə olacaq. Onu da qeyd
etmək lazımdır ki, bu layihələr mühüm əhəmiyyət kəsb edir və
Azərbaycan şəhərlərinin inkişafına təkan verir. Qarabağın belə
bərpası bu regionun qlobal iqtisadiyyata inteqrasiyasını
sürətləndirəcək və Azərbaycanın iqtisadi və nəqliyyat potensialının
güclənməsinə töhfə verəcək, ölkə iqtisadiyyatının davamlı
inkişafına zəmin yaradacaq”, – deyə İ.Vəlizadə əlavə edib.

Teqlər: