Prezident İlham Əliyevin müdrik və müzəffər siyasəti sayəsində ölkənin hər bir vətəndaşı başıuca gəzir

Xəbər - Vüqar İmanov – Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və müzəffər siyasəti sayəsində hər bir mədəniyyət xadimi, ölkənin hər bir vətəndaşı, dünyanın müxtəlif hissələrində yaşayan bütün azərbaycanlılar başıuca gəzir.

Bunu Trend-ə məşhur heykəltəraş, “Şöhrət” və “Şərəf” ordenləri mükafatçısı, Azərbaycan Rəssamlar İttifaqının katibi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, professor Səlhab Məmmədov deyib.

“Mən tez-tez xaricdə oluram, müxtəlif peşə və sahələrin nümayəndələri ilə görüşürəm və Azərbaycan Prezidenti İlham Əliyevin necə hörmət və nüfuza sahib olduğunu öz gözlərimlə görürəm. Bütün bunlar 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun erməni işğalçılarını darmadağın etməsindən sonra daha da artdı. Təxminən 30 il ərzində torpaqlarımız işğal altında idi, milli mədəniyyətin və incəsənətin beşiyi, qədim Qarabağın düşmən tapdağı altında olmasına görə hər birimizin sinəsində bir ağrı var idi ki, bu da yaradıcılığa mənfi təsir göstərirdi. İndi isə, necə deyərlər, çiyinlərimizdən ağır yük götürüldü. Görün, bu qələbəni kimlər öz qanı bahasına qazandı – Qarabağı görməmiş, amma yüksək mənəvi və vətənpərvər hisslərlə tərbiyə olunmuş, öz tarixini, ənənələrini və mədəniyyətini bilən gənclər. Bütün bunlar isə ailə ocağından gəlir, Vətənə sonsuz məhəbbəti təcəssüm etdirir. Və bütün bu illər ərzində Azərbaycanın, bu böyük ailənin başında Prezident İlham Əliyev dayanır. Bu gün başıuca gəzirik, azadlıqdan zövq alırıq və daha çox yaratmağa can atırıq. Dövlət başçısı bizə böyük xoşbəxtlik nəsib edib!” – deyə o bildirib.

Professorun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin inkişafı, çiçəklənməsi və təbliğatında böyük rolu var.

“Ölkədə və xaricdə incəsənətimizə həsr olunan çoxlu tədbirlər keçirilir, mühüm layihələr reallaşdırılır, mədəniyyət xadimləri dövlət başçısının daimi qayğı və diqqəti ilə əhatə olunub. Məlum olduğu kimi, dünyanın müxtəlif şəhərlərində tariximizi əks etdirən görkəmli xadimlərimizə heykəllər ucaldılır. Bir vacib faktı qeyd etmək istərdim, məhz Azərbaycan Prezidenti İlham Əliyevin hörməti və nüfuzu, mədəniyyətə münasibəti və dünya siyasətində rolu sayəsində həmin heykəllərin qoyulması üçün şəhərlərdə ən yaxşı yerlər, mərkəzlər və parklar seçilir. Mən Avropanın şəhərlərində ucaldılmış abidələrin müəlliflərindən biriyəm: 2011-ci ildə “Xocalı” abidəsi Berlin şəhərində Qotfrid Benn adına kitabxananın bağında, 2012-ci ildə 12-ci əsrin görkəmli şair və mütəfəkkiri Nizami Gəncəvinin heykəli Romada Villa Borgeze parkında, 2016-cı ildə şairələrimiz Məhsəti Gəncəvi və Xurşidbanu Natəvanın heykəlləri Fransanın Konyak və Evian şəhərlərinin mərkəzi parklarında ucaldılıb, 2017-ci ildə isə Azərbaycanın BMT-yə üzvlüyünün 25 illiyi münasibətilə Cenevrədə Millətlər Sarayının qarşısındakı Ariana parkında “Fikirlər və arzular” heykəl-kompozisiyanın açılışı keçirilib. Bütün bu mühüm hadisələr dünya ictimaiyyətinin İlham Əliyevin şəxsiyyətinə münasibəti sayəsində reallaşdırılıb”, – S.Məmmədov deyib.

O, dövlət başçısının azad edilmiş ərazilərin və mədəniyyət sahəsinin bərpasında müstəsna rolunu qeyd edib.

“İlk növbədə Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərinə Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün heykəllərini qaytardı, dağıdılmış məscid və memarlıq abidələrində bərpa-restavrasiya işlərinin keçirilməsini tapşırdı. Qısa müddətdə Şuşada Vaqifin heykəli ucaldıldı, Xarıbülbül festivalı və Vaqif poeziya günləri keçirildi. Mədəni kökləri olmayan xalq heç vaxt yaxşı döyüşçü ola bilməz. Ulu öndər Heydər Əliyev hər zaman mədəniyyət və incəsənətə xüsusi diqqət və məhəbbətlə yanaşıb, hər bir azərbaycanlı üçün təkcə istedadlı ölkə rəhbəri deyil, həm də hərtərəfli inkişaf etmiş şəxsiyyət olub. O, dövlətçiliyimizi və müstəqilliyimizi qoruyub, iqtisadiyyatımızı dirçəldib, ölkəni inkişaf və çiçəklənmə yoluna çıxarıb. Prezident İlham Əliyev bu siyasəti davam etdirib və nailiyyətləri çoxaldıb”, – deyə məşhur heykəltəraş vurğulayıb.

S.Məmmədov qeyd edib ki, öz müdrikliyi, qətiyyəti, yüksək intellekti, beynəlxalq arenada nüfuzu sayəsində Prezident İlham Əliyev istənilən an doğma torpaqlarının müdafiəsinə hazır olan dünya azərbaycanlılarını birləşdirib.

“Biz bunu 44 günlük Vətən müharibəsi dövründə gördük və bu, indi də davam edir. Mənim müxtəlif ölkələrdə çoxlu dostlarım var. Onlar bu cür Prezidentlərinin olduğuna görə çox xoşbəxt və qürurludurlar! Hətta uzun illər xaricdə yaşasalar da, onlar özlərini Vətəndən ayırmırlar. Eyni zamanda müxtəlif ölkələrin mədəniyyət xadimləri dövlətimizin başçısına səmimi heyranlıq duyduqlarını bildirirlər. Onlar deyirlər ki, Azərbaycan xalqı bu cür Prezidentə sahib olduğu üçün xoşbəxtdir. İlham Əliyev müasir dövrün görkəmli şəxsiyyətidir! Onlar deyirlər ki, ancaq bu cür lider 44 günlük Vətən müharibəsində tarixi qələbə əldə edə bilərdi”, – S.Məmmədov deyib.

Məşhur heykəltəraş dövlət başçısının yüksək insani keyfiyyətlərini vurğulayıb.

“Prezident İlham Əliyevin əsas uğur formullarından biri onun insanlığı və yüksək təhsil səviyyəsi, Azərbaycan və dünya tarixi haqqında bilikləri, insanlara mehriban və səmimi münasibəti, xalqın və hər bir vətəndaşın taleyindən narahat olmasıdır. Onun aurası və səmimiyyəti bizə bu günümüz və sabahımızda əminlik bəxş edir. Müxtəlif sərgilərdə və tədbirlərdə hər zaman elə bir hiss yaranır ki, sanki Prezident hər zaman hər kəsə öz məsləhətləri və əməlləri ilə kömək etməyə çalışan yaxın və doğma adamdır. Bütün bu keyfiyyətlər, Vətənə sevgi, hər kəsin qayğısına qalmaq, bilik səviyyəsi, siyasi iradə İlham Əliyevi dünya liderinə çevirir! Biz xoşbəxtik ki, Azərbaycanda yaşayırıq və bu cür liderimiz var, biz bununla qürur duyuruq. Mənim bütün dediklərim səmimi qəlbdən idi!” – deyə S.Məmmədov sözlərini bitirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: