Bak. Trend:
Azərbaycan Soçi görüşündə qarşısına qoyduğu məqsədlərə nail oldu. Avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar qəbul olundu. Belə ki, üçtərəfli görüş zamanı Rusiya Prezidenti Vladimir Putinin “Asan deyil. Lakin buna baxmayaraq, bu iş irəliləmə vəziyyətindədir və elə düşünməyə əsas var ki, yaxın vaxtlarda biz nəqliyyat kommunikasiyalarının işə salınması üzrə müvafiq qrupun işini nəinki təsdiqləyəcək, həm də hamı üçün uyğun zəruri tədbirlər görəcəyik” söyləməsi bunu təsdiqləyir.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat bildirib ki, hər hansı bir şərt qoymadan Azərbaycan Prezidentinin mövqeyi birgə bəyanatda öz əksini tapdı və ən əsası, sənəddə Qarabağ ifadəsinin olmaması Azərbaycanın haqlı və qətiyyətli mövqeyinin ifadəsidir:
Daha bir vacib məqam Rusiya Prezidenti Vladimir Putinin mətbuat konfransında dəfələrlə dəhliz ifadəsini işlətməsidir ki, bu da Zəngəzur dəhlizi layihəsinin Moskva tərəfindən dəstəklənməsi anlamına gəlir. Bu mənada Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın Baş nazirinin Soçidə keçirilən üçtərəfli görüşünü sülh prosesinə töhfə verən görüş kimi qiymətləndirmək olar. Dövlət rəhbərlərinin bəyanatında da qeyd olunduğu kimi, üçtərəfli 10 noyabr razılaşmasının icrası başda olmaqla regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılmasına dair 11 yanvar 2021-ci il tarixli bəyanatı da diqqətdə saxlandı və aydın oldu ki, məhz Azərbaycan ötən bir il ərzində müharibənin fəsadlarının aradan qaldırılması, kommunikasiyaların açılması məsələlərində maksimal konstruktivlik nümayiş etdirib.
“Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. Buna görə biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq. Üstəlik, biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq”, – deyə Prezident İlham Əliyev üçtərəfli görüşdə bildirdi. Bakı bu prosesdə Rusiyanın da rolunu yüksək qiymətləndirir. Dövlət sərhədində vəziyyətə gəlincə, baş vermiş toqquşmalar risklərə nəzarət etmək, onları minimallaşdırmaq və yekun sülh razılaşması üzərində işləməklə bağlı məsələlərin müzakirəsini, o cümlədən üçtərəfli formatda müzakirəsini zəruri edir”,- deyə deputat bildirib.
K.Nurullayeva qeyd edib ki, soçidə imzalanan birgə bəyanatda ortaq yanaşma bundan ibarətdir ki, Cənubi Qafqazın sabitliyinin, təhlükəsizliyinin və iqtisadi inkişafının təmin edilməsi maraqlarına uyğun olaraq ardıcıl şəkildə fəaliyyət davam etdirilməlidir:
“Kreml bundan sonra da Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, xalqlar arasında etimad mühitinin yaradılması, habelə regionda mehriban qonşuluq münasibətlərinin qurulması maraqları naminə bundan sonra da bütün lazımi yardımı göstərməyə davam etməkdə qərarlıdır. Ermənistan istəsə də, istəməsə də regionun dirçəldilməsi üçün şəraitin yaradılması, insanların orada özlərini təhlükəsiz hiss etmələri istiqamətində reallaşan prosesdə birbaşa iştirak etməyə məcburdur” – deyə deputat vurğulayıb.