Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlər İtaliya mediasının da diqqət mərkəzində olub (FOTO)

İtaliyanın “Il Giornale”, “Messenger News”, “Focus News 24”, “Kmetro”, “Metroct”, “Politicamente Corretto”, “EurasiaNews”, “Globus Magazine”, “Agenzia Nova” kimi mətbu orqanları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 26-da keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə dair məlumatlar dərc edib.

Trend xəbər verir ki, məlumatlarda çoxsaylı yerli və xarici media nümayəndələrinin iştirak etdikləri mətbuat konfransının 4 saatdan artıq davam etdiyi və Prezident İlham Əliyevin 50-yə yaxın sualı cavablandırdığı vurğulanıb.

Məlumatlarda Prezident İlham Əliyevin açılış nitqində 1992-ci il 26 fevral tarixində Ermənistan silahlı qüvvələri tərəfindən 613 mülki azərbaycanlının qətlə yetirildiyi Xocalı faciəsindən bəhs etdiyi bildirilib.

Yazılarda jurnalistlərin suallarını cavablandıran dövlət başçısının Vətən müharibəsinin nəticələrinə dair məlumat verdiyi, bunun otuz illik səmərəsiz danışıqlardan daha effektli olduğunu bildirdiyi qeyd olunub. Prezident İlham Əliyevin bu sözlərinə yer verilib: “Biz öz sərhədimizdə dayanmışıq və erməni əhalisinə qarşı hər hansı bir zərərli addımlar atmırıq. Biz orada “Azərbaycana xoş gəlmisiniz” lövhəsi asmışıq və mən anlamıram, bu, nəyə görə Ermənistanda hər hansı bir qıcıq doğurur. Biz yanlış heç nə yazmamışıq”.

Həmçinin dövlətimizin başçısının fikirlərinə istinadən bildirilib ki, Azərbaycan mümkün olmayanı 44 gün ərzində reallığa çevirib, Xocalı qurbanlarının intiqamını döyüş meydanında alıb: “Biz Xocalıya da qayıdacağıq. Biz özümüzə məxsus olanı qaytarmışıq və nümayiş etdirmişik ki, bizim sözümüz və əməlimiz eyni dəyərə malikdir”.

Məlumatlarda, həmçinin ölkə başçısının Ermənistanın üçtərəfli Bəyanatın icrasını pozmağa cəhd göstərəcəyi halda bunun onun üçün sui-qəsd olacağını, hər hansı revanş cəhdlərinin Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacağını bildirdiyi qeyd edilib. Prezident İlham Əliyevin Ermənistanda baş verən böhrana münasibətdə bu tragikomediyaya son qoyulmalı olduğunu bildirdiyi vurğulanıb. “Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış Bəyanat icra ediləcəkdir… Müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq…Biz yeni reallıq yaratdıq və indi hər kəs bu reallıqla barışmalıdır, hesablaşmalıdır”, – deyə ölkə başçısının fikirlərinə istinad olunub.

Əcnəbi əsgərlərə münasibətdə Prezident İlham Əliyev onların Azərbaycan ərazisində fəaliyyət göstərməsinin müvəqqəti xarakter daşıdığını, onların xüsusi missiya icra etdiklərini, bunun hərbi baza anlamına gəlmədiyini, beş ildən sonra Azərbaycanın bu məsələ ilə bağlı fərqli fikir sərgiləcəyi halda onların fəaliyyətinə son veriləcəyini, onların bu gün Azərbaycan ərazisində olması, eyni zamanda, azad edilmiş torpaqlara Azərbaycan əhalisinin qayıtması üçün də müsbət rol oynayacağını, Azərbaycan ərazisində hər hansı bir başqa xarici qüvvələrin yerləşməsinin müzakirə mövzusu olmadığını, işğaldan azad olunmuş ərazilərin təhlükəsizliyinin təmin edildiyini, müntəzəm reydlər keçirildiyini, buna görə vəziyyətin tam nəzarət altında olduğunu bildirdiyi qeyd olunub.

Məlumatlarda, həmçinin Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasına dair Prezident Ilham Əliyevin fikirlərinə yer verilib.

Mətbuat konfransında, habelə Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin qovulduğu ərazilərə qayıtmasının qrafiki məsələsinə də toxunduğu, onların qayıtmasından öncə ərazilərin minalardan təmizlənməli olduğunu, ziyanın qiymətləndirilməsinin tamamlanmalı, infrastrukturun bərpa edilməli, şəhər və kənd planlamasının başa çatdırılmalı olduğunu bildirdiyi qeyd edilib. Habelə Prezidentin sözlərinə istinadən vurğulanıb ki, Qarabağ “yaşıl enerji” zonası elan edilib və Füzuli Beynəlxalq Hava Limanının bu payız istifadəyə verilməsi planlaşdırılıb. Hazırda həmin hava limanı ilə yanaşı, Şuşa şəhərinə də iki magistral yolun tikildiyi, Laçın və Zəngilan hava limanları da inşa ediləcəyi, Zəngilanın əhəmiyyətli bir logistik mərkəzə çevriləcəyi vurğulanıb.

Prezident İlham Əliyevin davamlı sülh və təhlükəsizliyin 10 noyabr Bəyanatına sadiq qalmaqla, revanşizmdən çəkinmək və əməkdaşlığa üstünlük verməklə təmin edilə biləcəyini, məqsədin üçtərəfli əsasda əlaqəni bərpa etmək və Zəngəzur dəhlizini yaratmaq olduğunu, bunun reallığa çevriləcəyi halda Ermənistanın da sülhdən faydalanacağını bildirdiyi qeyd olunub.

Yazılarda ölkə başçısının erməni tərəfinin minalanmış sahələrin xəritələrini təqdim etməməsini cinayət kimi qiymətləndirdiyi, bu səbəbdən müharibə bitdikdən sonra həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında həlak olanların olduğunu, minalanmış sahələrin xəritələrini ölkəmizə verməməyin dinc vətəndaşları və hərbi qulluqçuları bilərəkdən ölümə və şikəstliyə məhkum etmək demək olduğunu bildirdiyi diqqətə çatdırılıb.

Teqlər: