Prezident İlham Əliyevin liderliyi ilə dünya azərbaycanlıları “dəmir yumruq” kimi birləşib – Sevil Mikayılova

Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın mədəniyyət
paytaxtı Şuşada keçirilməsi olduqca qürurvericidir. Ötən
qurultaylardan fərqli olaraq, bu dəfə Azərbaycan diaspor
təmsilçiləri qalib xalqın nümayəndələri kimi bir araya gələcək.
Tədbirdə 65 ölkədən 400-ə yaxın diaspor nümayəndəsinin iştirakı
gözlənilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
ordumuzun işğaldan azad etdiyi torpaqlarda diaspor nümayəndələrinin
görüşməsi, müzakirələr aparması Qarabağ həqiqətlərinin dünyaya
çatıdırlması kimi, Qarabağın bərpasına da öz töhfəsini verəcək.
Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində diaspor
təşkilatlarının fəaliyyəti yeni reallıqlar fonunda uğurla davam
edir.

Bunu AzerTimes-ın sualına cavabında Milli Məclisin deputatı Sevil
Mikayılova bildirib.

S.Mikayılova qeyd edib ki, Azərbaycan Respublikası
müstəqilliyini bərpa etdikdən sonra xarici ölkələrdə yaşayan
soydaşlarımızla əlaqələr xeyli genişlənib və diasporla iş dövlət
siyasətinə çevrilib. Azərbaycanda diaspor quruculuğuna hələ
ümummilli lider Heydər Əliyevin dövründə və onun rəhbərliyi altında
başlanılıb. Heydər Əliyevin rəhbərliyi ilə 1999-cu ilin dekabr
ayında dünya azərbaycanlılarının I qurultayı keçirilib, 2002-ci
ildə isə Azərbaycanın diaspor siyasətini koordinasiya etmək məqsədi
ilə Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycanda 31
dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün bayram kimi
qeyd olunması ümummilli diasporun formalaşmasında, Azərbaycan
lobbisinin inkişafında başlıca məqamlardan biri olmuşdur.

S.Mikayılova qeyd edib ki, müstəqillikdən ötən illər ərzində
Azərbaycan diaspor təşkilatları ciddi inkişaf yolu keçib. Prezident
İlham Əliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun
yaradılması haqqında Fərman imzalayıb. Birinci vitse-prezident
Mehriban Əliyevanın təşəbbüsü ilə xaricdə azyaşlı uşaqlar üçün
“Qarabağ” adlı Azərbaycan məktəbləri təsis olunub. Bu gün həmin
məktəblərdə 250-dən artıq azərbaycanlı uşaq ana dilində təhsil
alır.

“Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində dünya
azərbaycanlılarının konsolidasiyasında yeni mərhələnin başlanğıcı
qoyulub, azərbaycançılıq həm Azərbaycanda, həm də bütün dünyada
yaşayan azərbaycanlılar üçün əsas ideyaya çevrilib. Qazanılmış
nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, dünya
azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə zəmin olub”.

Deputat vurğulayıb ki, son dövrlər Azərbaycan diaspor
təşkilatları uğurla inkişaf edir, koordinasiya mərkəzləri
yaradılır.

“Tarixi qələbə qazandığımız ikinci Qarabağ müharibəsində də
diasporamızın uğurlu fəaliyyəti Azərbaycanın haqq savaşına öz
töhfəsini verdi. Həm lobbiçilik, həm diaspor istiqamətində atılan
addımlarla ikinci Qarabağ müharibəsində Azərbaycan diasporunun
bütün nümayəndələri Ali Baş Komandanın ətrafında “dəmir yumuruq”
kimi birləşməyi bacardı.

Bu dövrdə diaspor nümayəndələri dünyanın 30-dan çox ölkəsində
200-dək aksiya keçirdi və Azərbaycanın haqq səsini dünyaya
çatdırmağa çalışdı. Bu aksiyalarda ümumilikdə 25 mindən çox
soydaşımız və dost xalqların nümayəndələri iştirak edib.

50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor
təşkilatı tərəfindən müxtəlif ölkələrin dövlət və hökumət
rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara
bəyanatlar, müraciətlər göndərilib. Bu da onu göstərir ki,
Azərbaycan diasporu milli maraqlar üçün əlindən gələni etməyə
hazırdır”, – əlavə edib.

S.Mikayılova qeyd edib ki, diaspor təşkilatlarının səmərəli
fəaliyyət göstərməsi üçün görülən tədbirlər xaricdə yaşayan
soydaşlarımız arasında milli maraqlara, Azərbaycanın nüfuzunun
artmasına xidmət göstərmək istəyini motivasiya edib və hər kəsin
vahid məqsədlər üçün bir mövqedə birləşməsinə stimul verib.

Teqlər: