Dünya Azərbaycanlılarının Qurultayının Şuşada keçirilməsi həm də
dünyaya bir mesajdır. Dünyanın dörd bir yanından azad Qarabağa
gələn soydaşlarımız Şuşadan dünyaya birlik, haqq-ədalət, sülh
mesajı verir – Biz güclü, qətiyyətli, eyni zamanda sülhsevər,
humanist xalqıq. Əlbəttə ki, bütün bunlar hər birimiz üçün əvəzsiz
sevinc və qürur hissi yaşadır. Çünki, diaspor nümayəndələrimiz ilk
dəfədir ki, azad Qarabağda, azad Şuşada toplaşır. Türk dünyasının
mədəniyyət paytaxtı olan Şuşa daha bir möhtəşəm tarixi hadisəyə ev
sahibliyi edir.
Trend xəbər verir ki, bu fikirləri Trend BİA-nın Baş direktor
müavini, siyasi ekspert Sahil Kərimli deyib.
“Sözsüz ki, bütün sahələrdə əldə edilən qələbələrimizin müəllifi
Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Prezident İlham Əliyevin
birbaşa nəzarəti və qarşıya qoyduğu konkret vəzifələrin nəticəsi
olaraq son illərdə Azərbaycan diasporu da çox böyük inkişaf yolu
keçib. Dünyanın hər bir yerində güclü diasporumuz formalaşıb və
Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması
istiqamətində böyük işlər görülüb. Prezident İlham Əliyevin bütün
büynəlxalq tribunalarda ölkəmizin milli maraqlarını, haqqlı
mövqeyini müdafiə etməsi, qətiyyətli bəyanatları eyni zamanda
diasporumuz üçün bir yol xəritəsi olub.
Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan diasporu
güclüdür, ölkəmizin dövlət və milli maraqlarının xaricdə
qorunmasında xüsusi rol oynayır. Biz 44 günlük Vətən Müharibəsi
dövründə də bunun şahidi olduq. Xalqımız həm ölkə daxilində, həm də
xaricdə bir yumruq kimi birləşdi, Prezident İlham Əliyevin
rəhbərliyi ilə qazanılan Qarabağ Zəfərinə öz töhvəsini verdi.
Azərbaycan diaspor təşkilatları eyni zamanda erməni diasporu
üzərində də qələbə qazandı. Yalan və saxta faktlar əsasında
formalaşan erməni təbliğatı darmadağın edildi, erməni diasporunun
əsl siması, iç üzü tanıdıldı.
Bu gün hər bir azərbaycanlı dünyanın istənilən yerində başıuca,
alnıaçıq gəzir. Çünki, bizə artıq məğlub kimi baxmırlar, biz qalib
xalqıq. Biz Azərbaycan xalqının qəhrəmanlığını, qətiyyətini bütün
dünyaya göstərmişik. Növbəti günlərdə dünya azərbaycanlılarının
ürəyi Şuşada döyünəcək, qürurumuz göylərə ucalacaq. Prezident İlham
Əliyevin formalaşdırdığı və gücləndirdiyi Azərbaycan disaporu
Qələbələrimizi Şuşada qeyd edəcək. Bu bənzəri olamayan sevinc
hissidir”, – deyə S.Kərimli qeyd edib.