Prezident İlham Əliyevin “El Pais” qəzetinə müsahibəsi böyük siyasi əhəmiyyətə malikdir – Kamaləddin Qafarov

“Bu gün bütün dünya, o cümlədən Avropa Birliyinə daxil olan ölkələr Azərbaycanın yaratdığı yeni regional reallıqları qəbul edir və Cənubi Qafqazda öz təşəbbüslərini məhz bu reallıqlar əsasında formalaşdırmağa meyllənirlər. Azərbaycan-Ermənistan münasibətlərinin mövcud durumu da bütün Avropa ictimaiyyəti üçün kifayət qədər böyük maraq doğurur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais” qəzetinə verdiyi müsahibənin mövzusu da əsasən məhz marağın doğurduğu suallar ətrafında formalaşmışdır. Qeyd etmək lazımdır ki, bu müsahibə post-müharibə dövründə regionda gedən proseslər, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması, tərəflərin imzaladıqları üçtərəfli bəyanatlardan irəli gələn öhdəlikləri hansı səviyyədə yerinə yetirmələri və digər bu kimi vacib məsələlər barədə məlumatların Avropa və dünya ictimaiyyətinə çatdırılması baxımından böyük siyasi əhəmiyyət kəsb edir.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin müsahibəsində ən xırda detallara qədər konkret və dolğun cavablar verməsi istər Vətən müharibəsinin gedişində, istərsə də post-müharibə dövründə bütün məqamlara xüsusi diqqət ayırdığından və bu məsələlərdə qətiyyən heç bir boşluğa yol verilmədiyindən xəbər verir: “İlk növbədə, Azərbaycan Prezidenti öz müsahibəsində Ermənistanla sərhəddə mövcud vəziyyət, eləcə də qarşı tərəfin hərbi əməliyyatlar başa çatdıqdan sonrakı təxribatları barədə məlumat verərək, ölkəmizin yalnız sülh və sabitlik istədiyini aydın və qəti şəkildə vurğulamış oldu. Müharibədən keçən 1 il ərzində vəziyyətin nisbətən sabit olduğunu qeyd edən dövlət başçımız stabilliyin məhz Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə daha dayanıqlı olduğunu da vurğuladı. Həqiqətən də Ermənistan-Azərbaycan sərhədində olan vəziyyət daha çox gərginliyi ilə diqqəti cəlb edir ki, bu da bütün hallarda yalnız Ermənistanın qisas almaq cəhdləri ilə izah oluna bilər.

İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyəti çox ağrılı oldu. Bu məğlubiyyət ermənilərin otuz il ərzində şişirdikləri “yenilməz ordu”, “cəsarətli əsgər və komandirlər” haqqında miflərini məhv etdi. 44 gün davam edən müharibə zamanı Ermənistan ordusu tamamilə darmadağın oldu və onlar ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldılar. Məhz buna görə də bu gün erməni separatçıları ölkədə revanşizm əhval-ruhiyyəsini yaşatmaq ümidilə ara-sıra təxribatlara gedirlər.”

Kamaləddin Qafarov Prezident İlham Əliyevin müsahibəsində Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiya və delimitasiyasının vacibliyini də diqqət mərkəzinə çəkildiyini vurğulayıb: “Məlumdur ki, bu gün Cənubi Qafqazda davamlı sülhə və sabitliyə nail olmaq üçün, ilk növbədə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmalıdır. Bunun üçün isə iki ölkə arasında sərhədlərin demarkasiya və delimitasiyası vacib şərtdir. Öz müsahibəsində Prezident İlham Əliyev bu problemin də tezliklə həll olunmasının zəruriliyini vurğulamışdır. Dövlət başçımız bildirmişdir ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədi hələ də təyin olunmayıb. Azərbaycan Ordusu bu gün ölkəmizin dövlət sərhədində mövqe tutub. Lakin Ermənistan Azərbaycanın hər hansı bir səbəb olmadan Ermənistanın ərazisinə müdaxilə etməsi ilə bağlı əsassız iddialar irəli sürür. Halbuki, Azərbaycan Qarabağ müharibəsinin bitməsindən sonra dərhal Ermənistana sərhədlərin demarkasiyası üzərində işləməyə başlamağı və delimitasiya üzrə birgə işçi qrupunu yaratmağı və ərazidə bütün mübahisələri masa üzərində aydınlaşdırmağı təklif edib. Bunun müqabilində isə Ermənistan müharibə bitəndən sonra bir ildən çox müddətdə dövlət sərhədində bir neçə dəfə hərbi təxribatlar törətməyə cəhd edib. Lakin nəticədə onlar öz hərbi mövqelərini itirdilər, Azərbaycan isə dövlət sərhədində mövqelərini gücləndirdi. Azərbaycan Prezidenti növbəti dəfə qəti şəkildə bəyan etdi ki, bizim ölkəmiz sülh və sabitlik istəyir. Buna görə də biz Ermənistanın bütün manevrlərini, yenidən qruplaşmalarını və bizə təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün bütün cəhdlərini çox yaxından izləyəcəyik. Bunun baş verdiyini görsək, təhlükəni dərhal aradan qaldıracağıq və onlar bunu bilirlər.”

Millət vəkili Prezident İlham Əliyevin öz müsahibəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyi baxımından mövqeyinin getdikcə daha da möhkəmlənməsi barədə səsləndirdiyi fikirlərin müstəsna əhəmiyyətini vurğulayaraq deyib: “Bu gün Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında rolu getdikcə öz əhəmiyyətini artırmaqdadır. Bu məsələ “El Pais” qəzetinin müxbiri tərəfindən Azərbaycan Prezidentinə verilən suallarda da öz əksini açıq-aydın tapıb. Müxbir son vaxtlarda Avropa İttifaqının qaz ehtiyatlarının azalmaqda olduğunu, qazın qiymətinin isə artdığını vurğulayıb və Aİ-nin hazırkı böhranın öhdəsindən necə gələ biləcəyinə dair Prezident İlham Əliyevin fikirlərini soruşub. Buna cavab olaraq Azərbaycan Prezidenti XXI əsrin ən mühüm infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizi layihəsinin ötən ilin son günündə başa çatdırıldığını xatırladıb və bildirib ki, layihənin dördüncü seqmenti – Transadriatik qaz kəməri 2020-ci il dekabrın 31-də istismara verilib və həmin vaxtdan Azərbaycandan Avropaya qaz ixracı başlanıb. Bu gün Azərbaycan qazının ən böyük istehlakçısı İtaliyadır, sonra isə Yunanıstan və Bolqarıstandır. Dövlət başçımız qeyd edib ki, burada coğrafiyanı genişləndirmək üçün potensial mövcuddur. Belə ki, 2023-cü ildən ölkəmizin 11 milyard kubmetr qaz ixrac etməyi planlaşdırılır və bu rəqəm arta da bilər. Azərbaycanın nəhəng qaz ehtiyatları var və ölkəmiz Avropaya təbii qazın ənənəvi təchizat marşrutlarından daha qısa marşruta malikdir. Dövlət başçımız qeyd edib ki, Azərbaycan Avropanın etibarlı tərəfdaşı və dostudur. Artıq Bakıdan İtaliyaya qədər uzanan, bir hissəsi dənizin dibi ilə gedən 3500 kilometrlik boru xətti inşa edilib və bu magistralla qaz Avropaya idxal olunur. Burada görüləcək iş Avropa Komissiyası və bizdən daha artıq həcmdə qaz almaq istəyən və ya yeni həcmdə qaz idxal etmək arzusunda olan ölkələrlə təmas qurmaq və danışıqlara başlamaqdan ibarətdir. Şübhəsiz, Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsində getdikcə artan rolu ölkəmizin mövqelərini daha da gücləndirir, beynəlxalq nüfuzunu daha da artırır. Bu isə Azərbaycanın bundan sonra daha sürətli inkişafını və daha güclü bir dövlətə çevrilməsini təmin edəcək zəruri amillərdən biridir.”

Teqlər: