Prezident İlham Əliyevin BBC-yə müsahibəsi hələ də gündəm olaraq qalır – Sevil Mikayılova

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin 44 günlük müharibə dövründə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq məqsədilə dünyanın 30-a yaxın KİV-nə verdiyi canlı müsahibələr böyük rezonans yaratmışdı.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Onun sözlərinə görə, beynəlxalq auditoriya ilə birbaşa təmasın olması müharibənin ideoloji cinahında da uğurumuzu təmin etdi: “Ali Baş Komandan bununla mənfur qüvvələrə ədalətli işimizin üzərinə kölgə salmağa, qara məqsədlər üçün istifadə etməyə imkan vermədi. Müharibə ilə bağlı məlumatları yaxından izləyən auditoriya üçün ilkin mənbədən məlumatlandırılmaq şübhəsiz çox vacib idi. Cənab Prezident həm ölkə daxilində, həm də onun xaricində obyektiv informasiya mühitini yaratmağa nail oldu. Bu, çətin, lakin doğru hədəflənmiş siyasət idi. Cənab Prezidentin bütün müsahibələri xüsusi maraqla qarşılanırdı. Məsələn, Yaponiyanın “Nikey” qəzetinə müsahibəsi ən çox oxunan material olmuşdu, BBC-yə müsahibəsi isə böyük rezonans doğurmuşdu. Hələ də izlənilən bu məşhur müsahibə bu vaxta qədər 3 milyondan artıq baxış qazanıb, sosial şəbəkələrdə isə üstündən 6 ay keçməsinə baxmayaraq, müzakirə olunur. Sosial şəbəkə istifadəçiləri Prezident İlham Əliyevə öz rəğbətlərini səmimi ifadə edir, onun haqlı mövqeyinə dəstək ifadə edirlər. Məsələn, Twitter-in xarici istifadəçilərindən biri “O, haqlıdır!”, digəri “O, həqiqəti söyləyir!” kimi şərhlər yazıb”.

Millət vəkili əlavə edib ki, Prezident İlham Əliyevin media ilə birbaşa ünsiyyəti Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasında əvəzsiz addım idi, lakin enyi zamanda ölkəmizin hazırkı inkişaf səviyyəsi, dövlət başçısının apardığı siyasi kurs, ümümbəşəri dəyərlərin cəmiyyətimizdə dövlət tərəfindən dəstəklənib qorunması ilə bağlı da beynəlxalq ictimaiyyətdə aydın təsəvvür yaratmaq baxımından çox mühüm gediş idi.

Teqlər: