Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi möhtəşəm hadisə oldu – Xan Şuşinski Fondunun rəhbəri

Xəbər - Vüqar İmanov – Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi möhtəşəm hadisəyə çevrilib və ölkənin şanlı tarixinin qızıl salnaməsinə yazılacaq.

Bunu Trend Life-a müsahibəsində Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyeva deyib.

Bəyimxanım Cavanşirova-Verdiyeva əfsanəvi muğam ifaçısı Xan Şuşinskinin (İsfəndiyar Aslan oğlu Cavanşir) qızıdır, Qarabağ xanlığının və xanı Pənahəli xan Cavanşirin, onun oğlu, Qarabağ xanlığının ikinci xanı İbrahimxəlilin və nəvəsi general-mayor Məhəmmədhəsən ağa Cavanşirin bilavasitə nəslinin nümayəndəsidir.

“Bütün dünya azərbaycanlılarını bu gözəl bayram münasibətilə təbrik edirəm! Azərbaycan Prezidenti İlham Əliyevə qarabağlılar və şuşalılar adından dərin minnətdarlığımı bildirirəm! Şəhidlərin xatirəsi qarşısında baş əyirəm və Vətən Müharibəsinin qazilərinə şəfa diləyirəm. Böyük xoşbəxtlikdir ki, 2022-ci ildə 30 ilə yaxın işğaldan sonra azad edilən Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Şəhər böyük dağıntılara məruz qaldı, amma qürurla dayandı və indi rahat nəfəs alıb yaralarını sağalda bilər. Şuşa hamımızı əziz və isti qucağına gözləyir. Bu il parlaq və təntənəli tədbirlərlə – festivallar, konsertlər, müsabiqələr, sərgilər, yaradıcılıq layihələri, poeziya gecələri, yubileylərlə yadda qalacaq, qədim mədəniyyətimizin və incəsənətimizin bütün palitrası təqdim olunacaq. Hər bir azərbaycanlı üçün müqəddəs olan şəhərə tez-tez səfərlər təşkil olunacaq, o cümlədən xarici qonaqlar üçün. Şuşa öz əzəmətini qaytaracaq və bütün dünya bu şəhərdə baş verən hadisələri izləyəcək! Erməni vandalları tərəfindən işğalı zamanı ciddi ziyan dəymiş Şuşa şəhərinin bərpasının sürətləndirilməsi prosesi də baş tutacaq. Bütün bərpa işlərindən sonra təbiəti və memarlığı ilə gözəl olan şəhər həm də turizm mərkəzinə çevriləcək, dünyanın hər yerindən buraya qonaqlar gələcək. Şəhər işğaldan azad ediləndən sonra mən iki dəfə Şuşada oldum, atamın dağılmış evini ziyarət etdim, atamın evi də şəhərin digər abidələri və memarlıq obyektləri kimi bərpa ediləcək. Ötən ildə şəhərin, tarixi yerlərin bərpasının, həyatın şəhərə qayıdışının necə sürətlə getdiyinin şahidi olduq və bütün şuşalıların öz yurd-yuvalarına qayıdacağı gün uzaqda deyil. 44 günlük Vətən Müharibəsində Qələbədən sonra hər birimiz başımız dik gəzirik ki, bu da Ali Baş Komandan İlham Əliyevin və igid ordumuzun, qəhrəman əsgər və zabitlərimizin, xalqımızın sayəsində əldə olunub”, – deyə Bəyimxanım Cavanşirova-Verdiyeva qeyd edib.

Onun sözlərinə görə, Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi əlamətdar hadisədir, çünki şəhər uzun müddət musiqi beşiyi kimi tanınıb və tükənməz istedadlar xəzinəsi sayəsində ölkəyə söhrət gətirib. Şuşa həmişə Azərbaycan musiqisinin və poeziyasının məbədi və beşiyi, Qafqazın Konservatoriyası adlandırılıb.

“Düşünmək olar ki, necə bu kiçik şəhərdən yüzlərlə məşhur şəxsiyyətlər çıxıb, müxtəlif sahələrdə yaradıb, yaradıblar? Məsələ burasındadır ki, mənim ulu babam Pənahəli xan 1752-ci ildə Şuşanın əsasını qoyanda öz dövrünün ən yaxşı, görkəmli ustadlarını buraya toplayıb. Burada görkəmli şairlər, yazıçılar, ifaçılar, musiqiçilər, xalçaçılar, memarlar, incəsənət xadimləri, elm və maarif xadimləri yaşayıb-yaratmışlar. Onlar təkcə əsl ustadlar deyil, həm də gözəl qəlbli insanlar idi! Məhz bu köklərin indi bəhrəsini görürük! Azərbaycan musiqi sənətinin muğam kimi qədim və özünəməxsus növü məhz burada yaranıb. Sevindirici haldır ki, ötən il atam Xan Şuşinskinin 120 illik yubileyi yüksək səviyyədə qeyd olundu. Onun “Şuşanın dağları başı dumanlı” əsəri və səsləndirdiyi “Qarabağ şikəstəsi” Şuşanın və Qarabağın rəmzinə, bir növ himninə çevrilib. Üstəlik, hesab edirəm ki, Şuşa təkcə Qafqazın deyil, bütün Şərqin konservatoriyası idi, çünki hər həyət, küçə, ev yaradıcılıqla, quruculuqla nəfəs alır, yaşayırdı. Məsələn, heç də təsadüfi deyil ki, Şuşada fəaliyyət göstərmiş dahi bəstəkar Üzeyir Hacıbəyli Azərbaycan müasir peşəkar musiqi sənətinin banisi, Şərqdə ilk opera olan “Leyli və Məcnun”un müəllifidir. Sevindirici haldır ki, ötən il möhtəşəm “Xarıbülbül” musiqi festivalı və Vaqifin poeziya günləri keçirilmişdir”, – deyə Bəyimxanım Cavanşirova-Verdiyeva bildirib.

Xan Şuşinski Fondunun rəhbərinin sözlərinə görə, təkcə Azərbaycan deyil, həm də dünya əhəmiyyətli zəngin mədəniyyət və tarixi abidələr sayəsində, hələ sovet dövründə, 1977-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Şuşa qoruq şəhərinə statusu verilmişdir, yaradıcılıq işləri geniş vüsət almışdır, mədəniyyət və incəsənətimizin böyük xadimləri – Üzeyir Hacıbəylinin, Xurşudbanu Natəvanın və Bülbülün ev-muzeyləri, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi və s. yaradılmış, əhəmiyyətli layihələr, festivallar keçirilib.

“Bildiyiniz kimi, 1982-ci il yanvarın 14-də Şuşada Vaqif məqbərəsinin açılış mərasimində ulu öndər Heydər Əliyev və görkəmli ictimai və mədəniyyət xadimləri iştirak etmişlər. Bu, sovet illərində, hakimiyyətin tariximizi unutdurmağa çalışdığı, bəylərimizi, xanlarımızı xatırlamağı qadağan etdiyi dövrdə əlamətdar hadisə idi.

Axı Molla Pənah Vaqif Qarabağ xanlığının, onun hökmdarı, Pənah Əli xanın oğlu İbrahim Xəlil xanın vəziri idi. O, təkcə böyük şair deyil, həm də böyük dövlət xadimi və diplomat olub, Şuşada bir çox obyektlərin tikintisində iştirak edib. Və bu məqbərənin tikilməsi və SSRİ-nin hər yerindən görkəmli nümayəndələrin iştirakı ilə Vaqif poeziyası günlərinin keçirilməsi təsadüfi deyildi. Ulu öndər Heydər Əliyev Qarabağ torpağının əzəmətini hər kəsə göstərmək, bu müqəddəs torpağın xatirəsini nəsillərə ötürmək istəyirdi. Atasının vəsiyyətinə uyğun olaraq Azərbaycan Prezidenti İlham Əliyev nəinki Qarabağı işğalçılardan azad etdi, həm də əvvəlcə Şuşada dağıdılmış Vaqifin məqbərəsinin bərpası və Vaqif poeziyası günlərinin keçirilməsi barədə göstəriş verdi. Prezident İlham Əliyev öz müdrik və uzaqgörən siyasəti, xalqa sevgi və qayğısı ilə, qalib bir Ali Baş Komandan kimi adını ölkənin qızıl salnaməsinə qızıl hərflərlə yazdı. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli irsə, mədəniyyət və incəsənətə, muğama, yaradıcı şəxsiyyətlərə, sənətimizin bütün dünyada təbliğinə, gənc nəslin vətənpərvər ruhda, yüksək mənəvi-əxlaqi dəyərlər üzərində tərbiyə edilməsinə qayğı və diqqət yetirilməsində rolunu xüsusi qeyd etmək istərdim. Bizi möhtəşəm, əminəm ki, ölkəmizin şanlı tarixinə yazılacaq 2022-ci il – Şuşa şəhəri ili gözləyir”, – deyə Bəyimxanım Cavanşirova-Verdiyeva əlavə edib.

Teqlər: