Prezident İlham Əliyevə ünvanlanan təbrik məktubları göstərir ki, Azərbaycan dünya birliyinin ən etibarlı tərəfdaşıdır – Vüqar Rəhimzadə

Azərbaycanın sivil dünyaya inteqrasiyasını təmin etməklə qloballaşma dövrünün çağırışına uyğun müasir, modern dövlət quran yeni əsrin yeni lideri, möhtərəm Prezidentimiz İlham Əliyev 2020-ci ildə adını qalib ölkənin qalib Sərkərdəsi kimi tarixə yazdı. Şübhəsiz, ən çətin məqamlarda belə dövlətin, xalqın maraqlarına uyğun qərarlar verməsi cənab İlham Əliyevin qətiyyətli mövqeyindən, siyasi iradəsindən, liderlik fəlsəfəsindən, dövlətçilik təcrübəsinin zənginliyindən irəli gəlir. Müasir şəraitdə Azərbaycanın intellektual potensialının inkişafı, texnoloji innovasiyaların təkmilləşdirilməsi, bütün sahələrdə tərəqqi möhtərəm Prezidentimizin titanik fəaliyyətinin başlıca hədəflərindəndir.

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 103 illik tarixi vərəqlənəndə müstəqilliyimizin bərpasından keçən son 30 ildə Heydər Əliyev siyasətinin uğurlarını daha aydın görür, qalib ölkənin vətəndaşı olmaqdan böyük qürur hissi keçiririk. Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanlanan təbrik məktubları göstərir ki, Azərbaycan dünya birliyinin ən etibarlı tərəfdaşı, qlobal layihələrin təşəbbüskarı, dünyada sabitliyin bərqərar olunması üçün təcrübəsi öyrənilən tolerant ölkədir. Dövlətimizin başçısı isə qətiyyətli mövqeyi, nəyi nə zaman etmək lazım olduğunu bilmək bacarığı ilə beynəlxalq arenada böyük hörmət və nüfuz sahibidir.

Bu fikirləri «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AzerTimes-a açıqlamasında bildirib.

V.Rəhimzadə Azərbaycanın malik olduğu imkanların, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin yaratdıqları möhkəm siyasi və iqtisadi bazanın ölkəmizin hər bir çətinlikdən uğurla çıxmasını təmin etdiyini vurğulayıb: “44 günlük İkinci Qarabağ müharibəsi, 2019-cu ildən dünyanı cənginə almış COVID-19 pandemiyası ilə mübarizə tədbirləri Azərbaycanın malik olduğu imkanların, həmçinin beynəlxalq aləmdə yerinin və rolunun təqdimatında əhəmiyyətli rol oynadı. Ən əsası Azərbaycan dünyaya bu mesajı ünvanladı ki, səmimiyyət, qarşılıqlı hörmət prinsipləri əsasında birlik, həmrəylik nümayiş etdirərək, beynəlxalq hüququn norma və prinsiplərini öndə saxlamaqla hədəflərə yüksək səviyyədə nail olmaq mümkündür. COVID-19-la mübarizə tədbirləri çərçivəsində dövlətimizin başçısının təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin, BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi, 30-dan artıq ölkəyə humanitar yardımın göstərilməsi, vaksinasiya prosesində ədalət prinsipinin qorunması kimi çağırışlar Azərbaycanın siyasətində nə qədər düzgün, səmimi olduğunu, ən əsası ədalətə, beynəlxalq hüquqa önəm verdiyini ortaya qoyur.

ABŞ Prezidenti Cozef Baydenin dövlətimizin başçısı İlham Əliyevə təbrik məktubunda da bildirilir ki, Amerika Birləşmiş Ştatları ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına, işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir. ABŞ Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdardır, ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiqdir. Cənab İlham Əliyevə ünvanlanan təbrik məktubları bir daha Vətən müharibəsinin yaratdığı yeni reallıqların münasibətlərdə hansı səhifəni açdığını ortaya qoyur. Ümumiyyətlə, Azərbaycanın dünya birliyi ilə əlaqələrində yeni səhifənin açıldığını söyləsək, səhv etmərik. Çünki bugünədək bəzi dövlətlər kağız üzərində bir, əməldə başqa mövqe nümayiş etdirsələr də artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli 30 ilə yaxın dövrün reallıqlarını hərtərəfli şəkildə nümayiş etdirərək, sanki dünyaya sözlə əməl birliyinə riayət etmək çağırışını ünvanladı”.

Baş redaktor diqqəti Prezident İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirdiyi müzakirələrdə səsləndirilən fikirlərə, ona ünvanlanan suallar fonunda dövlətimizin başçısının faktlara, reallığa əsaslanan cavablarına yönəldərək bildirib ki, bu tədbirdə də Azərbaycanın xarici siyasət uğurları önə çəkildi. Ölkəmizin təşəbbüsü ilə keçirilən beynəlxalq səviyyəli tədbirlər, həmçinin Rusiya və ABŞ-ın ən yüksək rütbəli hərbi rəsmilərinin bir araya gəlib fikir mübadiləsi aparmaq üçün ən sabit, təhlükəsiz məkan kimi Azərbaycanı seçmələri də təsadüfi deyil. Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında yer alır. Eyni zamanda, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar, ən əsası heç bir dövlətin daxili işinə müdaxilə etməmək prinsipləri əsasında əlaqələr qurur və bu münasibətlərin müxtəlif prioritetlər üzrə inkişafını stimullaşdırır.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla birgə təşkil etdiyi biri-birindən önəmli konfranslarda, sivilizasiyalararası dialoqlarda, humanitar forumlarda dünyanı düşündürən hədəflərin əks olunduğu çağırışların məhz Bakıdan səslənməsi, beynəlxalq aləmə sülh, birlik, həmrəylik mesajlarının ünvanlanması ölkəmizə humanitar platforma kimi nüfuz qazandırmaqdan əlavə həm də dünyanın supergüclərinin ən yüksək rütbəli hərbi rəsmilərinin bir araya gəlmək üçün ölkəmizi məkan seçmələri Azərbaycanın müdafiə qüdrətinin təqdimatıdır. 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun yazdığı tarix bu təqdimatı daha da zənginləşdirdi. Bu gün Azərbaycanın hərbi təcrübəsi beynəlxalq səviyyədə öyrənilir, texnoloji proseslərin inkişafı, torpaq, Vətən sevgisi ruhunda Qələbənin təmin edilməsi sahəsində qazandığımız Zəfər geniş təhlil olunur.

“Möhtərəm Prezidentimiz İlham Əliyev 44 günlük Vətən müharibəsində dünyanın 30-a yaxın nüfuzlu media qurumuna verdiyi müsahibələrdə, fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz üçün yeni baxış – müharibə sonrası inkişaf və əməkdaşlıq” mövzusunda dəyirmi masada, mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirdiyi müzakirələrdə Ermənistanın 30 illik işğal siyasəti, müharibə və postmüharibə dövrləri ilə bağlı bütün məsələlərə aydınlıq gətirdi. Dövlətimizin başçısının təşəbbüsü, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə mayın 12-13-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən «Xarıbülbül» musiqi festivalı böyük siyasi-mədəni tədbir kimi milli-mənəvi dəyərlərimizin və tolerantlığın dünyaya təqdimatı olmaqla yanaşı, dünyaya dövlətimizin və xalqımızın mesajı oldu”, – deyə V. Rəhimzadə vurğulayıb.

Baş redaktor istər Respublika Günü münasibətilə dövlətimizin başçısı İlham Əliyevə ünvanlanan təbrik məktublarında, istərsə də videoformatda keçirilən konfranslarda, tədbirlərdə səsləndirilən fikirlər əsasında bu ümumiləşdirməni aparıb ki, 30 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycan bu gün böyük qürurla qalib, ən əsası ədaləti bərpa edən dövlət kimi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümünü qeyd edir: “Dövlətinin, xalqının gələcəyini düşənən Lider üçün əlbəttə, bu, böyük xoşbəxtlikdir. Ölkə Prezidenti gələcəklə bağlı dəqiq mesajlar verir və bildirir ki, 30 illik işğala, azad olunmuş ərazilərdə kütləvi dağıntılara baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Bütün bunlar isə kommunikasiyaların və yeni nəqliyyat dəhlizlərinin açılmasına bağlıdır. Zəngəzur dəhlizinin açılması yalnız Ermənistan və Azərbaycan üçün deyil, bütövlükdə region ölkələri üçün yeni imkanlar yaradacaq”.

Teqlər: