Prezident İlham Əliyevə Cəbrayıl şəhərinin inkişaf planı təqdim edilib (FOTO)

Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Prezident İlham Əliyevə Cəbrayıl şəhərinin inkişaf planını təqdim edilib.

Trend xəbər verir ki, sxem Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə təqdim olunub.

Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev: Cənab Prezident, ilk növbədə, Döyüş muzeyi və Memorial kompleks muzeyinin layihəsini təqdim etmək istəyirəm. İcazənizlə kiçik bir videoçarx nümayiş etdirək.

Videoçarx nümayiş etdirildi.

Anar Quliyev: Cənab Prezident, muzey kompleksi bu şəhərin ərazisidir və 3 fərqli məkanda müvafiq sərgilər təşkil olunacaq. Döyüş muzeyi şəhərin cənub hissəsində yaradılacaq.

Prezident İlham Əliyev: Giriş hissəsində?

Anar Quliyev: Bəli, şəhərin giriş hissəsində. Həm də həqiqətən Cəbrayılın bu hissəsində çox şiddətli tank döyüşləri gedib. Bildiyiniz kimi, oktyabrın 4-ü şəhər işğaldan azad olunandan sonra işğalçılar tərəfindən bir neçə dəfə cəhdlər olub. Ordumuzun düşmənə cavabına uyğun olaraq muzey yeraltı səngərlər formasında qurulacaq. Ekspozisiyada döyüş strategiyaları, rəqəmsal baxış imkanları olacaq. Eyni zamanda, küçədə, açıq səma altında 4,5 hektarlıq ərazidə tanklar nümayiş olunacaq. Digər planşetdə həmin muzeyin sahəsi və yeraltı hissədə real səngərlər imitasiya olunacaq. Aparılan döyüşlərin səhnələri və Zəfər muzeyi bu ərazidə təşkil olunacaq. İcazənizlə, şəhərin digər ərazisində bir az əvvəl göstərdiyim kimi, yuxarı hissədə artıq Cəbrayıl Memorial Kompleks Muzeyi təşkil olunacaq.

Prezident İlham Əliyev: Dağılmış evlərin bəziləri saxlanılıb?

Anar Quliyev: Bəli, dağılmış evlərin bir hissəsi saxlanılıb.

Prezident İlham Əliyev: Lazımdır ki, heç kim unutmasın.

Anar Quliyev: Təbii ki, Sizin tapşırığınıza əsasən bir hissəsi saxlanılacaq və müasir həyata inteqrasiya olunacaq. Bəzilərindən qalereya şəklində və digər funksiyalarla istifadə olunacaq. Muzeyin öz binası bu hissədə olacaq. Bu hissədə isə Bayraq meydanı və Xudafərin körpüsündən ilhamlanaraq Zəfər tağı abidəsi yaradılacaq. Növbəti slaydlarda muzeyin strukturu, sahəsi haqqında bir qədər daha ətraflı məlumat verilir – birinci mərtəbədə 450 kvadratmetr, növbəti mərtəbələrdə 200 kvadratmetr. Burada həm bütün Qarabağın tarixi faktlarla, arxiv materialları ilə təqdim olunacaq, həm də Cəbrayıl haqqında məlumat, ondan sonra işğal dövründə Cəbrayıl əhalisinin çəkdiyi əziyyət, didərgin düşdüyü dövrə dair məlumatlar təqdim olunacaq.

Prezident İlham Əliyev: Dağıntılarla bağlı bütün məlumatlar olmalıdır, videoformatda. Yəni, istənilən adam gəlib görə bilsin, çünki bu dağıntıların böyük hissəsi götürüləcək. Dərs alınacaq ki, insanlar unutmasın, gəlib görsün nə gündə idi. Bir hissə qalacaq, yəni, dağılmış evləri biz saxlayacağıq, amma mütləq İşğal muzeyində olmalıdır. İndiki maketi də ola bilər. Siz onu işləyin və dağılmış vəziyyətdə maket olsun ki, hər gələn görə bilsin.

Anar Quliyev: Biz, əslində, planlaşdırma işlərindən əvvəl skanlaşdırırıq. Üçüncü məkan şərti olaraq Zəfər pavilyonu adlandırılır. Eyni zamanda, 4 oktyabr adı da şərti olaraq qoyulub. Bu kiçik tikili əsgərlərimizin, ordumuzun ilk azad edərək yerləşdiyi məkan olub və sonrakı günlər ərzində məhz bu məkanda həm strategiya qurulurdu, həm də idarə olunurdu.

Prezident İlham Əliyev: Onu elə bil ki, təkrarlayır?

Anar Quliyev: Bəli, əsas bina olduğu kimi saxlanılacaq, amma bir qədər müasirləşdirilərək. Hazırda da həmin binanın görüntüsü bu şəkildədir və orada artıq məhz ordumuza həsr olunan ekspozisiya təqdim ediləcək, təbii ki, müasir virtual metodlardan istifadə olunaraq.

X X X

Dövlətimizin başçısı Cəbrayıl Memorial Kompleksinin təməlini qoydu.

X X X

Prezident İlham Əliyev: Xahiş edirəm, bu tarixi gündə – muzeyin təməlqoyma mərasimində siz də fəal iştirak edin.

Sakin: Cənab Prezident, İnşallah, evlər tikilir, şərait yaradılır. Mən istəyərdim ki, Cəbrayılın bütün kəndləri bərpa ediləndə bizim Çaxırlı kəndində qonağımız olasınız, ayağınızın altında qurbanlar kəsək.

Prezident İlham Əliyev: İnşallah, çox sağ olun.

Sakin: Hər şeyə görə çox təşəkkür edirik. Qarabağ qazisi kimi Sizdən xahiş edirəm.

Prezident İlham Əliyev: Mütləq gələcəyik. Burada kəndlər qurulacaq, şəhər qurulacaq. Cəbrayıl ən gözəl şəhərlərdən birinə çevriləcək mütləq.

Qadın sakin: Cəbrayıllılar Sizi çox istəyir. Hamı, bütün Azərbaycan Sizi çox istəyir. Siz Azərbaycan tarixinə adınızı qızıl hərflərlə yazdınız. Sizdən yoxdur. Siz ləyaqətimizi, həm də torpağımızı bütövləşdirdiniz.

Prezident İlham Əliyev: Çox sağ olun. Mənim üçün ən xoş günlər sizinlə görüşməkdir. Bu günlərdə sizin sevincinizi görəndə mən də sevinirəm.

Sakin: Hamımız üçün əzizsiniz. Çox sağ olun.

Əli Həsənov: 2003-cü ilin oktyabrında cəbrayıllılar Sizi elə möhtəşəmliklə qarşıladılar ki, ondan sonra seçkiqabağı o cür möhtəşəm tədbir olmayıb.

Prezident İlham Əliyev: Biləsuvarda?

Əli Həsənov: Bəli, Biləsuvarda. Özü də 10 gün, 15 gün idi ki, çadır şəhərciyinə köçmüşdülər.

Prezident İlham Əliyev: Bəli, təzə köçmüşdülər.

Əli Həsənov: Orada 12 min cəbrayıllı var idi. Amma cənab Prezident, bu günlərdə, bu 44 gündə ortaya hələ çox brendlər çıxacaq. Onun biri də bu 17 ildə milli ruhda yetişdirdiyiniz gənclərdir, hansı ki, müharibədə nəticəsini gördük. O mərdlik, cəsarət, milli, hərbi vətənpərvərlik həmişə deyiləcək. Yəni, bundan sonra o brendlər hələ çox olacaq.

Prezident İlham Əliyev: Müharibə onu göstərdi. Heç düşmən də gözləmirdi. Onlar da gözləmirdilər. Onlar da bilmirdilər ki, belə bir nəsil yetişib, ölümə gedir.

Oqtay Həziyev: Cənab Prezident, bir məsələni də Sizə deyim, mən bayaq dedim Şuşada yaşayıram. Ancaq bildiyiniz kimi, Şuşa şəhəri işğaldan azad olunanda ermənilər orada su xətlərini dağıtmışdılar.

Prezident İlham Əliyev: Bəli, dağıtmışdılar.

Oqtay Həziyev: O qəza-bərpa qrupuna mən rəhbərlik edirdim. Bir ildir mən o xidməti aparıram, yaşamaq deyəndə onu deyirəm.

Prezident İlham Əliyev: Çox yaxşı. Qısa müddət ərzində. Onlar deyəsən Zarıslı xəttini dağıtmışdılar. Bir də ki, o biz bulaqlar bərpa edirik, onlar bütün bulaqları qurutmuşdular.

Oqtay Həziyev: Cəbrayılda da kəhrizi qurutmuşdular.

Prezident İlham Əliyev: Orada bir dənə də bulaqda su yox idi. Natəvan bulağı, ondan başqa 17 bulaq var, hamısını qurudublar.

Əli Həsənov: Faşistdirlər, başqa nə deyə bilərik. Dəfələrlə demisiniz ki, faşistdirlər.

Sakin: Cənab Prezident, axırıncı dəfə dediniz ki, onlar heç heyvan da deyillər.

Prezident İlham Əliyev: Vallah, elədir. Axı onu heç heyvan da etməz.

Sakin: Hamısını vəhşicəsinə dağıdıblar.

Anar Quliyev: Möhtərəm cənab Prezident, ilk növbədə, Cəbrayıl şəhərinə keçməmişdən əvvəl mən işğaldan azad edilmiş ərazilərlə bağlı aparılan işlərə qısaca toxunmaq istərdim. Sizin tapşırığınıza uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin ümumi planı üzərində iş gedir, artıq bitmək üzrədir. Bu, regional inkişaf sxemində şərti olaraq əsas nəqliyyat vektorları, paytaxtdan gedən vektorlar göstərilib və işğaldan azad olunmuş ərazidə cənub inkişaf vektoru, sənaye, logistika, kənd təsərrüfatı bu istiqamətdə əsas sahələrdən biri olacaq. Mərkəzi hissədə daha çox mədəniyyət, turizm, təhsil sahələrini, Laçın, Şuşa şəhərlərini birləşdirən vektordur. Yuxarı hissədə isə Tərtər, Kəlbəcər, daha çox şimal inkişaf vektoru – turizm, yenə də kənd təsərrüfatı və sənaye.

Cəbrayıl rayonunun gələcəyi haqqında danışanda təbii ki, iqtisadiyyatı, sosial-iqtisadi inkişafı ən önəmli məsələdir və Siz də qeyd etdiyiniz kimi, nəqliyyat dəhlizinin böyük bir hissəsi Cəbrayılın ərazisindən keçir. Burada üç magistral – iki avtomobil yolu və bir dəmir yolu üzərində hazırda iş aparılır. Eyni zamanda, bu gün təməlini qoyduğunuz “Araz Vadisi İqtisadi Zonası” burada göstərilib. Biz hazırda Əlaqələndirmə Qərargahı çərçivəsində alternativ enerji resursları üzərində də işləyirik. Artıq bu hissələrdə 240 kilovat gücü təmin edə biləcək günəş enerjisi təsərrüfatının təşkili planlaşdırılır. Növbəti sxemdə iqtisadi dayanıqlıqla bağlı bir neçə məqam əksini tapıb. Cəbrayıl rayonu faydalı qazıntılarla da kifayət qədər zəngindir, burada göstərilib. Kavdar qumundan yataqlar və sair.

Sakin: Kavdar bizim kəndimizdir. Buradan 5 kilometr o tərəfədir.

Prezident İlham Əliyev: Burada qum karxanası var?

Anar Quliyev: Bəli, qum yataqları var, Kavdar qumu.

Sakin: Balaca kənddir, adı qalıb, kənd yoxdur.

Anar Quliyev: Həmin məkanda 5 milyon kubmetrdən artıq qum yataqları var. Bununla yanaşı, vulkan külü tikinti materiallarının istehsalı üçün faydalıdır – daş, gəc, əhəng və s. Eyni zamanda, təbii ki, böyük turizm potensialı var. Burada tarixi abidələr də əhəmiyyət kəsb edir. Əsas istiqamətlər isə faydalı qazıntıların çıxarılmasıdır.

Prezident İlham Əliyev: Kənd təsərrüfatı nəyin üstündə idi?

Sakinlər: Üzümçülük, taxılçılıq, heyvandarlıq, baramaçılıq.

Sakin: Baramaçılıqda ən böyük 10 rayonun içərisində idik, 300 tona yaxın barama istehsal olunurdu.

Prezident İlham Əliyev: 300 ton, Azərbaycanda indi 500 ton barama istehsal olunur.

Sakin: Bəli, Arazboyu kəndlərin hamısı barama istehsal edirdi. Tut ağacları var idi, indi biri də qalmayıb.

Prezident İlham Əliyev: Onun hamısını əkəcəyik. İndi yeni növ ağaclar var, yarpaqları da böyükdür.

Sakin: Biz onlardan qəsəbələrdə əkmişdik.

Anar Quliyev: Üzüm bağları əsasən cənub hissədə, Arazboyu yerləşir və iqtisadiyyatın bunun üzərində qurulması planlaşdırılıb. Qeyd olunduğu kimi, sonra taxılçılıq, heyvandarlıq.

Əli Həsənov: Cəbrayıl ərazisinin ən yaxşı dövrü, yaşayış tərzi üzümçülüklə bağlı olub.

Sakin: 64 min ton üzüm yığılırdı.

Prezident İlham Əliyev: Gəlir gətirib?

Sakinlər: Bəli.

Prezident İlham Əliyev: Onda gərək biz üzüm bağlarını bərpa edək. Yerlər müəyyən olunub? Həmin yerlərdir?

Anar Quliyev: Biz harada ənənəvi bağlar olub, o yerləri bu xəritədə göstərmişik. Artıq növbəti müddət ərzində bu, tətbiq olunacaq. İndi isə icazənizlə şəhərin inkişaf sxemini təqdim etmək istərdim. Tünd rənglə şəhərin işğala qədər məskunlaşma ərazisi göstərilib – 335 hektar təşkil edirdi.

Prezident İlham Əliyev: 335 hektar?

Anar Quliyev: Bəli.

Prezident İlham Əliyev: Şuşadan bir qədər böyük.

Anar Quliyev: İnzibati sərhəd bir qədər böyük, amma məskunlaşma ərazisi 335 hektar idi. Yeni inkişaf etdiriləcək ərazilər sarı rənglə qeyd olunub.

Prezident İlham Əliyev: Bunlar kəndlərdir?

Anar Quliyev: Bəli, 3 kənd – Şahvələdli, Qurbancəfər və Xubyarlı kəndləri şəhərə o dövrdə də inteqrasiya olunmuş, birləşmiş kəndlərdir. Cənab Prezident, baş planın konseptual əsasları – deməli, bu məkan yaşayış yeri, məşğulluq üçün imkanlar və ictimai-sosial rifah üçündür.

Prezident İlham Əliyev: Şəhərin xəritəsində nəyin harada yerləşəcəyi ilə bağlı bölgü aparılıb?

Anar Quliyev: Bəli, sağ tərəfdə simvolik olaraq şəhərin iş, məşğulluq yerlərinin, yuxarı tərəfdə sənaye aqroparkının təşkili planlaşdırılır və rayonun ərazisində nisbətən kiçik bir azad sənaye zonası da olacaq. Burada şəhərin zonalaşdırılması təqdim olunur. Şəhərin mərkəzi bu bir nömrəli zonadır, yaşayış, inzibati və mədəniyyət binalarının əsasən yerləşdiyi ictimai işgüzar zonalar olacaqdır. Artıq mərkəzin qərbi 2 nömrəli zona, ondan sonra 3, 4, 5. Mərkəzdən kənara getdikcə yaşayış zonaları nisbətən seyrəkləşəcək, sıxlıq azalacaq. Bu gün Siz təməlini qoyduğunuz binalar.

Cənab Prezident, qeyd etdiyim aqropark şəhərin bu hissəsində yerləşəcək, 50 hektarlıq ərazi nəzərdə tutulur. Kiçik 20 hektarlıq sənaye zonası isə cənub hissədə.

Prezident İlham Əliyev: Burada kifayət qədər iş yerləri olacaq. Çünki 200 hektarlıq “Araz Vadisi Sənaye Parkına artıq təkliflər verilir. Biri də ki, şəhərin kənarında.

Anar Quliyev: Bəzi zonalar, məsələn, 17-ci zona perspektiv zona kimi saxlanılır, növbəti mərhələdə işlənəcək. Bəzi hissələr çox maraqlı, 9-cu, 10-cu zona kimi çox gözəl mənzərəyə malik olacaqdır. Çünki şəhərin relyefi elədir ki, təpələr üzərində yerləşir və yaşıllaşdırmaya böyük əhəmiyyət verilib. Yaşıl rəngdə gördüyümüz bütün ərazilər ümumilikdə 150-152 hektar təşkil edir. Bunların təxminən yarısı xüsusi meşə zolaqları salınacaq ərazilərdir. Amma şəhər boyu ilk baxışda parkın olmadığı təəssüratı yarana bilər. Amma biz bütün şəhəri park kimi düşünürük, çox geniş yaşıl zolaqlar salınacaq.

Prezident İlham Əliyev: İnanıram ki, çox yaxın gələcəkdə burada Türkiyə-Azərbaycan Dostluq Parkı da salınacaq. O harada yerləşəcək?

Anar Quliyev: Cənab Prezident, bu hissədədir, yuxarı hissədə. Həmin o Dostluq bulağı dördyoldadır və bu yolun üstündədir.

Əsas sosial obyektlərin yerləşəcəyi nöqtələr, məsələn, bu gün təməli qoyulan bina, məktəb buradadır. Cəmi üç məktəb olacaq, tünd göy rəngdə məktəblərin əhatə dairələri göstərilib. Elə yerləşmə nəzərdə tutulur ki, bütün hər kəs piyada rahat hərəkət edə bilsin.

Prezident İlham Əliyev: Sovet vaxtında da burada 3 məktəb var idi?

Sakin: Bəli, internatla bir yerdə 3 məktəb.

Anar Quliyev: Burada digər rənglərlə məktəbəqədər təhsil müəssisələri, açıq mavi rənglə daha çox sayda olacaq səhiyyə müəssisələri və sair göstərilir.

Bu üç əsas yol üzrə ictimai nəqliyyatın hərəkəti planlaşdırılır. Məşğulluq haqqında bir az daha detallı məlumat burada təqdim olunub. Aqropark, ümumiyyətlə, aqroparkın nümunələri verilib. Aqropark istehsal, emal, elmi-tədqiqat, avtoxidmət və ticarət üçün nəzərdə tutulub. Bunun çox böyük faydaları da var. Ölkə ərazisində artıq aqroparklar yaradılır.

Prezident İlham Əliyev: İlk növbədə, məşğulluq üçün gərək planlı şəkildə iş görək, camaat buraya qayıdandan sonra iş də olsun. Bir nəfər də işsiz olmamalıdır.

Anar Quliyev: Sənayeyə gəldikdə, düşünürük ki, tikinti materiallarının, qida məhsullarının, içkilərin istehsalı, toxuculuq, xalçaçılıq, metallurgiya, maşın avadanlıqlarının istehsalı və təmiri. Burada nəqliyyat sxemi təqdim olunub. Bayaq qeyd etdiyim kimi, bu yaşıl dəhlizlər boyu velosiped yolunun uzunluğu 18 kilometr təşkil edəcək. Piyada yolları üçün daha uzun məsafəli – 70 kilometrlik zolaq planlaşdırılır. Həm də yaşıl nəqliyyata çox böyük diqqət ayrılacaq.

Prezident: Elektriklə işləyən nəqliyyat.

Anar Quliyev: Bəli, elektriklə. Küçə, yol profilləri nümunələri göstərilib. Plan elə qurulub ki, hər bir hərəkət iştirakçısı – piyada da, avtomobil də, velosiped də bir-birinə maneə olmadan sərbəst hərəkət edə bilsin.

Prezident İlham Əliyev: Deməli, burada yaşıl nəqliyyatdan istifadə etməliyik.

Sakin: Mütləq.

Anar Quliyev: Ümumiyyətlə, Qarabağ ərazisində.

Prezident İlham Əliyev: Yaşıl məntəqələr, sonra avtobuslar.

Anar Quliyev: Bəli, elektromobillər, elektroavtobuslar. Ümumiyyətlə, Siz elan etdiyiniz kimi, bütün Qarabağ yaşıl enerji zonası olacaq.

Prezident İlham Əliyev: Bəli, yaşıl enerji zonası. Cəbrayıl və Zəngilan rayonlarının ərazisində 240 meqavatlıq Günəş Elektrik Stansiyası tikiləcək. Özü də BP şirkətinin vəsaiti hesabına. Görün, maraq nə qədər böyükdür. Artıq təhlil aparılıb. Cəbrayıl, Zəngilan günəşli günlərin sayına görə ən qabaqdadır.

Anar Quliyev: Cənab Prezident, bu, təməli qoyduğumuz xəstəxanadır. Səhiyyə, sosial obyektlərdir, üstdəki üç şəkil xəstəxanadır. Rayon mərkəzi xəstəxanası 150 çarpayılıq olacaq. Aşağıdakı şəkillər təməli qoyulan ilk orta məktəbdir. Eyni zamanda, tarixi olan bir məktəbdir. Akademik Mehdi Mehdizadə adına məktəb əvvəllər də bu yerdə fəaliyyət göstərib. On bir hektarlıq ərazidə planlaşdırma işlərinə başlanılıb. Bu, təməli qoyulmuş ilk binanın yerləşdiyi məhəllənin görüntüsüdür. Binalar dörd, beşmərtəbəli, bəzi yerlərdə altımərtəbəli olacaq. Bacardığımız qədər çalışdıq ki, tarixi görkəmi qoruyaq, fərdi evlərdə, çoxmənzilli binalarda o eyvanları əsas götürək.

Cənab Prezident, şəhərin təməl daşını qoymağınızı xahiş etmək istəyirik.

Prezident İlham Əliyev: Bəli, birlikdə.

Teqlər: