Prezident İlham Əliyevdən növbəti uğurlu gediş, Ermənistan son şansını da itirdi

Ötən gün region üçün növbəti tarixi hadisə reallaşdı. Azərbaycan
və İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması
haqqında Anlaşma Memorandumu imzalandı. Bununla da İran ərazisindən
keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan
arasında yeni kommunikasiya bağlantılarının yaradılmasının rəsmi
əsası qoyuldu.

Sənədə əsasən Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran
ərazisindən keçməklə Naxçıvan MR arasında yeni dəmir yolu,
avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı
xətlərinin yaradılacaq. Layihənin miqyası isə çox genişdir. Belə
ki, Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki
dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və
enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin
körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə
yerləşəcək.

İran və Azərbaycan ərazisində ən azı 1000 ədəd yük nəqliyyat
vasitəsini qəbul edə biləcək dövlət sərhəd buraxılış məntəqəsi
tikiləcək. Bununla da bütövlükdə regionun nəqliyyat-kommunikasiya
mənzərəsi dəyişir, Azərbaycan, İran və Türkiyəni birləşdirərək
Avrasiyada avtomobil, dəmir yolu, elektrik enerjisi xətti və
rəqəmsal bağlantıların daxil olduğu çoxtəyinatlı yeni dəhlizin
əsasını qoyur.

Bu tarixi sənədin imzalanması göstərdi ki, Azərbaycan Prezidenti
İlham Əliyevin dediyi kimi Zəngəzurun Naxçıvanla əlaqəsi istənilən
halda reallaşmış olacaq.

Növbəti dəfə uduzan isə Ermənistan oldu. Ermənistan siyasi
rəhbərliyinin yarıtmaz, qisasçı fəaliyyəti növbəti dəfə Ermənistanı
geniş miqyaslı bir layihədən kənarda qoydu. Düzdür, erməni
cəmiyyəti üçün bu ilk deyil, son 30 il ərzində Ermənistan
regiondakı bütün genişmiqyaslı layihələrdən kənarda qalıb. Lakin bu
fürsət Ermənistan üçün son ümid yeri idi. Nəzərə alsaq ki, 30 il
ərzində bütün beynəlxalq layihələrdən kənarda qalmış, İkinci
Qarabağ müharibəsində ağır məğlubiyyətə uğramış, iqtisadiyyatı
tənəzzül içində olan bir ölkəyə kənar investisiyalar, regional və
beynəlxalq layihələrə qoşulmaq hava-su kimi lazım idi.

Ermənistan isə bu tarixi fürsətdən istifadə edib, düşmənçiliyi
bir kənara qoymaq əvəzinə ilyarım ərzində Zəngəzur dəhlizinin
yaradılmasına əngəl törətdi. Ermənistan növbəti dəfə üzərinə
götürdüyü öhdəliklərdən boyun qaçırdı və etibarlı tərəfdaş ola
bilməyəcəyini bütün dünyaya növbəti dəfə göstərdi.

Azərbaycanın təklif etdiyi bu şans Ermənistan rəhbərliyi
tərəfindən yalnış “anlaşıldı”. Ermənistan bu təklifi Azərbaycana
təziq vasitəsi kimi istifadə edə biləcəyini düşündü və məsələni
yuvatmağa çalışdı. İndi isə Ermənistanın bu cəhdləri də uğursuzluğa
düçar oldu. Prezident İlham Əliyevin növbəti gedişi Ermənistanı və
havadarlarını mat elədi.

Ermənistan isə növbəti dəfə şansını itirərək mühüm geostrateji
əhəmiyyətə malik layihədən kənarda qaldı. Erməni cəmiyyəti bu
iqtisadi fürsətdən yararlanmamamğın fəsadlarını növbəti illərdə
ağrılı şəkildə hiss edəcək. Dünyada baş verən hadisələrin,
böhranların fonunda yaxın gələcək Ermənistan üçün heç də parlaq
görünmür. Erməni cəmiyyəti, Ermənistan siyasi rəhbərliyi bir daha
əsaslı şəkildə düşünməlidir – buna dəyərdimi?

Teqlər: