Xüsusilə sahibkarlara müraciət edirəm, qazanc dalınca getmək o
demək deyil ki, biz unikal şəhərimizi eybəcər binalarla korlayaq.
Biz buna imkan verməyəcəyik, qanunsuz tikililərə son
qoyulmalıdır.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev martın
3-də Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə
əlaqədar videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
“Bakı şəhərinin bütövlükdə memarlıq ansamblı unikaldır. Həm
coğrafi yerləşmə, həm Xəzər dənizinin kənarında yerləşməsi, eyni
zamanda, qədim abidələr, tarixi abidələr, müasir memarlıq
nümunələri Bakıda xüsusi bir aura yaradır. Əminəm, hər gələn qonaq
görür ki, Bakıda qədimliklə müasirlik arasında vəhdət var. Bakı
inkişaf edir, böyüyür və son vaxtlar Bakının memarlıq məsələlərinə
xüsusi diqqət göstərilir. Vaxt var idi ki, Bakıda inşa edilən
eybəcər, yöndəmsiz binalar göbələk kimi üzə çıxırdı. Heç bir
memarlıq normalarına uyğun gəlməyən, heç bir memarlıq əmsallarına
cavab verməyən bu yöndəmsiz binalar Bakının bəzi yerlərinin
simasını əfsuslar olsun ki, mənfiyə doğru dəyişmişdir. Ancaq son
vaxtlar bu məsələyə ciddi nəzarət var. Dövlət tərəfindən bütün bu
məsələlər tənzimlənir və icazəsiz, qanunsuz tikililərin sayı xeyli
azalıbdır. Amma hələ də belə hallar var və mən bütün qurumları,
dövlət qurumlarını və sahibkarları xəbərdar etmək istəyirəm ki,
buna yol verilməyəcək. Xüsusilə sahibkarlara müraciət edirəm,
qazanc dalınca getmək o demək deyil ki, biz unikal şəhərimizi
eybəcər binalarla korlayaq. Biz buna imkan verməyəcəyik, qanunsuz
tikililərə son qoyulmalıdır. Bu məsələyə nəzarət edən bütün
orqanlar bu işlərə çox ciddi yanaşmalıdır – Bakı Şəhər İcra
Hakimiyyəti, Bakı şəhərində yerləşən rayonların icra başçıları.
Əminəm ki, bundan sonra Bakı vahid memarlıq konsepsiya əsasında
inkişaf edəcək”.