Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin yaradılması ilə bağlı öz ərazimizdə bütün işləri iki il ərzində görəcəyik

Biz Azərbaycanda indi Zəngəzur dəhlizinin yaradılması ilə bağlı genişmiqyaslı işlərə başlamışıq. Zəngilana həm dəmir yolu çəkilir, həm də avtomobil yolu. İndi hava limanları tikilir. Ona görə hesab edirəm ki, biz öz ərazimizdə bütün işləri iki il ərzində görəcəyik.

AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

“Bu ilin əvvəlində, yanvar ayında Moskvada üçtərəfli görüş keçirildi. O görüşdə daha çox postmüharibə dövrü ilə bağlı məsələlər müzakirə olundu. Çünki müharibədən cəmi 2 ay keçmişdi. Ondan sonra prezidentlər səviyyəsində üçtərəfli görüş olmamışdır. Ancaq bir işçi qrup yaradıldı, Baş nazir müavinləri səviyyəsində. O qrup da, ilk növbədə, Zəngəzur dəhlizinin açılması ilə bağlı işlər görürdü. Ancaq iyunun əvvəlindən Ermənistan bu qrupda öz iştirakını bitmiş hesab etdi. Dedi, bu, seçkilərlə əlaqədardır. Seçkilər orada iyun ayında keçirildi. Ondan sonra avqustun ortasında ilk dəfə yenə də bu qrup yığışdı və yəqin ki, gələn ay yenə də yığışacaq.

Hesab edirəm ki, bu, önəmli formatdır. Çünki hələ ki, nəticə olmasa da, hər halda bir təmas var. İndiki şəraitdə təmas lazım olan vasitədir ki, bu müzakirələr əsnasında bir çox məsələlər həll oluna bilər. Biz Azərbaycanda indi Zəngəzur dəhlizinin yaradılması ilə bağlı genişmiqyaslı işlərə başlamışıq. Zəngilana həm dəmir yolu çəkilir, həm də avtomobil yolu. İndi hava limanları tikilir. Ona görə hesab edirəm ki, biz öz ərazimizdə bütün işləri iki il ərzində görəcəyik. Çünki burada işin həcmi çox böyükdür. Ermənistan ərazisində dəmir yolunun və avtomobil yolunun uzunluğu 40 kilometrdir. Bu, bir ilə, il yarıma çəkilə bilər. Yəni, biz bunu gözləyirik”.

Teqlər: