Zəngəzur dəhlizi bizim üçün və qonşu dövlətlər üçün əlavə
imkanlar yaradacaq.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 4-də
Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil
olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə
əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
“Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan
ibarət yol çəkilir. Bu da Şərqi Zəngəzur iqtisadi rayonundakı
rayonlar arasında birləşməni təmin edəcəkdir. Dəmir yoluna
gəldikdə, hazırda bizim sonuncu dəmir yolu infrastrukturu olan bu
istiqamətdə stansiyamız Horadizdir. Horadizdən Ağbəndə gedən dəmir
yolunun inşası artıq sürətlə aparılır və əminəm ki, gələn il tam
istismara veriləcəkdir. Bu da həm vətəndaşlar üçün, həm də
beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur
olacaqdır.
Biz həm Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası
ilə Zəngəzur dəhlizi vasitəsilə birləşdirəcəyik, tam yeni nəqliyyat
dəhlizi açılacaq. Nəzərə alsaq ki, son vaxtlar Azərbaycana Xəzər
dənizinin Şərq hissəsindən çoxlu müraciətlər daxil olub. Azərbaycan
ərazisindən yük göndərmək istəyənlərin həm sayı, həm də yüklərin
həcmi artır, əlbəttə, Zəngəzur dəhlizi bizim üçün və qonşu
dövlətlər üçün əlavə imkanlar yaradacaq.
Biz son illər ərzində, deyə bilərəm ki, təqribən 10-15 il
ərzində nəqliyyat sektoruna çox böyük əhəmiyyət vermişik. Məhz buna
görə bu gün istənilən yükü qəbul edə və onu tranzit kimi ötürə
bilərik, bunu edirik və bizim imkanlarımız daha da artacaq”.