Prezident İlham Əliyev: Zəngəzur dəhlizi artıq reallıqdır

Zəngəzur dəhlizinə gəldikdə, artıq bu dəhliz reallıqdır.
Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil
yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar
Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq
yükdaşımaları üçün yeni bir yol olacaq, beynəlxalq bir yol
olacaq.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 4-də
Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil
olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə
əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

“Eyni zamanda, hazırda Zəngilan rayonunda böyük infrastruktur
layihələri icra edilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib
hissəsi olan nəqliyyat infrastrukturunu mən qeyd etmək istərdim. Bu
il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir. Əminəm
ki, bu hava limanının çox böyük funksiyaları olacaqdır. Çünki biz
Zəngilanı gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi
görürük. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və
digər amillər bunu təmin edəcək. Azad edilmiş torpaqlarda Füzulidən
sonra ikinci hava limanının məhz Zəngilanda yaradılması əlbəttə ki,
coğrafi vəziyyəti nəzərdə tutur, buna əsaslanır, eyni zamanda,
bizim həm iqtisadi, nəqliyyat, həm də təhlükəsizliklə bağlı
məsələlərimizi həll etmək üçün vacib vasitə olacaqdır. Zəngəzur
dəhlizinə gəldikdə, artıq bu dəhliz reallıqdır. Zəngilan rayonunun
ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki
Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə
birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni bir
yol olacaq, beynəlxalq bir yol olacaq. Ona görə və eyni zamanda,
keçmiş məcburi köçkünlərin rahatlığı üçün biz dörd və altı zolaqdan
ibarət olan avtomobil yolunu sürətlə inşa edirik. Bu yolun
hissə-hissə istifadəyə verilməsi gələn ildən başlayacaq”.

Teqlər: