Prezident İlham Əliyev yeni təyin olunan icra başçılarını videoformatda qəbul edib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın
18-də Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra
Hakimiyyətinin başçısı, Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov
Rayon İcra Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir
Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar
videoformatda qəbul edib.

Dövlətimizin başçısı videoqəbulda çıxış edib:

– Bu gün siz icra başçıları vəzifəsinə təyin edilirsiniz. Bakı
şəhərinin Nizami, Nərimanov və Kürdəmir rayonlarına rəhbərlik
edəcəksiniz. Sizə böyük etimad göstərilir və əminəm ki, siz bu
etimadı doğruldacaqsınız, öz işinizlə vətəndaşların rəğbətini
qazanacaqsınız və ölkəmizdə gedən islahatları dərinləşdirmək üçün
əməli səylər göstərəcəksiniz.

İlk növbədə, rayonlarda vəziyyət dərindən təhlil edilməlidir,
mövcud problemlərə xüsusi diqqət göstərilməlidir. Son illər ərzində
ölkəmizin hər bir yerində genişmiqyaslı quruculuq-abadlıq işləri,
geniş islahatlar aparılır. Bildirməliyəm ki, 2004-cü ildə qəbul
edilmiş birinci Regionların Sosial-İqtisadi İnkişafı Dövlət
Proqramının və sonrakı dövrdə buna oxşar proqramların qəbul
edilməsi bölgələrdə vəziyyəti böyük dərəcədə müsbətə doğru
dəyişdirmişdir. Qarşıda duran əsas vəzifələr icra edildi,
infrastrukturla bağlı olan məsələlər, sosial obyektlərin təmiri,
tikintisi, ictimai yerlərin yaradılması, iş yerlərinin yaradılması,
işsizliyin aradan qaldırılması, yəni, bütün bu göstəricilər, eyni
zamanda, aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən qeyd
edilir və Azərbaycan ümumi inkişaf indeksinə görə inkişafda olan
ölkələr arasında qabaqcıl yerlərdədir, birinci üçlükdədir. Amma bu,
o demək deyil ki, biz əldə olunan nailiyyətlərlə kifayətlənək. Ölkə
qarşısında hələ də problemlər var və bu problemlər həll
olunmalıdır.

Bölgələrə gəldikdə, bölgələrdə canlanma və inkişaf imkan verdi
ki, Azərbaycanın bütün bölgələrində genişmiqyaslı işlər aparılsın.
Amma bu günə qədər mövcud olan problemlər də var, o cümlədən Bakı
şəhərində. Baxmayaraq ki, Bakı şəhəri gördüyümüz işlər nəticəsində
dünyanın ən gözəl şəhərlərinin birinə çevrilib. Bakıya gələn
qonaqlar və əlbəttə ki, yerli sakinlər bunu məmnunluqla qeyd
edirlər. Ancaq əgər biz desək ki, Bakının bütün problemləri həll
edilib, əlbəttə ki, səhv edərik. Bakı doğrudan da dünyanın ən gözəl
şəhərlərindən biridir. Ancaq Bakının bütün yerləri heç də bu
meyarlara cavab vermir. Ona görə xüsusilə inkişafa yönəlmiş
addımlar Bakının hər bir guşəsində atılmalıdır. İnsanları narahat
edən problemlərin həlli həm Bakıda, həm bölgələrdə ön planda
olmalıdır.

Siz daim insanlarla təmasda olmalısınız, onların problemlərini
onlardan eşitməlisiniz, laqeyd olmamalısınız. Yəni, bütün məmurlar
qarşısında mənim tərəfimdən qoyulan vəzifələr bundan ibarətdir.
Çünki hər bir dövlət məmuru Prezident başda olmaq şərti ilə xalqın
xidmətçisidir. Mən bunu dəfələrlə öz çıxışlarımda demişəm və icra
başçılarını vəzifəyə təyin edərkən demişəm. Ancaq əfsuslar olsun
ki, bəzi hallarda mənim təyin etdiyim vəzifəli şəxslər öz vəzifə
borcunu yerinə yetirmək əvəzinə qanunsuz işlərlə məşğul idi,
korrupsiya ilə, rüşvətxorluqla məşğul idi. Kasıb insanların malına
göz dikmişdilər, dövlət tərəfindən ictimai işlərə cəlb edilən
insanların maaşını mənimsəmişdilər. Bu vicdansızlıq və əxlaqsızlıq
nəticəsiz qalmadı. Bildiyiniz kimi, bir çox icra başçıları cinayət
məsuliyyətinə cəlb olunub, artıq bir çoxu məhkum edilib və
bəzilərinin cinayət işlərinin istintaqı davam edir.

Bu, təkcə icra hakimiyyəti başçılarına aid deyil, bütün
məmurlara aiddir. Heç kim qanundan yuxarı ola bilməz. Qanun
qarşısında hamı bərabərdir. Dövlət məmurunun üzərinə düşən vəzifə
və məsuliyyət onları dediyim prinsiplərə riayət etmələrinə sövq
etməlidir. Əks təqdirdə onlar cəzalandırılacaq və artıq gördüyümüz
işlər bunu təsdiqləyir. Böyük vəzifə böyük imtiyaz deyil, böyük
məsuliyyətdir. Ona görə bu məsuliyyəti dərk edərkən siz öz
addımlarınızı da bu istiqamətdə atmalısınız.

Kadr sahəsində kadrların düzgün seçilməsi böyük dərəcədə işlərin
uğurla getməsinə şərait yaradacaq. Ona görə kadrların seçilməsində,
ilk növbədə, insanların iş qabiliyyəti nəzərə alınmalıdır,
dövlətçiliyə, dövlətə sədaqət nəzərə alınmalıdır, vətənpərvərlik
nəzərə alınmalıdır. Tanışlıq, qohumluq əlaqələri və hansısa başqa
prinsiplər tamamilə aradan qaldırılmalıdır. Elə kadrlar
seçilməlidir ki, bu kadrlar dövlət məmurları qarşısında duran
vəzifələri şərəflə yerinə yetirsinlər. Eyni zamanda, qeyd etdiyim
kimi, vətənpərvər insanlar, dövlətə, xalqa bağlı olan insanlar,
əlbəttə ki, ön plana çıxmalıdır və kadr təyinatları aparılanda bu,
nəzərə alınmalıdır.

Vətən müharibəsində qəhrəmanlıq göstərmiş övladlarımızın
məşğulluq məsələləri də mənim göstərişimlə öz həllini tapır. Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahədə genişmiqyaslı
işlər görür – Məşğulluq Marafonu keçirilir. Mənim tərəfimdən
sahibkarlara tövsiyə edilib ki, işə qəbulda, ilk növbədə, Vətən
müharibəsində fərqlənmiş gənclərimizi nəzərə alsınlar. Əlbəttə ki,
dövlət qurumları qarşısında bu vəzifəni mən qoymuşam. Siz də bu
amili nəzərə almalısınız ki, öz canını fəda etməyə hazır olan
gənclərimiz işlə təmin edilsin. Onların peşə qabiliyyətinin
təkmilləşdirilməsi üçün müxtəlif tədbirlər görülməlidir. Yəni, biz
onları gələcək fəaliyyətə hazırlamalıyıq. Bir daha qeyd etmək
istəyirəm ki, kadr məsələlərinin düzgün təşkilində əsas prinsiplər,
bax, dediyim iş qabiliyyəti, vətənpərvərlik və dövlətçilik əsasları
olmalıdır.

Son vaxtlar özəl sektorun inkişafı nəticəsində biz daha böyük
uğurlara nail olmuşuq. Bu sahə deyə bilərəm ki, ilk günlərdən mənim
Prezident kimi fəaliyyətimdə önəmli yer tuturdu və məhz bunun
nəticəsində biz ümumi daxili məhsulumuzun əsasını, əksər hissəsini
indi özəl sektor tərəfindən, qeyri-neft sektoru tərəfindən təmin
edirik. Ancaq indiki şəraitdə, xüsusilə postmüharibə dövründə özəl
sektorun üzərinə daha böyük vəzifələr düşür. Əlbəttə ki, ilk
növbədə, onlar azad edilmiş torpaqlara fikir verməlidirlər və orada
öz işlərini qurmalıdırlar. Bu məsələ ilə bağlı mən artıq dəfələrlə
öz fikirlərimi demişəm və eyni zamanda, fəaliyyət göstərdikləri
bütün bölgələrdə fəal olmalıdırlar. Bu fəallığı dövlət təmin edir.
Mən Prezident kimi həmişə sahibkarlara dəstək olmuşam həm mənəvi
cəhətdən, həm də yaradılmış infrastruktur, güzəştli şərtlərlə
verilmiş kreditlər və digər addımlar atılmışdır. Yerlərdə isə
onlara elə şərait yaradılmalıdır ki, onlar həvəslə investisiya
qoysunlar, iş yerləri yaratsınlar. Bir sözlə, onlara maneçilik
törətmək yox, əksinə, kömək göstərmək lazımdır. Özəl sektorun
inkişafı ümumi iqtisadi siyasətimizin istiqamətlərini nəzərə
almalıdır.

Bir sözlə, baxmayaraq ki, biz böyük uğurlara nail olmuşuq, ölkə
qarşısında problemlər kifayət qədər çoxdur və yerlərdəki bu
problemlərin həlli böyük dərəcədə məmurlardan asılıdır. Çünki
dövlət və hökumət öz üzərinə nə düşürsə, onu edir. Eyni zamanda,
qanunvericilik orqanımız – Milli Məclis qanunlar qəbul edir.
Prezident sərəncamlar imzalayır, dövlət proqramları qəbul edilir.
Hökumət gündəlik fəaliyyətdə islahatların dərinləşməsi ilə bağlı
addımlar atır. Yəni, bütün lazımi tədbirlər görülür. Bundan əlavə,
bizim uğurlu siyasətimiz nəticəsində əldə edilmiş maliyyə
resursları buna imkan verir. Biz indi dünyada nadir ölkələrdənik
ki, heç kimdən asılı deyilik, iqtisadi cəhətdən tamamilə
müstəqilik, heç bir kreditə ehtiyacımız yoxdur. Əksinə, mən
göstəriş vermişəm ki, xarici dövlət borcumuz ildən-ilə azalsın və
keçən ilin nəticələrinə görə, ümumi daxili məhsulun cəmi 17 faizini
təşkil edir. Mən göstəriş vermişdim ki, onu 15, 12, 10 faizə
endirək. Yəni, bizim qarşımızda indi maliyyə problemlərimiz yoxdur
desəm, səhv olar. Ancaq, eyni zamanda, bütün bu işləri özümüz
görürük. O cümlədən Qarabağı və Zəngəzuru dirçəltmək üçün heç
kimdən bir manat yardım, yaxud da ki, kredit almamışıq. Yəni, bu,
onu deməyə əsas verir ki, sadəcə olaraq, yerlərdə işlər düzgün
təşkil olunduqda problemlər də öz həllini tapacaq.

Kürdəmir rayonunun kəndlərində mövcud olan problemlər təhlil
edilməlidir. İcra başçısı bütün kəndlərə getməlidir, insanlarla
görüşməlidir. Əgər hər bir kəndin problemi həll olunarsa, onda
demək olar ki, bütün problemlər həll olunar. O cümlədən Nizami və
Nərimanov rayonlarının bütün guşələrində işlər elə getməlidir ki,
bu rayonlar nümunəvi olsun.

Yerlərdə həlli mümkün olmayan problemlərin, – elə problemlər
təbii ki, var, – həlli üçün siz mərkəzi icra orqanlarına müraciət
etməlisiniz, həlli mümkün olan problemləri isə özünüz həll
etməlisiniz ki, insanlar sizdən razı olsun. İnsanlar sizdən razı
olsalar, mən də sizin işinizdən razı olacağam.

Bir daha demək istəyirəm ki, sizə böyük etimad göstərilir. Bu
təyinatı mən ictimaiyyət üçün açıq edirəm ki, hər kəs bir daha
görsün mənim tövsiyələrimi və sizin məsuliyyətinizi. Sizə uğurlar
diləyirəm.

X X X

Coşqun Cəbrayılov: Möhtərəm cənab Prezident,
mənə göstərdiyiniz bu böyük etimada görə Sizə öz dərin
minnətdarlığımı bildirirəm. Söz verirəm ki, fəaliyyətim dövründə bu
böyük etimadı doğrultmaq üçün var gücümlə çalışacağam.

Elgin Həbibullayev: Möhtərəm cənab Prezident,
mən də göstərdiyiniz bu böyük etimada görə dərin minnətdarlığımı
bildirirəm. Sizin Sərəncamınızla təyinat almaq həm böyük şərəf, həm
də çox böyük məsuliyyətdir. Sizin qarşıya qoyduğunuz bütün
vəzifələri icra etmək, böyük etimadınızı doğrultmaq üçün var
qüvvəmlə çalışacağıma söz verirəm.

Elxan İbrahimov: Möhtərəm cənab Prezident,
göstərdiyiniz bu böyük etimada görə Sizə dərin minnətdarlığımı
bildirirəm. İşimizi Sizin müəyyən etdiyiniz müasir idarəetmə
prinsipləri üzərində qurmaqla bu etimadı doğrultmağa
çalışacağam.

Prezident İlham Əliyev: Sağ olun.

Teqlər: