Yay Olimpiya Oyunlarında da biz bir daha ölkəmizin gücünü, idman
gücünü göstərəcəyik.
AzerTimes-ın məlumatına görə,
bunu Prezident İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə
Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini
qəbul edərkən deyib.
Dövlət başçısı bildirib: “Güləş, qeyd etdiyim kimi, hər birimiz
üçün çox əziz idman növüdür, yəqin ki, Azərbaycanda ən populyar, ən
məşhur idman növüdür. Ona görə həm məşqçilər, həm idman
federasiyasının nümayəndələri, Gənclər və İdman Nazirliyi bu amili
nəzərə alaraq güləşə əlbəttə ki, xüsusi diqqət verməlidirlər.
Əminəm ki, gələcək yarışlarda biz, əlbəttə, birinci sıralarda
olacağıq. Gələcək yarışlara gəldikdə isə iki ildən sonra Yay
Olimpiya Oyunları keçiriləcək. Vaxt az qalıb və hesab edirəm ki,
nəinki güləş, eyni zamanda, bütün idman növlərində lisenziya
qazanacaq idmançılar bu əsas yarışa indidən hazırlaşmalıdırlar,
düzgün təlim-məşq toplanışları, yarışlar müəyyən edilməlidir.
Əminəm ki, belə də olacaq və Yay Olimpiya Oyunlarında da biz bir
daha ölkəmizin gücünü, idman gücünü göstərəcəyik. Çünki Olimpiya
Oyunları, Yay Olimpiya Oyunları bütün idman yarışları arasında
əlbəttə ki, xüsusi yer tutur, fərqlənir. Hesab edirəm ki,
bütövlükdə növbəti Olimpiya Oyunlarında Azərbaycan çox uğurla çıxış
edə bilər. İndidən bir şey deyə bilmərəm, çünki hələ iki il vaxt
var, amma gərək bütün səylərimiz məhz bu məqsədə çatmaq üçün
hesablansın”.