İndi Azərbaycan ovaxtkı Azərbaycan deyil, Bakı indi dünyanın ən gözəl şəhərlərindən biridir. Azərbaycanda olan infrastruktur bir çox ölkələr üçün nümunə ola bilər. Ölkəmizin mədəni həyatı çox zəngindir və insanlar burada özlərini çox rahat hiss edirlər. Heç bir təhlükə yoxdur – sabitlik, əmin-amanlıq, xoş ab-hava.
AzerTimes xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev gənclərlə görüşdə xaricdə təhsil proqramı ilə bağlı sualı cavablandırarkən bildirib.
Dövlətimizin başçısının sözlərinə görə, hazırda Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır, əmək resurslarımız da həmçinin. “İndi bir çox azərbaycanlılar var ki, xaricdə işləyirlər, yaşayırlar. Mən bunu ancaq alqışlayıram. Nə qədər çox olsa, necə deyərlər, bizim adımızı onlar ucaldırlar. Amma, eyni zamanda, Azərbaycanda və xüsusilə Bakıda açılan yeni böyük müəssisələrdə və xidmət sektorundakı müəssisələrdə menecerlər, top menecerlər xaricilərdir. Bu, belədir. Mən demirəm ki, bu yaxşıdır, ya pisdir. Yenə deyirəm, Azərbaycan çox qonaqpərvər ölkədir, hər kəs üçün burada yer var və bunu alqışlayıram, onlar gəlirlər təcrübəni bölüşürlər. Amma, eyni zamanda, nə üçün xaricilərdir, çünki yerli kadrlar hələ ki, tam uyğun deyillər. Ona görə xaricdə aparıcı ali məktəblərdə təhsil alanlar gəlib burada həmin bu vakansiyalarda işləsinlər və Vətənə burada xeyir gətirsinlər”, – deyə Prezident İlham Əliyev qeyd edib.