Xalq Cəbhəsi-Müsavat bütün ölkələrlə münasibətləri yerə vurdular.
AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında söyləyib.
Dövlət başçısı bildirib:
“Biz hazırlıq dövründə əlbəttə ki, beynəlxalq vəziyyəti də öz xeyrimizə çevirməli idik. Çünki 1990-cı illərdə bilmirəm nədənsə, yəqin ki, bu da 1990-cı illərin əvvəlindən Xalq Cəbhəsi-Müsavat dövründən gələn bir fəsaddır, çünki onlar bir il ərzində demək olar ki, bütün ölkələrlə münasibətləri yerə vurdular. Bəzi ölkələrə qarşı iddialar irəli sürdülər, bizi bəzi qonşularımızla düşmən etdilər. Onlar idi günahkar, bunu biz açıq bilirik, onlar idi günahkar. Özlərini necə deyərlər, əlaltı kimi aparmaqla hesab edirdilər ki, özləri üçün bir sığınacaq yeri tapa bilərlər. Ona görə biz bu yaranmış stereotipləri dağıtmalı idik. Nə üçün hesab olunmalıdır ki, hansısa ölkə Ermənistanla yaxın münasibətlərdədir, Azərbaycanla yox. Nə üçün? Dedim ki, baxaq görək nədir bunun əsasında, bir fundamental məsələ var, bir fundamental ixtilaf var? Yoxdur. Sadəcə olaraq, ambisiyalar, səriştəsizlik, ağılsızlıq və xaricdən idarə olunma. O siqnalları xaricdən alırdılar ki, bu ölkə ilə yaxınlaşma, bu ölkə ilə yaxınlaşmaq olmaz, bu ölkədən uzaq dur. Beləliklə, yaşadığımız bölgədə Xalq Cəbhəsi-Müsavat cütlüyü bizi təcrid etdi. Biz təcrid edilmiş vəziyyətdə idik, Ermənistan yox. Amma biz nəyə gətirib çıxartdıq? İndi Ermənistan təcrid edilmiş vəziyyətdədir, biz isə bütün qonşularla çox səmərəli dostluq, mehriban qonşuluq əsasında münasibətlər qurduq və bu da bir hazırlıq idi. Mən bunu açıq demək istəyirəm, əgər bu sahədə hazırlıq işləri aparılmasaydı, İkinci Qarabağ müharibəsində çətinliklər ola bilərdi. Ermənistan isə özünü təcrid etdi. Yəni, biz onları regional layihələrdən, neft-qaz layihələrindən təcrid etdik, onların iqtisadiyyatını çökdürdük və bunu qürur hissi ilə deyə bilərik, bunu hər bir müstəqil iqtisadi ekspert deyə bilər ki, bunun əsas amili bizik, Ermənistanı qeyri-müəyyən, qeyri-sabit və gələcəyi olmayan ölkə kimi təqdim etdik. İqtisadi çətinliklər artdıqca oradan köç daha da geniş vüsət almışdır. Demoqrafik problemlər yarandı və bu, özlüyündə iqtisadi bazarın daralmasına gətirib çıxardı. İqtisadi bazar dar olanda heç kim investisiya qoymayacaq. Orada nəyə investisiya qoyacaq, əgər orada adam yoxdursa, pul yoxdursa? Sən bu investisiyanın gərək sonra pulunu çıxarasan, gərək bazar olsun investisiyaların pulunu çıxarmaq üçün. Bizdə isə əksinə. İnvestisiyalar böyük axınla gəlirdi, əhali artırdı, 10 milyona çatmışıq və baxın sovet dövründə bizim əhalimiz 7 milyon idi, Ermənistan əhalisi 3,5 milyon. İndi Ermənistan əhalisi 1,8, bizim əhalimiz isə 10 milyondur”.