Prezident İlham Əliyev Azərbaycan gəncləri ilə görüşdəki çıxışı ilə, həmçinin gənclərin suallarına verdiyi cavablarla qarşımızda gələcək üçün yeni yol xəritəsi müəyyənləşdirdi. Dövlətimizin başçısı səsləndirdiyi dəyərli fikirlərlə qarşısımızda yeni vəzifələr qoydu, bu istiqamətdə gələcək hədəfləri göstərdi.
Bunu Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsində Gənclər Fondunun rəhbəri Fərid Cəfərov bildirib.
Fondun rəhbəri qeyd edib ki, gənclərin Prezident İlham Əliyevlə görüşündə yaranan səmimi, sərbəst ortam, dövlət başçısının gənclərin suallarını geniş cavablandırması, onlara verdiyi qiymətli tövsiyələr heç vaxt unudulmayacaq təəssüratlar yaradıb:
“Prezident İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, Zəfərlə başa çatan Vətən Müharibəsində gənclərimizin rolu həlledici olub. Bu, Prezident İlham Əliyev tərəfindən Azərbaycan gənclərinə verilən ən böyük qiymət idi”.
F.Cəfərov həmçinin qeyd edib ki, Azərbaycan gəncliyi Prezident İlham Əliyevin hakimiyyəti illərində vətənpərvərlik, milli-mənəvi dəyərlər ruhunda yetişdi və bu amil ölkəmizin gələcəyi üçün son dərəcə əhəmiyyətlidir: “Bu gün gənclərimiz dövlət başçsının göstərdiyi etimadı doğrultmağa çalışır və bütün sahələrdə ölkəmizin maraqlarını qorumağa hazırdırlar. Prezident İlham Əliyev güclü, vətənpərvər gənc nəsil yetişdirməklə ölkəmizin gələcəyi üçün möhkəm təməllər atıb”.
Gənclər Fondunun rəhbəri qarşıda dayanan hədəflər, gənclər siyasəti, gələcəkdə bu istiqamətdə nəzərdə tutulan məsələlərlə bağlı da ətraflı söz açıb.
Müsahibənin videovariantını təqdim edirik.