Prezident İlham Əliyev: Vətən müharibəsi dövründə Pakistanın prinsipial mövqeyi Azərbaycan xalqı daim yüksək qiymətləndirir

Qardaş xalqlarımızın ortaq tarixi, dini köklərindən qaynaqlanan
və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Pakistan
əlaqələrinin mövcud vəziyyəti bizi sevindirir. Biz qarşılıqlı
etimad üzərində qurulmuş münasibətlərimizin inkişafına böyük
əhəmiyyət veririk. Ölkələrimizin beynəlxalq təşkilatlar
çərçivəsində bir-birinə göstərdiyi dəstəyi xüsusi qeyd etmək
istəyirəm.

Trend xəbər verir ki, bu fikir Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri
İmran Xana Pakistan Günü münasibətilə ünvanlandığı təbrik
məktubunda yer alıb.

Məktubda qeyd olunub: “Vətən müharibəsi dövründə Pakistanın
sərgilədiyi prinsipial mövqeyi, ölkəmizin haqq işinə verdiyi
siyasi-mənəvi dəstəyi Azərbaycan xalqı daim yüksək qiymətləndirir.
Biz işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı
yenidənqurma və bərpa işlərində Pakistan şirkətlərini də görmək
istərdik.

Bu gün iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, təhsil
və hərbi-texniki sahələrdə Azərbaycan-Pakistan əməkdaşlıq
münasibətlərinin genişləndirilməsi üçün əlverişli şərait mövcuddur.
Əminəm ki, bu imkanlardan istifadə edərək dövlətlərarası
münasibətlərimiz, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli
əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə
davam edəcək və möhkəmlənəcəkdir”.

Teqlər: