Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı görüş 4 saatdan çox davam edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da
Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla
görüşüb.

AzerTimes-ın məlumatına görə,
görüş 4 saatdan artıq davam edib. Dövlət başçıları müttəfiqlik
münasibətləri çərçivəsində bütün məsələləri geniş şəkildə müzakirə
ediblər.

Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin
parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və
dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf
etdiyi vurğulandı. Postmünaqişə dövründə Azərbaycan ilə Ermənistan
arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında
fikir mübadiləsi aparıldı. Həmçinin Zəngəzur dəhlizinin
açılmasının, onun region üçün yaratdığı perspektivlərin, bu xüsusda
Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin əhəmiyyəti qeyd
olundu.

Söhbət zamanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli
Bəyanatda təsbit olunmuş bütün müddəaların Ermənistan tərəfindən
icrasının vacibliyi qeyd edildi, Türkiyə və Ermənistan nümayəndə
heyətlərinin təmasları mövzusunda müzakirə aparıldı.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində
əməkdaşlığa toxunuldu, bu xüsusda Cənub Qaz Dəhlizinin uğurla
fəaliyyət göstərdiyi qeyd olundu, bu dəhliz vasitəsilə qardaş
ölkəyə və Türkiyə ərazisindən keçərək Avropaya qaz təchizatının
artırılması imkanları müzakirə edildi, həmçinin İğdır-Naxçıvan qaz
xəttinin çəkilməsi və bununla bağlı Azərbaycanın dövlət büdcəsində
investisiyanın nəzərdə tutulduğu vurğulandı.

Söhbət əsnasında iqtisadi-ticarət əlaqələrinin daha da
genişləndirilməsi barədə fikir mübadiləsi aparıldı.

Hərbi, hərbi texniki, o cümlədən hərbi təlim və tədris
sahələrində əməkdaşlığın uğurla davam etdirildiyi bildirildi,
qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu.

Görüşdə Ukraynadakı hadisələrlə bağlı fikir mübadiləsi aparıldı,
Türkiyə və Azərbaycanın, eyni zamanda, Prezident Rəcəb Tayyib
Ərdoğanın müharibənin tezliklə dayandırılması istiqamətindəki şəxsi
səyləri yüksək qiymətləndirildi.

Sonda Azərbaycan-Türkiyə müttəfiqlik əlaqələrinin inkişafından
bir daha məmnunluq ifadə olundu və Prezident İlham Əliyev Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət etdi.

Teqlər: