Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də – Anım Günündə Bakı şəhərində yürüş təşkil edilib.
AzerTimes-ın məlumatına görə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva yürüşdə iştirak ediblər.
Prezident İlham Əliyevin əlində tutduğu plakatda şəkli əks olunan şəhidimiz İbrahimli Adil Asəm oğludur. Adil İbrahimli 1992-ci il sentyabrın 9-da Sumqayıt şəhərində anadan olub. Azərbaycan Ordusunun baş leytenantı olan Adil İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Adil İbrahimli noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Prezident İlham Əliyevin ötən il dekabrın 9-da imzaladığı sərəncamı ilə, ona ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
Bundan başqa, dövlət başçısının digər sərəncamları ilə, o, ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Birinci vitse-prezident Mehriban Əliyevanın əlində tutduğu plakatda şəkli əks olunan şəhidimiz isə 10 aylıq Narin Teymur qızı Xalıqovadır. Narin Xalıqova ötən il oktyabrın 17-də erməni silahlı birləşmələrinin Azərbaycanın Gəncə şəhərini raket atəşinə tutması nəticəsində şəhid olub. N.Xalıqova ilə yanaşı, anası Sevil Xalıqova da həmin hücumda həyatını itirənlərdəndir.