Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə tanış olublar (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva mayın 10-da Şuşa Realnı Məktəbində həyata
keçiriləcək təmir-bərpa işləri ilə də tanış olublar.

Trend xəbər verir ki, təhsil naziri Emin Əmrullayev dövlətimizin
başçısına və birinci xanıma görüləcək işlər barədə məlumat
verdi.

Fəaliyyətə 1881-ci il sentyabrın 20-də başlayan Şuşa Realnı
Məktəbi həm tədrisi, təhsil ənənələri, həm də yetişdirdiyi görkəmli
şəxsiyyətlərlə bütün Cənubi Qafqazda seçilən təhsil ocaqlarından
biri idi. Əvvəlcə 6 sinifdən ibarət olan və 159 şagirdi qəbul edən
məktəbin Haşım bəy Vəzirov, Mirzə Salah bəy Zöhrabbəyov, Yusuf bəy
Məlikhaqnəzərov kimi pedaqoqları, İsmayıl bəy Səfibəyov,
Əbdürrəhman bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Cabbar bəy
Vəlibəyov, Xudadat bəy Məlik-Aslanov, Cavad bəy Məlik-Yeqanov,
Rüstəm bəy Axundov, Əhməd bəy Ağaoğlu, Soltan bəy Vəlibəyov, Xan
Şuşinski kimi parlaq yetirmələri olub.

Qeyd edək ki, xalqın maariflənməsi, elmə yiyələnməsi işində
müstəsna xidmətləri olan Şuşa Realnı Məktəbinin binasında sonradan
bir sıra digər təhsil müəssisələri fəaliyyət göstərib. Şuşa şəhəri
1992-ci ilin mayında işğal edildikdən sonra bir çox tarixi yerlərlə
bərabər bu məktəb də erməni vandalları tərəfindən yandırılaraq
xarabazara çevrilib.

Teqlər: