Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Suqovuşanda çəkilmiş müasir izolyasiyalı və mühafizəli kabel xəttinin təqdimatında iştirak ediblər

“Azərişıq” ASC tərəfindən Azərbaycanda ilk dəfə Tərtər rayonunun
Suqovuşan qəsəbəsinə çəkilmiş 35 kilovoltluq müasir izolyasiyalı,
kənar təsirlərdən mühafizəli və istismar xərcləri daha az olan
kabel xəttinin təqdimatı olub.

Trend xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təqdimatda iştirak
ediblər.

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına və
birinci xanıma layihə ilə bağlı məlumat verdi.

Diqqətə çatdırıldı ki, “Azərişıq” ASC tərəfindən ölkədə ilk dəfə
tətbiq edilən, müasir texnologiyalara əsaslanan 35 kilovoltluq
izolyasiyalı və mühafizəli kabel elektrik veriliş xətləri ənənəvi
hava elektrik xətlərinə nisbətən daha rentabelli və texniki
baxımdan şəbəkələrin dayanıqlı işini təmin etmək üçün əlverişli
innovativ həldir. Suqovuşan qəsəbəsinin elektrik enerji
təchizatında tətbiq edilmiş 35 kilovoltluq kabel xətti məhz belə,
müasir şəbəkə quruculuğu üçün əsas elementlərdən biridir. Belə ki,
izolyasiya olunmuş 35 kilovoltluq yeni tip xətlərin mühafizə zonası
3-6 metrdir və bu, mövcud xətlərə nisbətən 6-10 dəfəyə qədər azdır.
Mövcud naqillərdə texniki itkilər 9-12 faiz olduğu halda, müasir
tipli izolyasiya olunmuş kabellərdə itkilər 3,5-4 faiz təşkil edir.
Həmçinin şəbəkələrin saxlanma xərcləri 100 faizdən 30 faizə, illik
mal-material sərfi 100 faizdən 25 faizə endirilir. İzolyasiya
olunmuş kabellərdə qəza açılmalarının sayı və müddəti mövcud naqil
xətləri ilə müqayisədə 60 faizədək azdır.

Prezident İlham Əliyev: Bütövlükdə gələcəkdə
ölkəmizin bütün yerlərində bu sistemə keçmək lazımdır.

Vüqar Əhmədov: Cənab Prezident, Siz artıq
tapşırıq vermisiniz. Biz Bakıda da bunun üzərində işləyirik.

Bildirildi ki, yeni kabel xətlərinin tətbiqi yüksək gərginlik
xətlərinin bilavasitə altında, yaxud yaxınlığında yerləşən yaşayış
və əkin sahələrinin, həmçinin insanların fəaliyyət təhlükəsizliyi
dəfələrlə artır, təbiət hadisələrinin elektrik veriliş xətlərinə
təsiri aradan qalxır. İzolyasiya olunmuş yeni tip kabel xətlərinin
istifadəsi ümumilikdə ölkənin enerji sisteminin dayanıqlılıq,
etibarlılıq və səmərəlilik göstəricilərini beynəlxalq standartlara
yaxınlaşdırmağa imkan verir. Eyni zamanda, bu növ kabel xətlərinin
istənilən mühitdə, o cümlədən yeraltı, sualtı və hava ilə
çəkilişinin mümkünlüyü işğaldan azad edilmiş ərazilərdə qurulan
35/0,4 kilovoltluq innovativ paylayıcı şəbəkələrin istismarını
asanlaşdırmaqla yanaşı, dayanıqlı fəaliyyətini də tam təmin
edəcəkdir.

Teqlər: