Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 1-də Şamaxı rayonunda akademik Heydər Hüseynov adına Çarhan kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak ediblər.
Trend verir ki, məktəbin əvvəlki binası 1972-ci ildə inşa olunmuşdu. Orta təhsil müəssisəsi tədris üçün artıq yararsız vəziyyətə düşdüyündən Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəb üçün yeni binanın tikilməsinə qərar verildi.
Diqqətə çatdırıldı ki, 420 şagird yerlik məktəb binası 5 korpusdan ibarətdir. Burada sinif otaqları, fizika, kimya və biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, açıq idman meydançası var.
Qeyd edək ki, Heydər Əliyev Fondu elmin və təhsilin inkişafını daim diqqət mərkəzində saxlayır, bu sahədə dövlət tərəfindən görülən işlərə öz töhfəsini verir. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil sahəsində ardıcıl olaraq irimiqyaslı layihələr həyata keçirilir. Bu layihələr sırasına “Uşaq evlərinin və internat məktəblərinin inkişaf proqramı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” və “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları daxildir. Fondun bu proqramları çərçivəsində Şamaxı rayonunda da müxtəlif illərdə yeni təhsil ocaqlarının tikintisi, təmiri və lazımi avadanlıqla təmin edilməsi üzrə bir sıra layihələr reallaşdırılıb.