Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Rüstəm
Məmmədibrahim oğlu İbrahimbəyovun vəfatı ilə əlaqədar nekroloq
imzalayıblar.

Trend xəbər verir ki, nekroloqun mətnində
deyilir:

“Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir
Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi,
tanınmış nasir, dramaturq, ssenarist və rejissor, Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatları
laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Rüstəm
Məmmədibrahim oğlu İbrahimbəyov 2022-ci il martın 10-da ömrünün
84-cü ilində vəfat etmişdir.

Rüstəm İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində
anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1956–1962-ci
illərdə Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil almış,
əmək fəaliyyətinə 1962-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasında
başlamışdır.

Gənc yaşlarından ədəbiyyat və kino sənəti ilə yaxından
maraqlanan Rüstəm İbrahimbəyov Moskvada 1967-ci ildə ali ssenarist
kursunu, 1974-cü ildə ali rejissorluq kursunu bitirmişdir.

Rüstəm İbrahimbəyov müasir Azərbaycan ədəbiyyatının və
kinematoqrafiyasının görkəmli simalarındandır. O, çoxcəhətli
fəaliyyəti ilə ölkəmizin hüdudlarından kənarda da tanınmışdır.
Nəsrimizin yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı olan
Rüstəm İbrahimbəyov öz səmərəli yaradıcılığı ilə bədii-estetik
fikrin zənginləşməsində mühüm rol oynamış, yarım əsrdən artıq
müddət ərzində ədəbi-mədəni mühitin inkişafına töhfələr vermişdir.
Sənətkarın sosial-mənəvi problemləri, dramatik konfliktləri və
müasirlərimizin daxili aləmini həyat həqiqətləri əsasında ustalıqla
əks etdirən povestləri və hekayələri, pyesləri və ssenariləri
ədəbiyyatımızın və milli kino sənətinin məzmunca yeniləşməsində
əhəmiyyətli rol oynamışdır. Onun əsərləri əsasında 40-dan çox bədii
və televiziya filmləri çəkilmişdir. Mühüm sosial həqiqətlərdən söz
açan, rəngarəng və dolğun obrazlarla zəngin bu əsərlər özünəməxsus
dəst-xətti ilə seçilən sənətkara böyük oxucu və tamaşaçı
auditoriyasının rəğbətini qazandırmışdır.

Rüstəm İbrahimbəyovun ssenarist və rejissor olaraq
kinematoqrafiyanın inkişafında da təqdirəlayiq xidmətləri vardır.
Yazıçının ssenariləri əsasında çəkilən “Bir cənub şəhərində”,
“Səhranın bəyaz günəşi”, “İstintaq”, “Ad günü” və bir çox digər
filmlər geniş şöhrət tapmış, yüksək mükafatlarla təltif edilmişdir.
Onun həmmüəllif ssenaristi olduğu “Urqa” filmi 1991-ci ildə
Venesiya Beynəlxalq Kinofestivalının ali mükafatına, “Günəşdən
usanmışlar” filmi isə 1994-cü ildə Kann Beynəlxalq Kinofestivalının
ali mükafatına və 1995-ci ildə Amerika Kino Akademiyasının “Oskar”
mükafatına layiq görülmüşdür.

Rüstəm İbrahimbəyov bədii yaradıcılıqla yanaşı, eyni zamanda
ictimai fəaliyyət göstərmişdir. O, 1967–1981-ci illərdə Azərbaycan
Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin katibi, 1981–1985-ci
illərdə birinci katibi, 1986–1991-ci illərdə SSRİ Kinematoqrafçılar
İttifaqı İdarə Heyətinin katibi, 1990-cı ildən ömrünün sonunadək
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri olmuş, 1989-cu ildə
SSRİ Ali Sovetinin deputatı seçilmişdir.

Rüstəm İbrahimbəyovun xidmətləri dövlət tərəfindən yüksək
qiymətləndirilmişdir. O, 1976-cı ildə “Əməkdar incəsənət xadimi”,
1998-ci ildə “Xalq yazıçısı” fəxri adlarını almış, Azərbaycan
ədəbiyyatının və kino sənətinin inkişafındakı xidmətlərinə görə
Azərbaycan Respublikasının ali dövlət təltifi olan “Şöhrət”
ordeninə layiq görülmüşdür.

Görkəmli yazıçı və kino xadimi Rüstəm İbrahimbəyovun xatirəsi
onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Anar Kərimov

Anar Rzayev

Şəfiqə Məmmədova

Oqtay Mirqasımov

Ramiz Fətəliyev

Rasim Balayev

Hacı İsmayılov”.

Teqlər: