Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məşhur tarzən Sadıqcanın Şuşadakı evinin bərpası işləri ilə tanış olublar (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva mayın 10-da Şuşada məşhur tarzən, bəstəkar
və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın vaxtilə
yaşadığı evin bərpası işləri ilə tanış olublar.

Trend xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov
dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə
məlumat verdi.

Bildirildi ki, Şuşa şəhərinin mərkəzində, Mərdinli məhəlləsində
yerləşən bina ilkin görkəmini 80 faizə qədər itirib. Binanın qalan
hissələrində isə konstruktiv çatlar müşahidə olunur və qəza
vəziyyətindədir. Sadıqcanın evində də bərpa işlərini Heydər Əliyev
Fondu həyata keçirəcək. Dördbucaqlı plan quruluşu olan ev
ikimərtəbəlidir. Bina Şuşaya xas memarlıq üslubunda inşa
olunub.

Qeyd edək ki, 1846-cı ildə Şuşada anadan olan Sadıqcan
Azərbaycanın tanınmış tarzənlərindən biridir. O, tarı
təkmilləşdirərək ona cingənə və kök simləri əlavə edib, simlərin
sayını 5-dən 11-ə çatdırıb. Sadıqcan ilk dəfə tarı sinədə ifa
etməyə başlayıb. Məhz onun təkmilləşdirdiyi Azərbaycan tarı
Qafqazda və Orta Asiyada geniş yayılaraq milli musiqimizin rəmzinə
çevrilib. Sadıqcan, eyni zamanda, istedadlı bəstəkar idi. O, “Orta
Segah” və “Bayatı-Şiraz” muğamlarına bir neçə rəng bəstələyib.

x x x

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya
Şuşada yeni inşa olunacaq məscid kompleksinin layihəsi barədə də
məlumat verildi.

Bildirildi ki, məscidin layihəsi üzrə işlər başa çatıb və inşaat
işlərinə başlanılıb.

Teqlər: