Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də
Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil
olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə
əlaqədar videoformatda qəbul edib.
Trend xəbər verir ki, dövlətimizin başçısı qəbulda çıxış
edib.
Prezident
İlham Əliyevin çıxışı
– Siz bu gün Zəngilan rayonunda Prezidentin xüsusi nümayəndəsi
vəzifəsinə təyin edilirsiniz. Sizi təbrik edirəm və uğurlar
arzulayıram. Sizə böyük etimad göstərilir və siz bu etimadı öz
işinizlə doğrultmalısınız.
Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük
dağıntılara məruz qalmışdır. Ermənistan işğalçı qüvvələri Zəngilan
rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilan şəhərində
cəmi 1-2 salamat bina qalıb, o binalardan da Ermənistan işğalçıları
– hərbçilər istifadə edirdilər. Bir dənə də salamat kənd qalmayıb,
Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Bu, bir daha erməni
vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir, bir də onu
göstərir ki, Azərbaycan xalqı və Azərbaycan Ordusu bölgəmizi böyük
bəladan – erməni faşizmindən xilas etmişdir.
Zəngilan rayonunda, eyni zamanda, bütün tarixi-dini abidələrimiz
ermənilər tərəfindən dağıdılıb. Biz artıq tarixi-dini
abidələrimizin bərpası işinə başlamışıq. Heydər Əliyev Fondunun
maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə
təmir olunur, faktiki olaraq yenidən qurulur. Çünki bu məsciddən
cəmi bir divar qalmışdı. Yəni, Zəngilanda mövcud olan acı mənzərə
azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur.
Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan
rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi
köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Bildiyiniz kimi,
birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir.
Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd
olacaq. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və
ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Biz azad
edilmiş torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya
qayıdacaq insanlara hansı şəraiti yaratmaq istəyirik? Hər kəs
görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün
amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq
və gələcək inkişaf.
Eyni zamanda, hazırda Zəngilan rayonunda böyük infrastruktur
layihələri icra edilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib
hissəsi olan nəqliyyat infrastrukturunu mən qeyd etmək istərdim. Bu
il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir. Əminəm
ki, bu hava limanının çox böyük funksiyaları olacaqdır. Çünki biz
Zəngilanı gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi
görürük. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və
digər amillər bunu təmin edəcək. Azad edilmiş torpaqlarda Füzulidən
sonra ikinci hava limanının məhz Zəngilanda yaradılması əlbəttə ki,
coğrafi vəziyyəti nəzərdə tutur, buna əsaslanır, eyni zamanda,
bizim həm iqtisadi, nəqliyyat, həm də təhlükəsizliklə bağlı
məsələlərimizi həll etmək üçün vacib vasitə olacaqdır. Zəngəzur
dəhlizinə gəldikdə, artıq bu dəhliz reallıqdır. Zəngilan rayonunun
ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki
Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə
birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni bir
yol olacaq, beynəlxalq bir yol olacaq. Ona görə və eyni zamanda,
keçmiş məcburi köçkünlərin rahatlığı üçün biz dörd və altı zolaqdan
ibarət olan avtomobil yolunu sürətlə inşa edirik. Bu yolun
hissə-hissə istifadəyə verilməsi gələn ildən başlayacaq.
Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, işğal dövründə
Ermənistan rəhbərliyi Ermənistandan Cəbrayıla yol çəkmək istəyirdi.
Həmin bu yol təbii ki, Zəngilandan keçməli idi. Onların bu ümidləri
və ümumiyyətlə, bütün ümidləri gözlərində qaldı. Bildiyimə görə,
birzolaqlı kənd tipli bir yol çəkmək fikrində idilər. Biz isə
Horadizdən Zəngilana dörd və altızolaqlı magistral avtomobil yolu
çəkirik. Eyni zamanda, mövcud yol, yəni, sovet vaxtından qalan yol,
hansı ki, indi biz ondan istifadə edirik, o da əsaslı şəkildə təmir
olunacaq. Yəni, yeni çəkilən yol tam yeni və daha əlverişli
marşrutla keçir və yolboyunca yol infrastrukturu həm məsafə
baxımından daha əlverişli olacaq, həm də əlbəttə, vətəndaşlar bu
yolla rahat gedib-gələcəklər və beynəlxalq yükdaşıma məsələləri öz
həllini tapacaqdır.
Bununla yanaşı, Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir
çox zolaqdan ibarət yol çəkilir. Bu da Şərqi Zəngəzur iqtisadi
rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Dəmir
yoluna gəldikdə, hazırda bizim sonuncu dəmir yolu infrastrukturu
olan bu istiqamətdə stansiyamız Horadizdir. Horadizdən Ağbəndə
gedən dəmir yolunun inşası artıq sürətlə aparılır və əminəm ki,
gələn il tam istismara veriləcəkdir. Bu da həm vətəndaşlar üçün,
həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir
infrastruktur olacaqdır.
Biz həm Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası
ilə Zəngəzur dəhlizi vasitəsilə birləşdirəcəyik, tam yeni nəqliyyat
dəhlizi açılacaq. Nəzərə alsaq ki, son vaxtlar Azərbaycana Xəzər
dənizinin Şərq hissəsindən çoxlu müraciətlər daxil olub. Azərbaycan
ərazisindən yük göndərmək istəyənlərin həm sayı, həm də yüklərin
həcmi artır, əlbəttə, Zəngəzur dəhlizi bizim üçün və qonşu
dövlətlər üçün əlavə imkanlar yaradacaq.
Biz son illər ərzində, deyə bilərəm ki, təqribən 10-15 il
ərzində nəqliyyat sektoruna çox böyük əhəmiyyət vermişik. Məhz buna
görə bu gün istənilən yükü qəbul edə və onu tranzit kimi ötürə
bilərik, bunu edirik və bizim imkanlarımız daha da artacaq.
Digər vacib məsələ məşğulluqla bağlıdır. Ağalı kəndində bu
məsələ nəzərdə tutulub. Bu il orada yeni müəssisələrin yaradılması
nəzərdə tutulur. Mən göstəriş vermişdim ki, keçmiş məcburi
köçkünlər Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq
üçün imkan olsun – həm kənd təsərrüfatında, həm də dövlət və özəl
şirkətlər tərəfindən yaradılmış müəssisələrdə insanlar
çalışacaqlar. Azad edilmiş torpaqlarda bizim kənd təsərrüfatı ilə
bağlı çox böyük planlarımız var. İndi hər kəs yaxşı görür və bilir
ki, ərzaq təhlükəsizliyi ön plana çıxır. Son illərdə bu istiqamətdə
bir çox işlər görülüb. Ancaq hələ ki, biz özümüzü tam şəkildə,
yəni, 100 faiz ərzaqlıq buğda ilə və bütövlükdə taxılla təmin edə
bilmirik. Əminəm ki, görüləcək əlavə tədbirlər nəticəsində idxaldan
asılılıq böyük dərəcədə azalacaq. Burada əsas məsələ həm
məhsuldarlıq, sudan düzgün istifadə edilməsi, eyni zamanda, azad
olunmuş torpaqlarda əkin yerlərinin düzgün seçilməsi və orada
aqrotexniki xidmətin göstərilməsidir.
Azad edilmiş ərazilərin təbii iqlimi və coğrafiyası elədir ki,
orada həm heyvandarlıqla çox genişmiqyaslı məşğul olmaq olar,
xüsusilə Laçın, Kəlbəcər, o cümlədən Qubadlı, Zəngilan
rayonlarında, həm də əkinçiliklə daha çox Ağdam, Füzuli, Xocavənd,
Cəbrayıl və eyni zamanda, Zəngilan, Qubadlı rayonlarında. Azad
edilmiş ərazilərdə birinci aqropark məhz yenə də Zəngilan rayonunda
yaradılır. Keçən il mən qardaşım, Türkiyə Cümhuriyyətinin
Prezidenti ilə birlikdə “DOST Aqropark” adlandırılan aqroparkın
təməlini qoyduq. Bu yaxınlarda aqroparkın fəaliyyəti ilə bağlı mənə
məlumat verildi. Çox şadam ki, hər şey plan üzrə gedir. Bu,
birinci, nümunəvi bir aqropark olacaq. Əminəm ki, azad edilmiş
torpaqlarda aqroparkların sayı çox olacaq. Necə ki, indi sənaye
zonaları yaradılır həm Cəbrayıl rayonunda, həm Ağdam rayonunda.
Hesab edirəm ki, Zəngilan rayonunda əsas məşğulluq və
iqtisadiyyatın əsas hissələrindən biri də kənd təsərrüfatı
olmalıdır. Çünki təbii iqlim çox əlverişlidir və yenə də “DOST
Aqropark”ın timsalında biz azad edilmiş bütün torpaqlarda gələcəkdə
yaradılacaq mənzərəni görməliyik.
Eyni zamanda, azad edilmiş hər bir rayonda kəndlərin bərpası ilə
bağlı işlərə artıq start verilmişdir. Bu haqda bu yaxınlarda
ictimaiyyətə məlumat verilmişdir. Biz kəndləri də planlı şəkildə
bərpa edəcəyik. Biz bu prosesi də mərhələlərə böldük. Birinci
mərhələdə hansı kəndlər qurulacaq, ikinci mərhələdə və sair.
Əlbəttə, kəndlərin qurulması da planlı şəkildə aparılmalıdır. Yəni,
kortəbii yox, sistemli şəkildə. Ona görə hər bir yeni yaradılacaq,
bərpa ediləcək kəndin baş planı olmalıdır və baş planlar hazırda
hazırlanır. Necə ki, şəhərlərin baş planları, o cümlədən Zəngilan
şəhərinin, eləcə də kəndlərin baş planları hazırlanacaq. Azad
edilmiş bütün torpaqlarda görüləcək bütün işlər ancaq baş planlar
əsasında olmalıdır. Baş plandan kənar bir dənə də daş daş üstə
qoyulmamalıdır, bir dənə də qanunsuz tikili olmamalıdır. Yəni, biz
nümunəvi bir yaşayış məkanını yaradırıq. Həm Azərbaycan üçün, həm
dünya üçün nümunəvi bir təcrübə sahibi olacağıq. Ona görə hər şey
şəffaf, tenderlər və baş planlar əsasında yaradılacaqdır. Ona görə
azad edilmiş bütün rayonlarda, o cümlədən Zəngilan rayonunda da bu
işlərə artıq hazırlıq gedir.
Ermənistan işğal dövründə işğal altında olan torpaqların
ekologiyasına da böyük zərər vurmuşdur və mən həmin rəqəmləri
səsləndirmişdim. Əlli-altmış min hektar meşə ilə örtülü sahə
tamamilə məhv edilmişdir. Biz bunu peyk vasitəsilə müşahidə
edirdik. Xüsusilə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında
meşələrin kütləvi surətdə qırılması prosesi gedirdi. Yəni, bu,
faktiki olaraq vəhşilik və talançılıqdır. Ermənistanın işğal
dövründə çirkin əməllərini təsvir etmək üçün, hesab edirəm ki, bu
iki ifadə ön planda olmalıdır – vəhşilik və talançılıq. Zəngilanda
da bu mənfur işlər görülmüşdür və bunun nəticəsində təbiətə çox
böyük ziyan vurulmuşdur.
Hər kəs yaxşı bilir ki, Avropada ərazisinə görə ikinci ən böyük
çinar meşəsi Zəngilan rayonunda olub – Bəsitçay təbiət qoruğu. O
Bəsitçay təbiət qoruğunun böyük hissəsi məhv edilib və mən
Zəngilanda olarkən o kəsilmiş ağacların kötüklərini görmüşəm və
eyni zamanda, yandırılmış ağacları da görmüşəm. Eyni çirkin
əməlləri onlar Kəlbəcər və Laçın rayonlarında müharibədən dərhal
sonra etmişdilər. Onlara möhlət verilmişdi o ərazilərdən çıxmaq
üçün, iyirmi gün vaxt verilmişdi. O günləri onlar yenə də bəd
əməllər üçün istifadə etmişdilər. Onlara məxsus olmayan,
azərbaycanlıların tikdirdikləri və onların qanunsuz yaşadıqları
evləri məhv etmiş, yandırmış, ağacları kəsmiş, yandırmışlar. Bütün
əşyaları ya məhv etmiş, ya da ki, söküb aparmışlar. Bu biabırçı
kadrlar xarici kanallar vasitəsilə də görüntüləndi və hər kəs görə
bildi ki, onlar hansı əşyaları özləri üçün əziz bilib tələm-tələsik
çıxartmağa nail olmuşdular. Amma, eyni zamanda, ağacları kəsib
yandırmışdılar.
Biz Bəsitçay təbiət qoruğunun bərpasına başladıq. Mən tarixi
Zəfərdən sonra ilk dəfə Zəngilanda olanda orada ağaclar əkmişəm.
Göstəriş verilib və təbii ki, biz Bəsitçay təbiət qoruğunu bərpa
edəcəyik. Amma, buna, əlbəttə ki, çox vaxt lazım olacaq.
Eyni zamanda, Ermənistan Zəngilandakı və digər rayonlardakı
qızıl və digər qiymətli metallar yataqlarını da vəhşicəsinə
istismar etmişdir. Zəngilanda Vejnəli qızıl yatağını vəhşicəsinə
istismar etmişdir. Oranı da ekoloji fəlakət zonasına çevirmişdir və
qanunsuz olaraq orada çıxarılan qızıl xaricə aparılıb
satılmışdır.
Biz indi bütün hüquqi prosedurlara start vermişik. Mən bu haqda
Azərbaycan ictimaiyyətini məlumatlandırmışdım. Bir cinayət də
cavabsız qalmayacaq. Birincisi, biz dəymiş bütün ziyanı
hesablayırıq, bütün şəhər və kəndlərimizin pasportlaşdırılması
prosesi gedir. Hər bir binanın, yaxud da ki, o binadan qalan
dağıntıların video-foto çəkilişi aparılır. Bu, sübutdur və biz
beynəlxalq məhkəmələrə də müraciət etmək əzmindəyik, hazırlıq
işləri gedir. Həmçinin Vejnəli qızıl yatağının xarici vətəndaşlar
tərəfindən, o cümlədən erməni əsilli xarici vətəndaşlar tərəfindən
qanunsuz istismar edilməsi onlara baha başa gələcək. Biz o
adamların adlarını bilirik. Biz onları dünya qarşısında ifşa
edəcəyik və bizə təzminat ödəyəcəklər. Vurulmuş ziyanın təzminatını
mütləq ödəyəcəklər.
Eyni zamanda, təbii fəlakət zonaları arasında yenə də Zəngilanın
ərazisindən keçən Oxçuçay çayının taleyini biz əfsuslar olsun ki,
ürək ağrısı ilə dilə gətiririk. Oxçuçay da Ermənistanın ekoloji
terroruna məruz qalmışdır. Əfsuslar olsun ki, bir xarici şirkət də
bu ekoloji terrorun ermənilərlə birlikdə müəllifi olmuşdur.
Oxçuçayın sarı rəngə boyanması artıq mətbuatda dəfələrlə dərc
edilib, həm foto, həm videogörüntülər var. Yəni, Ermənistanda
istismar edilən mis kombinatının bütün axıntıları Oxçuçaya
təmizlənmədən ötürülürdü. Bu, cinayətdir, bu, ekoloji terrordur.
Bunu kim edib? Ermənistanın keçmiş rəhbərliyi. Çünki həmin o mis
kombinatının səhmdarları Ermənistanın keçmiş rəhbərliyinə yaxın
olan və qohumluq əlaqələri olan adamlardır. Biz bilirik ki, bu mis
kombinatının işlənilməsi korrupsiya sxemləri əsasında olub. Təəssüf
ki, beynəlxalq auditə subyekt olan xarici şirkət də bu korrupsiya
əməllərində iştirak edib.
Ermənistan rəhbərliyinə gəldikdə, onların hər bir addımı, hər
bir hərəkəti biabırçılıq olub. Amma beynəlxalq auditlə işləyən
beynəlxalq şirkət bu çirkin əməllərə əl atırsa, burada həmin o
şirkətin yerləşdiyi ölkələrin hüquq-mühafizə orqanlarının işi
olmalıdır. Biz bir neçə dəfə o şirkətin adını çəkmişik, bu gün də
çəkə bilərəm: “Cronimet” şirkəti. Nə üçün bu günə qədər reaksiya
verilmir? Nə üçün Almaniyanın hüquq-mühafizə orqanları bu şirkətin
əməllərini araşdırmır? Biz axı, rəsmən müraciət etmişik. Həm də
həmin “Cronimet” şirkətinə müraciət etmişik: gəlin, təmizləyin bu
ekoloji terrorun fəsadlarını. Cavab yoxdur. Hüquq-mühafizə
orqanlarından cavab yoxdur. Axı, biz bilirik ki, Avropada
ekologiyaya nə qədər böyük diqqət göstərilir. Biz bilirik ki,
havanın yarım dərəcə istiləşməsi indi bütün dünya, Avropa üçün
böyük problem kimi qəbul edilir. İqlim dəyişikliyi problemi bu gün
dünya gündəliyinin diqqətini cəlb edib. Amma burada açıq-aşkar
görünür ki, təmiz qaynaqlardan axan çay sarı rəngə boyanır. Yəni,
oradan götürülən nümunələr, o cümlədən işğal dövründə götürülən
nümunələr bunu göstərir. Birinci olaraq erməni ekoloqları bu
məsələni qaldırmışdılar. Onlar qeyd edirdilər ki, burada təbii
fəlakət baş verir. Əlbəttə ki, onlar Azərbaycana, necə deyərlər,
xoş münasibət göstərən adamlar deyildilər, onlar hesab edirdilər
ki, bu torpaqlar Ermənistanın əlində əbədi olacaq. Ona görə məsələ
qaldırmışdılar və əvvəlki rəhbərliyi, kriminal xunta rejimini –
Serjik Sarkisyanı və onun qohumlarını ittiham etmişdilər. Onların
da əlində sübutlar var. Amma bir addım atıldı? Yox.
Ona görə bu məsələni də indi bizim mərkəzi icra orqanları
qaldırıblar və məşğul olurlar. Əlbəttə ki, siz mənim nümayəndəm
kimi bütün bu məsələləri daha dərindən təhlil etməlisiniz və
vurulmuş ziyanın ödənilməsi, məhkəmə və hüquq iddialarının
qaldırılması ilə bağlı öz töhfənizi verməlisiniz. Əlbəttə, bu, əsas
məsələlərdir, bu, ilkin mərhələdə görüləcək işlərdir, o cümlədən
minatəmizləmə işləri. İndi bizim müvafiq qurumlarımız bu işlə
məşğul olurlar. Əlbəttə ki, mənim yerlərdəki nümayəndələrim də
burada fəal iştirak etməlidirlər, öz köməklərini
göstərməlidirlər.
Qarşıda duran digər vəzifələr, əlbəttə ki, ilk növbədə, keçmiş
məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtmaları
ilə bağlıdır. Burada da dövlət nə mümkünsə edir, bütün güclər
səfərbər olunub. Maliyyə vəsaiti səfərbər edilib. Keçən il və bu il
bu məqsədlər üçün hər il üzrə 2,2 milyard manat vəsait nəzərdə
tutulub, yəni, toplam 4,4 milyard manat. Bu il bizim iqtisadi
inkişafımız daha sürətlidir və ilin birinci rübündə iqtisadiyyat
təxminən 7 faiz artıb, gəlirlərimiz də artıb. Ona görə mən hesab
edirəm ki, təxirəsalınmaz işlərin görülməsi üçün biz əlavə vəsait
ayırmalıyıq. Azad edilmiş torpaqların bərpası üçün əlavə vəsait
ayırmalıyıq. Hökumətə bu məsələ ilə bağlı göstəriş verildi. Yəqin
ki, yaxın gələcəkdə biz bunu rəsmən təsdiqləyəcəyik ki, daha çox
işi bu il görə bilək. Hələ, deməli, ilin 4 ayı keçib, görüləcək
işlər çoxdur. Ona görə keçmiş məcburi köçkünlərin qaytarılması üzrə
birinci layihə, qeyd etdiyim kimi, yaxın zamanlarda icra olunacaq.
Digər layihələrə də mütləq başlamaq lazımdır.
Zəngilan şəhərinin Baş planının ilkin versiyası mənə təqdim
edilmişdir. Prinsip etibarilə bu, məqbuldur. Amma, əlbəttə ki,
göstəriş vermişəm ki, daha geniş diskussiyalar, müzakirələr
aparılsın. Siz də təbii olaraq bu işlərə dərhal qoşulun. Zəngilan
şəhərinin Baş planı bütün müasir memarlıq normalarını ehtiva
edəcək. Həm xarici görünüşü çox gözəl olmalıdır, rahatlıq
olmalıdır, həm də bütün ekoloji standartlar burada təmin
edilməlidir və tətbiq olunmalıdır. Zəngilan şəhəri və ümumiyyətlə,
Zəngilan rayonu təbiət nöqteyi-nəzərindən çox gözəl olduğu üçün
yeni yaradılacaq şəhər də bu gözəlliyi özündə təcəssüm
etdirməlidir. Ona görə Baş planın qəbul edilməsi, təsdiq olunması
və ondan sonra işlərin daha sürətlə getməsi, əlbəttə ki, təmin
ediləcəkdir.
Zəngilanda kənd təsərrüfatının inkişafı ilə bağlı çox böyük
imkanlar var. Mən artıq bəzi fikirlərimi bildirmişəm. Amma rayonun
bütün kənd təsərrüfatı potensialı tam dəqiqliyi ilə təhlil
edilməlidir və ora qayıdacaq keçmiş məcburi köçkünlər üçün də
tövsiyələr verilməlidir. Əlbəttə ki, burada mərkəzi icra orqanları
– Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ekologiya və
Təbii Sərvətlər Nazirliyi və mənim nümayəndəm kimi siz birgə
işləməlisiniz. Zəngilan rayonunun kənd təsərrüfatı potensialının
maksimum dərəcədə realizə etmək üçün tövsiyələr verilməlidir –
harada hansı iş görülməlidir? Əlbəttə ki, sovet vaxtında orada kənd
təsərrüfatı ilə bağlı aparılan işlər təhlil edilməlidir. Ancaq
təbii ki, bu, bizim üçün əsas ola bilməz. Çünki o vaxt tam fərqli
aqrotexniki imkanlar, tam fərqli texnologiyalar var idi. Biz
Zəngilan rayonunda kənd təsərrüfatı sahəsinə ən qabaqcıl
texnologiyaları gətirməliyik və bunu mən mərkəzi icra orqanları
qarşısında vəzifə kimi qoymuşam – dünyada ən mütərəqqi texnologiya
nədirsə, o, bizdə olmalıdır, xüsusilə azad edilmiş ərazilərdə.
Çünki 30 ilə yaxın insanlar torpaq həsrəti ilə yaşamışlar,
Ermənistan onların ömrünün böyük hissəsini oğurlamışdır. Onlardan
minlərlə, on minlərlə insan öz doğma torpağını görməyib, həsrətlə
həyatdan gedib. Ona görə oraya qayıdacaq insanlar üçün xüsusi
şərait yaradılmalıdır. Kənd təsərrüfatı həm məşğulluq, həm ərzaq
təhlükəsizliyi, həm də ixrac deməkdir.
Zəngilan rayonu həmsərhəd rayondur, həm İranla, həm Ermənistanla
və Naxçıvana da məsafə çox yaxındır. Zəngəzur dəhlizinin işə
düşməsi nəticəsində, eyni zamanda, Zəngilan rayonundan İran İslam
Respublikasına keçən yollar nəzərə alınmaqla ixrac bazarlarına
Zəngilanda yetişdiriləcək malların çox böyük çıxış imkanı var və
biz bundan maksimum faydalanmalıyıq. Çünki Zəngilandan Ordubada
gedən dəmir yolu, avtomobil yolu, o cümlədən İran ərazisinə keçir,
– mart ayında müvafiq Memorandum imzalanmışdır, – eyni zamanda,
Ermənistan ərazisindən də mütləq keçməlidir və əminəm ki,
keçəcəkdir. Ona görə ixrac bazarlarına yaxınlığı, əlbəttə ki, əlavə
imkanlar yaradır, həm ixrac üçün, həm də idxal üçün. Yerli
istehsalın genişləndirilməsi üçün, əlbəttə ki, ixrac malları da
gətirilməlidir, texnologiyalar gətirilməlidir.
Təbiətin qorunması, əlbəttə ki, ön planda olmalıdır. Zəngilan
rayonunun çox gözəl təbiəti var, füsunkar təbiəti var və təbiət
nöqteyi-nəzərdən hesab edirəm ki, ölkəmizin ən gözəl rayonlarından
biridir. Təbii ki, Zəngilan rayonunda böyük turizm potensialı
vardır. Çünki gözəl meşələr, dağlar, bulaqlar, çaylar və beynəlxalq
hava limanı, dəmir yolu, avtomobil yolları bütün bunlar böyük bir
sərvət olacaq. Zəngilan rayonunun turizm potensialı, əlbəttə ki,
digər rayonlarda yaradılacaq turizm imkanları ilə də
uzlaşdırılmalıdır. İndi Zəngilan, Qubadlı, Laçın yolu ilə Şuşa
şəhərinə də məsafə çox qısa olacaq, çox rahat olacaq. Yəni,
Zəngilan rayonunun turizm imkanları dərindən təhlil edilməlidir,
təxirəsalınmaz işlərə biz dərhal başlamalıyıq. Yeni otellər,
istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf
etdirilməlidir. Bu, oraya qayıdacaq insanlar üçün də məşğulluq və
gəlir mənbəyi olacaq. Yəni, burada dünyada və xüsusilə Avropada
mövcud olan ən mütərəqqi prinsiplər tətbiq edilməlidir, bütün
sahələrdə. Mən, sadəcə olaraq, əsas sahələri qeyd edirəm. Amma
bütün sahələrdə ən mütərəqqi təcrübə, ən şəffaf mexanizmlər,
insanlar üçün rahatlıq təmin edilməlidir və belə olan halda biz
istədiyimizə nail olacağıq. İstədiyimiz isə odur ki, keçmiş məcburi
köçkünlər tezliklə öz dədə-baba torpaqlarına qayıtsınlar, orada
rahat yaşasınlar və maksimum çox adam oraya qayıtsın, orada
yaşasın. Biz elə şərait yaratmalıyıq ki, onlar da həvəsli olsunlar.
Biz İkinci Qarabağ müharibəsindən sonra keçmiş məcburi köçkünlər
arasında sorğu keçirmişik ki, biz bilək, nə qədər insan qayıtmaq
istəyir, çünki görüləcək işlər, tikilən binalar buna uyğun
olmalıdır. Şadam ki, keçmiş məcburi köçkünlərin mütləq əksəriyyəti
qayıtmaq üçün öz fikirlərini bildirmişlər. Amma, əlbəttə ki, onlar
təxminən 30 il Bakıda, Sumqayıtda, başqa yerlərdə yaşayıblar, bu
yaşayışa öyrəşiblər, onların işləri var, onların uşaqlarının
məktəbləri var, nəvələrinin məktəbləri var. Biz bunun hamısını başa
düşürük və bir yerdən başqa yerə köçmək o qədər də asan məsələ
deyil. Amma, əminəm ki, Vətən sevdası onları oraya aparacaq. Biz
elə etməliyik ki, onlar oraya gedən zaman orada özlərini rahat hiss
eləsinlər.
Mən bir daha sizi bu yüksək vəzifəyə təyin olunmağınız
münasibətilə təbrik edirəm, uğurlar arzulayıram.
X X X
Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid
Hacıyev dedi: Çox sağ olun, möhtərəm cənab Prezident.
Sizə dərin təşəkkürümü bildirirəm. İlk növbədə, göstərdiyiniz
etimada görə təşəkkür edirəm və fəaliyyətimə verdiyiniz qiymət
mənim üçün ən böyük şərəfdir.
Bu ərazilərdə, Şərqi Zəngəzurda görüləcək işlər hər birimiz üçün
çox şərəfli olacaq. Yəni, Sizin rəhbərliyinizlə, Sizin
tapşırdığınız prinsipləri əsas götürməklə biz sevimli Qarabağın
inkişafı üçün əlimizdən gələni edəcəyik. Mən də bir qarabağlı
olaraq bütün təcrübə və potensialımdan istifadə edib həmin
ərazilərin inkişafı üçün əlimdən gələni əsirgəməyəcəyəm.
Cənab Prezident, Sizin kimi müdrik siyasi Liderin rəhbərliyi
altında çalışmaq mənim üçün ən böyük şərəfdir. Yüksək etimadınıza
görə Sizə bir daha dərin təşəkkürümü bildirmək istəyərdim. Çox sağ
olun.
Prezident İlham Əliyev: Sağ olun.