Prezident İlham Əliyev: Ulu Öndərin ordu quruculuğu sahəsində gördüyü işlərin nəticəsində Azərbaycan Ordusu demək olar ki, sıfırdan yaranmağa başlamışdır

Ulu Öndərin ordu quruculuğu sahəsində gördüyü işlərin
nəticəsində Azərbaycan Ordusu demək olar ki, sıfırdan yaranmağa
başlamışdır və illər keçdikcə ordumuz öz gücünü artırmışdır.

Trend xəbər verir ki, bunu Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyev hərbi hissənin şəxsi heyəti qarşısında çıxışı zamanı
deyib.

Dövlət başçısı bildirib:

“Bunu biz işğal dövründə müxtəlif zamanlarda görmüşük, o
cümlədən Aprel döyüşlərində. Aprel döyüşləri işğalçılar üçün bir
mesaj, bir siqnal idi ki, işğala son qoyun, torpaqlarımızdan çıxın,
rədd olun. Bizim Aprel döyüşlərindəki qələbəmizdə xüsusi
təyinatlıların çox böyük xidmətləri olmuşdur. Ancaq əfsuslar ki,
Aprel hadisələri işğalçılar üçün dərs olmadı. Onlar işğalı
əbədiləşdirmək üçün öz səylərini davam etdirdilər və işğalı əbədi
etmək üçün Azərbaycana, Azərbaycan Silahlı Qüvvələrinə hədə-qorxu
gəlməyə davam etdilər. Bizi yeni müharibə ilə hədələyən düşmən
İkinci Qarabağ müharibəsində öz dərsini aldı. “Qarabağ
Ermənistandır və nöqtə” deyən düşmən bu gün “Qarabağ Azərbaycandır”
deyir. Nəyin hesabına? Danışıqlar hesabına yox! Güc hesabına,
qüdrət hesabına, Azərbaycan Ordusunun Zəfəri hesabına! Biz güclü
ordu yaratmışıq. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq.
Mən Prezident kimi öz səlahiyyətlərimi icra etməyə başlayan zaman
demişdim ki, mənim üçün Prezident və Ali Baş Komandan kimi birinci
vəzifə ordu quruculuğudur. Çünki torpaqlarımız işğal altındadır,
danışıqlara ümidlərimiz tükənib və güc yolu ilə biz bu məsələni
həll etməliyik. Bunu illər boyu bəyan edirdim, çalışırdım
Ermənistan rəhbərliyi, nəhayət anlasın ki, Azərbaycan xalqı və
Azərbaycan rəhbərliyi, Azərbaycan Ordusu bu işğalla heç vaxt
barışmayacaq. Bunu rəsmən bəyan edirdim ki, nəyin bahasına
olursa-olsun, torpaqlarımızı düşmənin əlindən alacağıq, ərazi
bütövlüyümüzü bərpa edəcəyik. Belə də oldu”.

Teqlər: