Prezident İlham Əliyev: Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi

Digər önəmli amil Heydər Əliyevin Naxçıvan dövrü ilə bağlıdır. Çünki o vaxt Naxçıvan həm Ermənistanın hücumlarına, eyni zamanda, o vaxtkı Azərbaycan rəhbərliyinin əsassız hücumlarına, təqiblərinə məruz qalırdı. Faktiki olaraq blokada şəraitində yaşayan respublika işıqsız, qazsız, susuz, heç bir maddi imkanı olmadan yaşayırdı və Heydər Əliyev amili burada əsas rol oynayırdı.

Trend xəbər verir ki, bu barədə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında Ulu Öndərin Naxçıvan dövrü barədə danışarkən deyib.

“Ermənilər nə qədər cəhd etsələr də, Naxçıvanda öz istəklərinə nail ola bilmədilər. Halbuki Qarabağdan sonra onların növbəti hücum hədəfi Naxçıvan idi. Heydər Əliyev və onun ətrafında birləşmiş insanlar Naxçıvanı qoruya bildilər, düşməni yerinə oturtdular və orada sərhəddə gedən şiddətli döyüşlərdə qalib gəldilər”, – deyə Prezident vurğulayıb.

Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımlarının xalq tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdıran Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev deyib: “O vaxt Azərbaycan Respublikasında Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdi və bu referendumun nəticələri kobudcasına saxtalaşdırılmışdı. Sanki Azərbaycan xalqı müstəqillik istəmir, sanki Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşamaq istəyir. Bu, absurd idi. Çünki 20 Yanvar hadisələri hələ təzəcə baş vermişdi, Azərbaycana qarşı edilən ədalətsizlik, Dağlıq Qarabağdan və ondan sonra ətraf bölgələrdən azərbaycanlıların qovulması, Ermənistandan azərbaycanlıların qovulması – bütün bunlar Azərbaycan xalqının qəlbində yara kimi qalmışdı. Belə olan vəziyyətdə hansı vətənpərvər insan müstəqilliyin əleyhinə səs verə bilər? Yəni, tam saxtalaşdırılmışdır. Ancaq Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev referendumun keçirilməsinə imkan verməmişdir. Bu, böyük cəsarət, qəhrəmanlıq tələb edən addım idi”.

Prezident qeyd edib ki, o vaxt Bakıda sovet Azərbaycanının bayrağı altında oturan rəhbərlik sanki o keçmişdən ikiəlli yapışmışdı və onu buraxmaq istəmirdi. Ancaq Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı rəsmi bayraq kimi təsis edildi.

Teqlər: