Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də
Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu
qəbul edib.
Trend xəbər verir ki, Türkiyənin xarici işlər nazirini
salamlayan Prezident İlham Əliyev dedi:
-Xoş gəlmisiniz, hörmətli Mövlud bəy. Vətəninizə xoş gəlmisiniz.
Şadam ki, yenə də görüşmək imkanımız oldu.
Əlbəttə ki, bu gün Türkiyə-Azərbaycan müttəfiqlik əlaqələrinin
gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparacağıq. Üç aydan
sonra biz Şuşa Bəyannaməsinin birinci ildönümünü qeyd edəcəyik. Bu,
tarixi bir sənəddir. Əslində Türkiyə-Azərbaycan əlaqələri hər zaman
müttəfiqlik səviyyəsində idi və müttəfiqlik xalqlarımızın
qəlbindədir. Sadəcə olaraq, biz keçən il Şuşada bunu rəsmən
təsdiqlədik.
Bu gün və bundan sonrakı illərdə daim Türkiyə-Azərbaycan
qardaşlıq əlaqələri həm xalqlarımız üçün, həm bölgə üçün böyük önəm
kəsb edəcək. Çünki təkcə ikitərəfli formatda yox, bölgə
təhlükəsizliyi üçün bizim əlaqələrimizin çox böyük əhəmiyyəti var.
Türkiyə və Azərbaycan birgə səylərlə bizim bölgəmizdə gələcək
inkişafı təmin edir, təhlükəsizliyi təmin edir, xalqlarımızın rahat
həyatını təmin edir. Aramızda olan əlaqələr o qədər şaxəlidir ki,
onların hər birini sadalamaq üçün çox vaxt lazım olacaq. Biz sözün
əsl mənasında müttəfiqik, qardaşıq və dünya miqyasında bizim
əlaqələrimizə bənzəri olan əlaqələr yoxdur. Dünya miqyasında
Türkiyə və Azərbaycan qədər bir-birinə canla, qanla bağlı olan
ikinci ölkələr yoxdur. Bu, bizim böyük sərvətimizdir və bunu biz
qoruyuruq, gücləndiririk, istənilən vəziyyətə hazırıq və hər zaman
bir-birimizin yanındayıq.
Ona görə sizi bu gün görmək mənim üçün çox xoşdur. Bildiyiniz
kimi, cənab Prezident Rəcəb Tayyib Ərdoğanla biz daim təmasdayıq,
daim telefon əlaqələri saxlayırıq, görüşürük və gələcək
addımlarımızı birgə atırıq. Bir daha xoş gəlmisiniz.
X X X
Mövlud Çavuşoğlu: Cənab Prezidentimiz, əvvəla
bizi qəbul etdiyiniz üçün Sizə təşəkkür edirəm, minnətdarlığımı
bildirmək istəyirəm. Qardaşınız, hər zaman təmasda olduğunuz
Prezidentimiz Ərdoğanın səmimi salamlarını çatdırmaq istəyirəm. İki
gün əvvəl Brüsselə gedərkən oradan da Bakıya gələcəyimi söylədikdə
“Biz onsuz da qardaşımla davamlı görüşürük, amma sən salamlarımı da
çatdır” demişdi.
Cənab Prezident, Şuşa Bəyannaməsini hazırlamaq və imzalamaq
sizlərin fikri idi. Biz də Ceyhun qardaşımla birlikdə bunun
üzərində çalışdıq və təxminən bir il əvvəl – doqquz ay əvvəl
qardaşınız – Prezidentimiz Ərdoğan ilə birlikdə imzaladınız.
Təxminən bir ay əvvəl iki gün ara ilə iki Məclisdə də bunun
təsdiqlənməsi əslində sizin ortaya qoyduğunuz bu iradəni daha da
gücləndirdi. Xalqımızın təmsilçilərinin də buna səs verməsi önəmli
idi. Bunun da koordinasiyasını biz bir yerdə sizin tapşırığınızla
etdik.
Şuşa Bəyannaməsi, – həqiqətən də biz onsuz da təbii müttəfiqik,
– bir millət, iki dövlətə yaraşan kimi oldu. Cənab Prezident, bunu
sizin imzalarla sadəcə rəsmiləşdirdik. Bunun içərisindəki
məsələlərin həyata keçirilməsi istiqamətində də biz qardaşlarımızla
səylə çalışırıq. Təkcə xarici işlər nazirləri deyil, bütün
qurumlarımız çalışır, konkret addımlar atmalıyıq. Sizin də
söylədiyiniz kimi, bizim aramızda əlaqələrin güclənməsi yalnız iki
ölkənin və xalqın əlaqələrinin güclənməsinə, ya da marağına deyil,
bölgənin sabitliyi və əmin-amanlığına da çox faydası olacaq. Bu
səbəbdən biz Şuşa Bəyannaməsində yer alan məsələləri bölgədəki
ölkələrlə münasibətlərimizdə də əksini tapması üçün üçtərəfli,
dördtərəfli formatlarda çalışacağıq.
Təbii ki, bölgəmizdə mühüm proseslər yaşanır, bu proseslərin
təsirləri var. Bundan başqa, burada Sizin Zəngəzur dəhlizi daxil
olmaqla həyata keçirəcəyiniz önəmli layihələr var. Bütün bu
məsələlərdə gördüyümüz işlər haqqında məlumat vermək və bundan
sonra birlikdə hansı addımları atacağıq, onları birlikdə
dəyərləndirmək üçün bu gün Bakıya gəldim.
Bizə vaxt ayırdınız. Buna görə də Sizə bir daha təşəkkürlərimi
bildirmək istəyirəm, cənab Prezidentim.
Prezident İlham Əliyev: Sağ olun.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidentinin
salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını
Prezident Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.