Prezident İlham Əliyev: Türkiyənin Azərbaycana göstərdiyi dəstək həmişə bizim qəlbimizdə yaşayacaqdır

Türkiyənin Azərbaycana göstərdiyi dəstək həmişə bizim qəlbimizdə yaşayacaqdır.

AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 10-da Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

“44 gün davam edən İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstək, əlbəttə, həmişə bizim xatirimizdə olacaqdır, bizim qəlbimizdə yaşayacaqdır. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından bizə verdiyi dəstək bizi ruhlandırdı və bəzi xarici qüvvələrin bu müharibədən kənarda durmasını təmin etdi.

Bizim əlaqələrimiz çoxşaxəlidir. Siz burada fəaliyyət göstərən səfir kimi əlbəttə ki, bu əlaqələrin nə qədər dərin olmasını yaxşı bilirsiniz. Elə bir sahə yoxdur ki, o sahədə biz əməkdaşlıq etməyək. Son illərdə bütün sahələrdə böyük inkişaf var. Artıq bizim vətəndaşlarımızın qardaş ölkələrə pasportsuz, yəni, daxili sənədlə səfər etməsi, əlbəttə ki, əlaqələrimizin nə qədər dərin olmasından xəbər verir.

Sizin buradakı fəaliyyətiniz həm bir səfir, həm də bir türk vətəndaşı kimi böyük təqdirlə qarşılanır. Siz burada özünüzü vətəninizdəki kimi hiss etmisiniz, bu da təbiidir. İndi demək istəyirdim ki, vətənə qayıdırsınız, əslində, siz vətəndəsiniz və hər zaman burada sizin yeriniz var, bizim ürəyimizdə yeriniz var. Bilirəm ki, Azərbaycan ictimaiyyəti, Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatlar, media nümayəndələri, rəsmi şəxslər sizin fəaliyyətinizə çox böyük qiymət verirlər, o cümlədən mən. Çünki bu illərdə, əlbəttə ki, həm burada, həm Türkiyədə çoxsaylı səfərlərim əsnasında sizin fəaliyyətinizin şahidi olmuşam və görmüşəm. Bilirəm ki, siz bütün səylərinizi iki qardaş xalqın bir-birinə daha yaxın olmasına istiqamətləndirmisiniz”.

Teqlər: